BİZİM SİRLİ MİLYONLARIMIZ…

Dərc olunub: 03/07/2017 - 00:01

Etibar EliyevEtibar ƏLİYEV

Azərbaycanın elmi ictimaiyyətində, demək olar ki, tanınmayan böyük Amerika astronomu, bu ölkənin kosmik proqramının yaradıcılarından biri olan Karl Saqan ömrünün sonuna yaxın “Milyardlar və milyardlar” adlı maraqlı bir kitab yazıb. Qeyd edim ki, dünyada elmin populyarlaşdırılmasında müstəsna rolu olan K.Saqan 1996-cı ildə dünyasını dəyişib.

Həmin kitabda o, yazır: “Nə vaxtsa böyük ədədlərin simvolu kimi “milyon” iştirak edirdi. Ən varlı adamlar “milyonçular” adlandırılırdı. İsa Peyğəmbərin vaxtında dünya əhalisi 250 milyon idi. İkinci Dünya Müharibəsinin başlanğıcında biz artıq 132 milyon idik. Yerdən Günəşə 150 milyon kilometrdir. Birinci Dünya Müharibəsində 40 milyon, İkinci Dünya müharibəsində isə 60 milyon insan həlak olub. İldə 31,7 milyon saniyə var. 1980-ci ilin sonuna qədər nüvə arsenalının gücünün məcmusu Xirosimada ölənlərdən milyon dəfə çox ola bilər və s. Ancaq zaman dəyişdi. İndi dünyada “milyarderlər” təbəqəsi var. Bu pulun dəyərdən düşməsi ilə bağlı deyil. Yerin yaşı ümumi təsəvvürlərə görə 4,6 milyard ildir. Dünya əhalisi çoxdan 6 milyardı ötüb. Dörd B-2 bombardmançı təyyarənin dəyəri milyard dollardır. ABŞ-ın müdafiə xərcləri gizlədilən vəsaitllərlə birgə 300 milyard dollar təşkil edir. İri miqyaslı ABŞ-Rusiya müharibəsində dərhal milyard nəfər insan tələf ola bilər”.

Bizim gündəlik həyatımızda ən çox adını çəkdiyimiz ədəd milyon olaraq qalır. Məsələn, biri digərinə işinin düzəlməsi üçün milyon faiz söz verir. Qarşı tərəfi tam inandırmaq üçün.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının məhkəməsi zamanı bəlli oldu ki, təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, bu nazirliyin balansına keçirilməsi haqqında qərar qəbul edilıb.

Baş prokurorumuz Zakir Qaralov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan cinayət işləri barədə bunları söyləyib: “Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı 250 epizod üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 2005-2015-ci illər ərzində nazirliyin əməkdaşlarından ibarət yaradılmış mütəşəkkil dəstənin üzvlərindən Akif Çovdarov, Sübahir Qurbanov və qeyrilərinin, cəmi 19 şəxs barəsində 7 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib”.

Baş prokuror bildirib ki, vurulmuş 41 milyon 512 min manat məbləğində ziyanın ödətdirilməsinin təmin olunması məqsədi ilə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 56 milyon manat dəyərində əmlak üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub. Növbəti “milyon” da olduqca maraqlıdır. Akif Çovdarov hörmətli Tağı Əhmədovdan 3 milyon manat pul alıb. Metroda gündə 1 milyondan çox adam köhnə qatarlardan istifadə edir. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramına (2005-2007-ci illər) ayrılan 30 milyon manat vəsait mənimsənilib. Bizim milyonçulardan biri Ağsuda möhtəşəm “Araq” zavodu açıb. İl ərzində bu araqlardan istifadə edənlərin sayı milyon nəfəri ötəcək. Bütün bunlar milyon faiz düzdür. Mən milyon faiz inanıram ki, Tağı müəllim İnşaat və Mühəndislər Universitetində kafedra müdiridir və s.

Amerika astronomunu qayğılandıran milyon rəqəminin bizim milyonlarla heç bir əlaqəsi yoxdur. Yəni biz milyonu başqa məzmunda işlədirik. Olkə büdcəsi milyardlarla ölçülsə də, onun vacib xərcləri təhsil, səhiyyə başqa sahələr milyonlarla ifadə olunur. Korrupsiyanın milyonlarla ifadə olunması isə Karl Saqanın yuxusuna da girməzdi.


loading...




Fikrinizi bildirin