6-cı “KALON”da DƏHŞƏTLİ İŞGƏNCƏLƏR HAQDA İDDİALAR – “Döyürlər, asırlar…”

Dərc olunub: 29/07/2017 - 12:30

78Dustaqların qohumları: “Deyirlər ki, bizdən müalicə, yemək istəmə, şikayət yazma. Öl, qal burada”

Penitensiar Xidmət məsələni araşdıracaqlarını deyir…

Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində dəhşətli işgəncələr haqda musavat.coma məlumatlar daxil olub. 2012-ci ildən 6 saylı cəza çəkmə müəssisəsində saxlanılan Tahir Şəmməd oğlu Həsənovun qardaşı İmran Həsənov deyib ki, müəssisədə saxlanma şəraitinin son dərəcə ağırlığına etiraz edən dustaqları döyür, işgəncə verir, günlərlə asılı vəziyyətdə saxlayırlar.

“… Əllərinə qandal vurub dəmir ”raşotka”dan asırlar”

“6-cı ”kalon”da məhkumlara yemək verilmir. Sadəcə, içində su olan bir qab verirlər, içində də 2-3 makaron olur. Mənə zəng edir, xəstə adamdır, deyir ki, nə yemək tapa bilirəm, nə müalicə edirlər, deyir, mənə kömək elə, qardaş. Mənim əlim heç yerə çatmır. Kasıb adamam, 3 uşağım var, kirayədə yaşayıram. Dövlət rəsmiləri çıxıb deyirlər ki, hər bir dustağın saxlanılmasına ayda 420 manat pul xərclənir. Hara gedir bu pullar? Qardaşım orada dustaqlardan qənd-çay dilənir. 400-500 məktub özü yazıb, bir o qədər də mən yazıb müraciət etmişəm. Həmin məktublara görə qardaşımı lüt soyundurub əllərinə qandal vurub dəmir “raşotka”dan asırlar. 2-3 gün həmin vəziyyətdə saxlayırlar. Başa düşürsüz, asırlar! Bu, orada adi haldır. Bəlkə sizə qəribə gələr, amma 6-cı “kalon”da məhkumu döyüb asmaq adi hal, qaydadır. Döyürlər, asırlar, deyirlər ki, bizdən müalicə, yemək istəmə. Şikayət yazma. Öl, qal burada”.

“… Onların ayaqlarına düşüb, yalvarıb ki, məni müalicə edin”

İmran Həsənov deyir ki, qardaşı 2012-ci ildə həbsə alınanda sağlam olub. Bu gün isə o, çoxsaylı xəstəliklərdən əziyyət çəkir: “Zob, əsəb, yuxusuzluq, ürəksıxılma ən yüngül xəstəlikləridir. Həbsdə olarkən dişi ağrıyıb. İlham adlı həkim dişini çəkib. Sonradan məlum olub ki, həkim ona Hepatit virusu keçirib. Mədə-bağırsağında ciddi problemlər var, böyrək, prostat ağrılarından əziyyət çəkir, sidiyini saxlaya bilmir. Həbsdə olduğu 5 il ərzində 25 dəfə Məhkumların Müalicə Müəssisəsində olub. Lakin orada heç bir müalicə almayıb. Çünki həkimlər onu, sadəcə, müalicə etməyiblər. Pulumuz yoxdur ki, onu orada öz hesabımıza müalicə etdirək. Orada dəfələrlə olmuşam. Adı müalicə müəssisəsi olsa da, orada əsasən sağlam məhkumları saxlayırlar. İmkanlı məhkumlar türmələrdə cəza çəkə bilmirlər. Buna görə də aya 300-400 manat ödəyib ora gəlirlər, orada dincəlirlər. 25 dəfə müalicə müəssisəsində olduğu müddətdə qardaşıma heç bir yardım göstərilməyib. Bu faktdır. Müalicə müəssisəsində 7-8 həkim var, başda rəis Elgiz İsmayılov, müavini Xəyyam, rejim rəisi Əhməd, terapevt həkimlər – Ramiz, Aqşin, Mehman Qədirov, Anar. Feyruz, Məhərrəm, Hafiz, Səadət Əzizova Elgiz onların ayaqlarına düşüb yalvarıb ki, məni müalicə edin. Həkimlər də deyir ki, iynə-dərman yoxdursa, nə edək?
Qardaşım da deyir ki, diaqnoz qoyun, müalicə kursu yazın, iynə-dərmanı evdən aldırıb gətizdirək. Qardaşım bütün bu xəstəliklərə həbsdə tutulub. 2012-ci ildə orada bir xəstəliyə tutulub, müalicə etməyiblər. Həmin xəstəlikdən bir başqa xəstəlik törənib. Yardım etməyiblər 5 il ərzində. Ədliyyə Nazirliyindən tutmuş Ombudsman Aparatına, Tibb Baş İdarəsinə dəfələrlə məktublar yazıb. Gəliblər, yoxlayıblar, ört-basdır edib, göz yumub gediblər. Bununla bağlı Ədliyyə Nazirliyinə, Tibb Baş İdarəsinə, Penitensiar Xidmətə müraciətlər etmişik. Xeyri olmayıb”.

“… Rəis, bu yeməyi insan yeyər?”

İmran Həsənov bildirir ki, şikayətlərə görə qardaşına dəhşətli işgəncələr verilir: “Xəstə adamı aparıb lüt soyundurublar. Qardaşıma deyiblər ki, niyə şikayət edirsən?! Dəfələrlə əllərinə qandal vurub vəhşicəsinə döyüblər. Sonuncu dəfə fevralın 28-də asıblar qardaşımı. Həmin gün qardaşım ona verilən yeməyi götürüb və rəis müavininin yanına gedib. Deyib ki, rəis, bu yeməyi insan yeyər? Buna görə rəisin müavini Rasim müəllim, ”zampolit” Zahid müəllim vurublar qardaşımı. Dəyənəklə otaqlarında döyüblər, sonra da aparıb “kars”a salıblar, orada da döyüblər. Bizim şikayət etməyə yerimiz qalmayıb. Mən məcbur olub mətbuata üz tutmuşam. Qardaşım Azərbaycan vətəndaşıdır. Azadlıqdan məhrum edilib. Onun həyatdan məhrum edilməsinin qarşısı alınsın”.

“… Aparıb lüt soyundururlar, döyüb sol qulağını partladıblar, sol gözünü əziblər”

Image result for 6-cı kalonda
6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Xocalı qaçqını, şəhid ailəsinin üzvü, erməni əsirliyində olmuş Elgün Əhliman oğlu Qəhrəmanovun yaxınları da işgəncələrdən şikayətçidirlər. E.Qəhrəmanovun bibisi Rahilə Rəşid qızı Hacıyeva deyir ki, qardaşı oğlu 2012-ci ildə qonşusu ilə davaya görə həbs olunub. 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
“Anası Rəsmiyyə İntizam qızı Qarayeva yataq xəstəsidir. Qalmışıq onun dərdinə çəkək, yoxsa Elgünün üzləşdiyi zülm-zillətlə mübarizə aparaq. 2013-cü ildən 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Həmin vaxtdan yeməkxanada işləyir. Dustaqlar üçün yemək bişirir. Ailəlidir. Aparıb döyüblər, sol qulağını partladıblar. Döyənlər rəis müavini Zahid Bədəlxanov və müəssisənin digər işçiləridir. Səbəb isə odur ki, Elgün deyib ki, yemək pisdir, yeməyə heç nə yoxdur, hər şey pulladır. Belə yaşayış olmaz. Bunu görə aparıb lüt soyundurublar, döyüb sol qulağını partladıblar, sol gözünü əziblər.
İndi sol gözü həddən artıq zəifləyib. 6 ay 14 gün ailəliklə erməni əsirliyində olmuşuq, Elgünün bacısının gözünü ermənilər çıxarıb. Əmisini gözlərinin qarşısında işgəncə ilə öldürüblər. Bilirik ki, erməni düşməndir. Bəs 6-cı “kalon”da işləyənlər kimdir? Nə millətidirlər?”

“Elgün üzləşdiyi zülmlərə görə orada 2 dəfə özünü asıb”

Rahilə Hacıyeva deyir ki, qardaşı oğlunun üzləşdiyi qanunsuzluqlar, işgəncələrlə bağlı hər müraciətləri onlara daha artıq işgəncə xəbəri eşitdirir: “Şikayət yazırıq, özü yazır, gedib guya yoxlayırlar. Elgünü məcbur edirlər ki, yazsın ki, guya onun heç bir şikayəti yoxdur. Elgün üzləşdiyi zülmlərə görə orada 2 dəfə özünü asıb. Aidiyyəti qurumların rəhbərlərinin 6-cı ”kalon”da baş verən bütün bu işlərdən, dəhşətlərdən xəbəri yoxdur. Orada əməliyyatçılar Elşən, Əli, kapitan Gülhüseyn və başqaları dustaqlara divan tuturlar. Biz şikayət yazıb normal rəftar tələb etdiyimizə görə Elgünü 7 gün “kars”a salıblar. Lüt soyundurub əlləri qandallı şəkildə yorğan-döşəksiz, ac-susuz orada saxlayıblar. Allahın suyunu belə verməyiblər. Əsirlikdə olanda heç ermənilər belə etmirdilər. Heç olmaya su verirdilər. Bu dəqiqə gedib onun bədəninə baxsalar, döyülməkdən bədəni gömgöydür. Qandal qollarında ətinə keçib, yerləri qalıb. Orada pulsuz yaşamaq olmur. Pulu olmayan orada ölməlidir”.

“… Dönə-dönə xahiş edirik, 6 saylı cəzaçəkmə müəssisində baş verənləri araşdırıb...”

Image result for 6-cı kalonda
Məhkumun bibisi ölkə rəhbərliyinə müraciət edib: “Çox xahiş edirik, bu məlumatları Penitensiar Xidmətə verməyin. Çünki Elgünün şikayətlərini guya araşdırmağa göndərilən yoxlayıcılar ona təzyiq altında heç bir şikayətinin olmaması haqda yazdırılan müraciətlərə heç bir etiraz etmirlər. Elgünə deyirlər ki, istədiyimiz kimi yazmasan səni ”raskrutka”(cəza müddətinin artırılması – E.M.) edəcəyik. Gedib Elgünün müraciətini alıb işlərini bitmiş hesab edirlər. Onlar gedəndən sonra Elgünə dəhşətli işgəncələr verilir. Heç nəyə baxmırlar. Xocalı qaçqını, şəhid ailəsi kimi ölkə rəhbərliyindən dönə-dönə xahiş edirik, 6 saylı cəzaçəkmə müəssisəsində baş verənləri araşdırıb məhkumların taleyi ilə oynayan, onları ac-susuz, müalicəsiz saxlayan, işgəncə verən türmə rəhbərliyini dəyişdirib qanunla cəzalandırsınlar”.

Penitensiar Xidmətdən isə deyirlər ki…

Image result for Mehman Sadıqov
Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqov məhkumların yaxınlarının fikirlərinə münasibət bildirib. Deyib ki, son illər ərzində məhkumların qidalanmasına xüsusi diqqət yetirilir: “Qidaların çeşidinə fikir verilir. Yeməyin bişirilməsinə xüsusi nəzarət olunur”.
Xidmət rəisi bildirib ki, məhkumlara tibbi yardım göstərilməsi üçün də dövlət kifayət qədər vəsait ayırır: “Bizim həkimlər Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə tabe olsalar da, müstəqildirlər. İstər təcridxanalar, istərsə də cəzaçəkmə müəssisələrində kifayət qədər dərman preparatları var. Müalicə müəssisəsi yeni tibbi avadanlıqlarla təchiz olunub. Əgər hansısa məhkumun göstərilən tibbi yardımla bağlı narazılığı varsa, hesab edirsə ki, daha keyfiyyətli tibbi yardım ala bilər, qanun icazə verir ki, istədiyi ödənişli tibb müəssisəsinə müraciət edib orada çalışan həkimlərin xidmətlərindən istifadə edə bilər”.
M.Sadıqov deyib ki, məhkumların yaxınlarının şikayətlərində göstərdikləri məlumatları cəzaların icrasına nəzarət edən qurumlar yoxlayır və məlumatlarda göstərilənlər təsdiqini tapdığı təqdirdə müvafiq addımlar atılır: “Əgər doğrudan da belə şey varsa, günahkarlar cəzalandırılır. Qeyd edim ki, əli qandallı, rezin dəyənək və digər vasitələr var ki, onların tətbiqinə qanunla icazə verilir. Xüsusi vasitələr tətbiq olunursa, dərhal aktlaşdırılmalıdır. Aktlaşdırılmırsa, bu artıq qanun pozuntusudur”.
Xidmət rəisi deyib ki, redaksiyamıza müraciət edən məhkumların yaxınlarının dedikləri də araşdırılac.(musavat.com)


loading...




Fikrinizi bildirin