“UĞURUMUN 3 SİRRİ VAR…” – 695 bal toplayan Azərin

Dərc olunub: 30/07/2017 - 12:25

1501397797_azerin“İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc əvvəl-axır düşüncəyə məğlub olur. “ Fransanın tarix boyu yetişdirdiyi ən böyük diktatoru, ölkəsini və dünyanı qılıncla idarə etməyə çalışan fatehi Bonapart Napoleon deyib bu sözləri.

Əlində tutduğu qılıncdan daha kəskin silahın qələm və düşüncə olduğunu etiraf edən bu fransız fatehinin 19-cu əsrin əvvəllərində dilə gətirdiyi həmin fikirlər qısa zamandan sonra özünü doğrultdu. Avropa və Qərb ölkələri elmə yönəlməklə böyük sənaye inqilabı yaşadı və qədəm qoyduqları elmi-texniki tərəqqi nəticəsində dünyanı idarə etməyə başladılar. Bir zamanlar elmə yönəlməklə qlobal gücə çevrilən islam dünyası isə daha sonra “kafir icadı” deyə-deyə arxa çevirdiyi bu yeniliklərə qarşı çıxdı və qarşı çıxdıqca da zəiflədi, özünün dünənki kölələrinin köləsi olmaq taleyilə barışdı.

Bu mövqe və status dəyişikliyi yalnız 19-cu əsrdə də yaşanmayıb. Dünya tarixində bir-birini əvəz edən sivilizasiyaların başlıca səbəbi kimin elmə necə yiyələnməsilə bağlıdır. Elmi özünün əsas hədəfi seçən toplumlar mütləq hakim zümrəyə çevrilib və dünya ağalığına can atıblar. Kimin əlində elm silahı daha güclü olubsa, dünyanın hakimi də o olub.

Özünün neft dövrünü arxada buraxan Azərbaycan da artıq yeni mərhələ qarşısındadır. Qeyri-neft sektorunun inkişafını əsas prioriteti olaraq elan edən məmləkətimiz, sözsüz ki, bu hədəfə elmi bacarığı və səyi nəticəsində nail olacaq. Sevindirici haldır ki, Azərbaycan gəncləri də bu sahədə ümidverdici addımlar atırlar. Son illər ali məktəblərə qəbul olunanların sırasında ən yüksək bal toplayanların artması xalqımıza bu ümidi verir və gələcəyə nikbin baxmasını şərtləndirir.

Təsadüfi deyil ki, bu il qəbul imtahanlarında maksimum nəticə əldə edən abituriyentlərimizin sayı digər illərlə müqayisədə xeyli çox olub. Müxtəlif mətbu orqanlardan topladığımız məlumatlara görə, bu il sadəcə 700 bal toplayanların sayı 21 nəfər olub. Onlardan 16-sı I və IV ixtisas qruplarında maksimum nəticə göstəriblər. II və III ixtisas qruplarında isə cəmi 7 abituriyent bu başarını əldə edib.

Bu yazıda haqqında danışacağımız Azərin Həsənli də gələcəyinə ümid bəslədiyimiz gənclərimizdəndir. Onu maksimum nəticədən sadəcə 5 bal, yəni bir sual ayırır. Topladığı 695 balla Azərin 11 illik gərgin əməyinin gözəl meyvəsiylə ailəsini və yaxınlarını sevindirib.

Azərin Həsənli Mürvət qızı 2001-ci ilin bir qış gecəsində dünyaya göz açıb. O, üstün zəkasıyla bir il tez məktəbli olmağı bacarıb və 5 yaşında ibtidai sinifə gedib. 2006-cı ildə başladığı təhsil yolunda iki məktəbin qapısını açıb. İbtidai təhsilini 129 saylı məktəbdə alan Azərin 62 saylı litseydən məzun olub.

Şəkildə: Azərin və qardaşı Tapdıq

Özünün dediyinə görə, qəbul imtahanlarında əldə etdiyi nailiyyətini 3 amilə borcludur: “ailəsindən gələn ziyalılığa, məktəb və hazırlıq müəllimlərinin öyrətdiklərinə, bir də, təbii ki, fərdi çalışmalarına”.

Azərin ziyalı bir ailənin ortancıl uşağıdır. Atası Mürvət Həsənli iqtisadçıdır. O, iqtisadi araşdırmalarla yanaşı, həm də bu biliklərin tətbiqi sahəsində də uğurlu addımlar atıb. “Xəmsə” restoranlarının sahibi olan Mürvət müəllim həm də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Zirə kəndində saldığı meyvə bağlarıyla yanaşı, toyuqçuluq sahəsində də ciddi uğurlara imza atıb. Azərbaycanın bir çox broyler müəssisələrini damazlıq yumurta ilə təmin edən bir neçə şirkətdən birinin sahibidir. Hazırda onun müəssisələrində 450-dən artıq işçi çalışır, evinə çörək aparır.

Azərinin anası Samirə xanımın da elmi sahədə ciddi uğurları var. Tibb elmləri üzrə fəlsəfə doktoru olan Samirə xanım öz övladlarının yetişməsində və təhsilində ən böyük yükü çiyinlərində daşıyıb. Bunu Azərin də etiraf edir və öz uğurunun əsası kimi anasının xidmətlərini göstərir: “Mənim və qardaş-bacımın uğurlarında anamın xidməti hər kəsdən yüksəkdir. Atamın işləri çox olduğundan bizim hər dərdimizlə əsasən anamız məşğul olub. Uğurumuza bizimlə bərabər sevinib, uğrusuzluğumuzda hər zaman yanımızda olub, bizə təskinlik verib, yol göstərib və daha yüksək nailiyyətə həvəsləndirib. Anam mənim ilk müəlliməmdir. İbtidai sinifdən son sinifə qədər mənimlə bərabər dərs oxuyub, qayğımı çəkib. Bilmədiyim hər şeyi ondan soruşmuşam. Bu mənada qəbul imtahanlarında əldə etdiyim uğurun əsas səbəbkarı anamdır. Sözsüz ki, atamın da mənim üstümdə böyük xidmətləri var. Onun zəhməti olmasaydı, bəlkə mən də bu uğuru qazanmazdım. Amma atam inciməsin, anamın mənim üzərimdə haqqı daha böyükdür”.

Şəkildə: Azərin və bacısı Nəzrin

Azərin qızımızı dinlədikcə, atalarımızın gözəl bir sözü yadıma düşürdü: “Ot kökü üstə bitər”. Həm atası, həm anası ziyalı olan Azərinin babası Tapdıq müəllim də dövrünün ziyalılarından imiş. O, yaşadığı regionun ağsaqqalı olmaqla yanaşı həm də çox savadlı tarixçi imiş. Azərinin III qrup ixtisasına yönəlməsində rəhmətlik Tapdıq kişinin qoyub getdiyi oxumaq ənənəsinin də rolu var. Hər halda Azərin belə düşünür: “Hesab edirəm ki, mənim ədəbiyyat və tarix elmlərinə daha çox yönəlməyimdə irsi təmayüllər də öz sözünü deyib. Babamı görməsəm də, onun bizim ailəyə miras qoyduğu milli-mənəvi dəyərlərimizi öyrənməyə, tariximizlə qürur duymağa, ədəbiyyatımızı sevməyə meyllilik mənim də bu sahəyə meyllənməyimə yol açıb. Mənim babalarım Aşıq Ələsgərin vətəni olan Göyçə mahalından gəliblər. Evimizdə həmişə xalq ədəbiyyatına, aşıq musiqisinə və şeirinə böyük diqqət olub. Mən də bu ocaqda yetişən birisi kimi həmişə milli dəyərlərimizə bağlı olmağa çalışmışam və inşallah çalışacağam”.

Bununla belə, Azərin hüquq sahəsinə yönəlməyi, gələcəkdə xüsusilə qadın problemləriylə mübarizə aparmağı qarşısına hədəf qoyub. Onun fikrincə, Şərq toplumu olduğumuz üçün bəzən xanımlarımız ailədaxili şiddətlərlə qarşılaşır, haqsızlığa məruz qalırlar: “Sözsüz ki, onların problemlərini qadın hüquq adamları daha rahat anlayar, xanımlarımıza hüquqi yardım göstərə bilərlər. Nə yazıq ki, cəmiyyətimizdə kifayət qədər hüquqşunas xanımlarımız azdır. İnsanlarımız hüquq elminə kişi sənəti kimi baxırlar. Halbuki, hüquq bütün insanların sığınacağı ortaq dəyərdir və cinsindən asılı olmayaraq, hər kəs bu dəyərdən öz nəsibini almalıdır. Gələcəkdə bir hüquqşunas kimi xanımlarımızın cəmiyyətdə layiq olduqları yeri tutmaları istiqamətində çalışacağam”.

Azərinin təbirincə desək, irsdən gələn təhsilə meyllilik onun mənsub olduğu ailənin digər fərdlərindən də yan keçməyib. Böyük bacısı Nəzrin ötən il 650 balla Azərbaycan Tibb Universitetinə qəbul olub. O, hazırda müalicə işi fakültəsinin tələbəsidir. Məktəbdəki uğurunu universitetdə də davam etdirir və yüksək qiymətlərlə seçilməyə çalışır. Ata babasının iziylə yürüyən Azərindən fərqli olaraq, Nəzrin anasının yoluyla irəliləmək əzmindədir.

Qardaşı Tapdıq isə hələ məktəblidir. Oxuduğu Diyanət məktəbində öz qabiliyyətilə seçilir. Təsadüfi deyil ki, bu il 7-ci sinifə keçən Tapdığın elə özü ağırlığında diplom və fəxri fərmanları var.

Şəkildə: Ailənin sonbeşiyi Tapdığın təltiflərindən bir neçəsi

Azərinin yetişməsində, əlbəttə, müəllimlərinin də böyük əməyi danılmazdır. Özünün dediyinə görə, müəllimləri ondakı qabiliyyəti sezib üzərində xeyli işləyiblər. Azərin təhsil aldığı hər iki məktəbdə keçirilən bütün elm yarışmalarında və tədbirlərdə aktivliyilə seçilib. Dəfələrlə olimpiadalarda iştirak edib və qalib kimi mükafatlara layiq görülüb.

Azərinin uğurunda özünün fərdi çalışmaları da mühüm rol oynayıb. Kifayət qədər imkanlı ailənin uşağı olmasına baxmayaraq, dövrümüzün əsas hərəkətverici qüvvəsi olmaqla yanaşı, həm də insanı getdiyi yoldan ayıran komputer, telefon kimi texniki vasitələrdən bacardığı qədər uzaq dayanıb. Yüksək bal toplaması münasibətilə Mürvət müəllimin öz qızına hədiyyə etdiyi telefon onun dünyayla ilk ünsiyyət vasitəsi olacaq. Azərinin dediyinə görə, qazandığı uğurda  özünü başqa məşğuliyyətlərdən tamamən ayırıb elmə-təhsilə həsr etməsi də başlıca amillərdən biridir: “Mən elə olurdu ki, gecə saat 3-ə qədər dərs oxuyur, testlərə cavab verirdim. Yuxusuz gecələrim bu nəticənin ortaya çıxmasını şərtləndirdi”.

Biz də yaşından böyük başı olan Azərinə və onun ailə üzvlərinə elm yolunda böyük uğurlar arzulayırıq. Yeni əsrin informasiya və savad dövrü olduğunu bir daha bu ağıllı balalarımıza xatırladır və gələcəyimizin onlar kimi savadlı insanların sayəsində formalaşacağına inanırıq.

Azərin, unutma ki, sənin əlində tutduğun qələm Napoleonun qılıncından daha kəskindir. Sənin 16 yaşında əldə etdiyin bu gücə fransız fatehi belə, qibtə ilə baxırdı. Hər halda bunu özü etiraf edib.

Heydər Oğuz(ovqat.com)


loading...




Fikrinizi bildirin