"HARDANSA BİR DƏLƏDUZU TAPIB, SOCAR-a İŞƏ DÜZƏLMƏK..." - Vitse-prezident

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xalik Məmmədov "Facebook" üzərindən ARDNŞ-ə işə qəbulla bağlı maraqlı bir çağırış edib. Vitse-prezident ARDNŞ-ə işə qəbul prosesinin şəffaf olduğunu bildirib və iddialıları dələduzların toruna düşməməyə səsləyib. "AzPolitika" Xalik Məmədovun sözügedən statusunu təqdim edir:

"Bu mövzuda mən, İRD-nin rəisi A.Bəkirli dəfələrlə mətbuatda və sosial şəbəkələrdə bilgi verməyimizə baxmayaraq, görünür ki, hələ də bəzi insanlar digər aldananların acı təcrübələrindən dərs almamışlar. Bir daha yazıram: SOCAR da işə qəbul olunmaq üçün heç bir vasitə axtarmaq, qohum axtarmaq, tanış tapmaq lazım deyil. Yetər ki, elan olunmuş vakansiya şərtlərinə uyğun biliyin, bacarığın olsun və müsahibə zamanı biliyini tam təqdim edə biləsən. Bu qədər sadə, bu qədər asan və tam şəffaf.

Amma hardansa bir dələduzu tapıb, onun şirin dilinə aldanıb varını-yoxunu verəsən ona ki, SOCAR-a işə düzələcəyəm... bu mümkün deyil və olmur. Sonra da yazırlar ki, aldanmışam, evimi yıxmışam, borc almışam... Daha nələr yazmırlar, ürək ağrısız oxumaq olmur... Əlbəttə, aidiyyatı üzrə həmin məktubları hüquq-mühafizə orqanlarına göndəririk. Çox vaxt dələduzlar məsuliyyətə cəlb olunurlar. Amma zərərçəkmiş insanların haqları qaytarılırmı? Bəs əsəb gərginliyi, itirilmiş vaxt, vəsait, nüfuz...

Hələ öz məqsədlərinə çatmaq üçün bu DƏLƏDUZLAR həyasızcasına təmiz, vicdanlı, zehmətkeş və ictimaiyyətdə nüfuz sahibi olan vəzifəli şəxslərin adına xələl gətirəcək yollara da əl atırlar. İnsanları aldatmaq üçün "filankəsin qohumuyam, filankəsin qonşusuyam, filan vəzifəli şəxsin kəndçisiyəm" kimi yalanlara inanmazdan qabaq soruşan yoxdur ki, sən o filankəsin vasitəsi ilə bir adamı işə düzəldə bilmisənmi. Odur ki, aldadan cinayət törədir, aldanan da günahsız deyilmiş..."

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar