CƏNAB PREZİDENT, AMEA-nı YENİDƏN FORMALAŞDIRIN! – Tanınmış alim AMEA-dakı aşkar-gizlinləri açır

Dərc olunub: 03/08/2017 - 14:50

14470610082118660583_1000x669

“AMEA rəhbərliyində anti-inteqrasiya tərəfdarlarına yer olmamalıdır!”

Azərbaycanda bir çox sahələrdə olduğu kimi, elmdə də ciddi problemlərin olduğu məlumdur. Bəzən elmdəki bu problemlərin, geriliyin əsas səbəblərindən biri kimi yüksək elmi adların bir çox hallarda layiqlilərə deyil, “adamı” olanlara, “yuxarılarla” hansısa vasitələrlə “dil tapanlara” verilməsi göstərilir. Eyni zamanda elmi mərkəzlərə, institutlara rəhbərlik edənlərin daha çox şəxsi maraqlarını düşünməsi, saxta hesabatlarla ictimaiyyətin gözünə “kül üfürməsi”, dövlətin bu sahəyə diqqətinin yetərsizliyi elmimizi inkişafdan saxlayan əsas amillərdən hesab olunur.

elman-ameaAzərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən son seçkilərdən sonra nəticələrdən narazı qalan alimlərimiz də vaxtaşırı bu problemi qabardırlar. Bəzi şəxslərin haqqı çatmadığı halda kimlərinsə himayəsi, tapşırığı ilə Akademiyanın həqiqi və müxbir üzvü olmasının ölkədə elmin inkişafına zərbə vurduğunu bildirirlər. Bu fikirdə olanlardan biri fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunun əməkdaşı, “Dinamik sistemlərdə xaos” laboratoriyasının rəhbəri Elman Şahverdiyevdir. O, akademik adı verilmiş bəzi alimlərin buna layiq olmadığını, AMEA-ya keçirilən son seçkilərdə saxtakarlığa yol verildiyini bəyan etməklə yanaşı, bunun ölkədə elmin inkişafına mənfi təsir etdiyini də konkret faktlarla ortaya qoyur.
Bununla bağlı Elman Şahverdiyev “AzPolitika.info” saytı vasitəsilə Prezidentə növbəti məktubunu ünvanlayıb. Həmin məktubu müəyyən ixtisar və zəruri redaktə ilə dərc edirik.

“Görün AMEA-ya kimlər rəhbərlik edir!”

Cənab Prezident!
Azərbaycanın həqiqi elmi ictimaiyyəti Sizin o qərarınızı yüksək dəyərləndirir ki, uzun danışıqlardan sonra Azərbaycan alimlərinin “Thomson Reuters” data bazasına girişini təmin etdiniz. Halbuki, hamı bilir ki, bu qərar indiki çətin iqtisadı durumda milyonlarla dollar vəsait hesabına başa gəlmişdir: təxminən 4 milyon baza ödənişi və 1 milyon illik ödəniş. Bu qərar Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində atılan ən uğurlu addımlardan biridir. Bu inteqrasiya ölkəyə yeni biliklərin, texnologiyaların gətirilməsinə təkan verə bilər.
Thomson Reuters-in data bazasına giriş alimlərə elmin aktual istiqamətləri haqqında operativ məlumat almağa, görülən işlərin dünya elmi nailiyyəti kontekstində yerinin müəyyən olunmasında və s. məsələlərdə əvəz olunmaz mənbə olacaq! Çox maraqlıdır ki, bəzi yüksək vəzifəli AMEA funksionerləri bəlli səbəblərdən bu proqressiv ölkə maraqlarına qarşı mövqelərini belə gizlətmirlər!
Bu il aprel ayının 28-də AMEA-nın ümumi yığıncağında (Sizin administrasiyanın rəhbərinin də iştirak etdiyi) AMEA-nın elmi katibi Rasim Alquliyev çıxışında “Thomson Reuters”ə iradlarını belə bildirməkdən çəkinmədi və hətta demək olar ki, onu sağa-sola qılınclamağa başladı.

rasim
Rasim Alquliyev çıxışında hətta “Tomson Reuters”dən hər kəsin özü üçün bir reytinq çıxardığını belə iddia etdi: “Kimə necə sərf edirsə, elə edir. Müxtəlif reytinqlər verir, burada özünü qabağa çəkir və s. Amma bu qiymətləndirmə “Tomson Reuters”dən gəlməlidir”.

Cənab Prezident, məsələnin mahiyyətindən xəbərdar olanlar bilir ki, bu çıxışın kökündə nə durur! İndi kimin “Thomson Reuters”dəki reytinqi aşağıdır, sabotajla məşğuldur. Hələ bir bəhanə də tapırlar: Guya kimsə öz nəticələrini şişirdir, özünə sərf edən formada təqdim edir və s. Belədirsə sən də daxil ol, bax və yalançını ifşa et, ay akademik Rasim Alquliyev! Kimi aldadırsınız, ay İnformasiya Texnologiyaları İnstitutunun direktoru! “Thomson Reuters” sizin əvəzinizdən sizin işinizi görməlidirmi? Niyə “Thomson Reuters” sizə arayış təqdim etməlidir ki, kimin reytinqi necədir?
Siz necə İnformasiya Texnologiyaları İnstitutunun direktorusunuz ki, o saytdan istifadə edə bilmirsiniz?! Görün AMEA-ya kimlər rəhbərlik edir!

“İki qardaş, eyni zaman kəsiyində eyni işlər üzrə AMEA üzvü təyin olunub!”

Cənab Prezident,
Bu il AMEA-ya seçkilərdən qabaq şəxsi məlumat sənədində namizədlərdən tələb olunurdu ki, “Thomson Reuters”də və ya “SCOPUS” da olan istinadlarını göstərsinlər. Bir az sonra kiminsə göstərişi ilə scholar.google.com-dakı istinadları tələb etməyə başladılar. İndi aydın olur ki, bu, kimin təşəbbüsü ilə baş verə bilərdi! Sual olunur: Ay Rasim Alquliyev, əgər biz Google-dan istifadə edəcəkdiksə, niyə “Thomson Reuters”ə milyonlarla dollar odəyirik?!
59 yaşlı, 2007-ci ildən müxbir üzv, 2014-cü ildən həqiqi üzv olan Rasim Alquliyev elmə yalnız 6 istinad gətirmişdır! Bəlkə belə cüzi istinadlarınıza baxmayaraq akademik olmağınıza, AMEA-nın baş elmi katibi olmağınıza görə müəyyən kompleks hiss edirsiniz?!
İndi o, qardaşı Ramiz Alquliyevi də müxbir üzv təyin etdirmışdır. Baxmayaraq ki, demək olar eyni işlərlə məşğul olurlar! Düzdür, onun istinadları 180-dir. İndi məlum olur ki, akademik Rasim Alquliyev niyə “Thomson Reuters”dən küsüb! Google-a olan yaxşı münasibətin arxasında isə o dayanır ki, onun orada istinadları 1300-dən yuxarıdır, Ramiz Alquliyevin Google istinadlarının sayı isə minə yaxınlaşır.

ramiz

Hər şeyi sayan Google-dan mədəni dünyada heç kim istifadə etmir! Bir ilginc nüansı da elmi ictimaiyyətə açıqlamaq istəyirəm. Siz əgər Rasim M.Alquliyev-in və Ramiz M. Alquliyev-in Scholar.google.com-dakı profillərinə baxsanınız, görərsiniz ki, tutaq ki, bir işin müəllifi tək Ramiz M.Alquliyevdir. Təəccüblüdür ki, eyni iş Rasim M.Alquliyev-in də profilində sayılr. Belə hallar onların profilində yetərincədir! Başqa sözlə, Google etibatlı mənbə deyıl. Yəni bu 2 qardaşın əslində Google-da belə cəmi istinadları iki min yox, ortalama min ola bilər. Təəssüf ki, Google istinadları öz-özünə istinadlarla birgə sayır.
Digər bir məqam: Hər iki qardaşın Google-da ən çox istinad olunan məqaləsinə 185 sitat var.
“Thomson Reuters” də isə bu istinad yalnız Ramiz Alquliyevə aid edilir və o cəmi 58-dir. Bax belə obyektivliyinə görə xoşu gəlmir “ünlü” akademikin “Thomson Reuters”dən.
İndi qəribə bir situasiya yaranıb: Rasim Alquliyevin rəhbərlik etdiyi İnstitutda cəmi 1 elmlər dokturu var, 3 AMEA üzvü ki, 2-si qardaşdır!
AMEA tarixində ilk dəfədir ki, belə bir utancverici, biabırçı hadisə baş verib: az qala eyni yaşda olan iki qardaş, az qala eyni zaman kəsiyində eyni işlər üzrə AMEA üzvü təyin olunur! Hətta namizədlik dissertasiyalarının müdafiəsi zamanı eyni nəticədən iki iddiaçının istifadəsi yolverilməz hesab olunur, o ki qaldı ən yüksək elmi rütbə almağa!

“Elm fondlarından tukənməyən yüz minlərlə serial qrantlar alırsınız…”

AMEA saytına görə yeni təyin olunmuş müxbir üzv Ramiz Alquliyev cəmi bir aspiranta rəhbərlik edib! O, tək deyil! Deyək ki, Biofizika İnstitutunun illərdir direktoru olan və bu il Biofizika ixtisası üzrə müxbir üzv təyin olunan (maraqlıdır, Fizika İnstitutunun təqdimatı ilə sənəd verən) Oktay Qasımov da eyni gündədir!
Başqa sahələrdən də belələrini sadalamaq olar! Hətta Abdullazadələrin dəstəyi ilə AMEA tarixində görünməmış yüksəlişə nail olundurulan, təyin olunmuş akademik Ənvər Nəhmədov da eyni durumdadır. Halbuki, AMEA Nizamnaməsi belə göstərici ilə həqiqi üzv təyin olunmağı qəti gadağan edir!
Fizika İnstitutunun direktoru, AMEA bölmə katibi Nazim Məmmədov da mahiyyətcə eyni durumdadır!Amma kimdir belə “xırda” detallara fikir verən!…

Rasım Alquliyevə müraciət edirəm: Gündə bir yerli, guya regional konfrans keçirib hər şeyi sayan Google-da istinadları süni sürətdə artırmaqla deyıl ki! Və ya “Thomson Reuters”in data bazasında olmayan jurnallarda məqalə çap etdirməklə deyil ki! “Thomson Reuters” sizin əsl qiymətinizi verir deyə niyə əsəbiləşirsiniz?!

thomson

Onsuz da nə istəmisiniz, AMEA və yuxarılar sizə verib! Layiq olduğunuzdan min dəfələrlə artıqlaması ilə! İnstitut direktoru, AMEA elmi katibi, elm fondlarından tukənməyən yüz minlərlə serial qrantlar, və s. “Big Data” anlayışını guya bir dəfə neft-qaz sənayesinə tətbiq edirsiniz – yüzminlər belə, o biri dəfə səhiyyəyə – bu yüzminlər də belə! İstiqamətlər çoxdur, onillikləri yola verə bilərsiniz!

Qaz sənayesinə, enerji sistemlərinə, sosial şəbəkələrə, kompüter sistemlərinə, lap elə istinadlar şəbəkəsinə və s. tətbiqi. Amma bir az da gündə cəmi 2-3 min adamın (hələ bəlkə də daha az) istifadə etdiyi AMEA saytının funksional fəaliyyət göstərməsinə də diqqət ayırın. Xaricdə əgər internet 5-10 dəqiqə işləmirsə, bu dərhal ölkə rəhbərliyinə məruzə olunur! Axı siz həm də bu sahələrə görə çoxsaylı qrantlar almısınız! AMEA saytı isə bəlkə də ölkədə ən gec açılan saytlardan biridir!

“AMEA saytını şəxsi maraqlarınızın naminə qəsb etdiyiniz yetər!”

Bir faktı da xarıtlatmaq istəyirəm: istər “Thomson Reuters”, istərsə də “SCOPUS” keçən illər Azərbaycan təhsil müəssisələrinin, elmi qurumların monitorinqı zamanı sizin rəhbərlik etdiyiniz institutu təltif etməmişdir! Bax bu da sizin təşkilatçılıq qabiliyyətinizə verilən beynəlxalq qiymət!
Maraqlıdır ki, siz bu səviyyə ilə TV-də həm də “Elm” proqramını aparırsınız! Yaxşı olar ki, bu verilişləri daha adekvat bir elmi jurnalist, və ya elm adamı aparsın…

Sizə bir faktı da xatırladım: mənim “Thomson Reuters”-də beynəlxalq istinadlarımın sayı sizin və qardaşınızın istinadlarının cəmindən dəfələrlə çoxdur – 670. Amma mənı heç müxbir üzvlüyə belə buraxmırlar! Bir də ki, “Thomson Reuters” 2012-də Azərbaycan fizikləri arasında məni təltif etmişdi! Bu da sizin onlardan istədiyiniz arayış! O barədə dünyada geniş yazılsa da (hətta nüfuzlu Wall Street journal-da belə), nə AMEA-nın saytında, nə AMEA Fizika İnstitutunun hesabatında bu haqda bir kəlmə belə getmədi.

Amma siz vəzifə səlahiyyətlərindən sui-istifadə edib seçkidən bir az qabaq təbliğat məqsədi ilə qardaşınızın fəaliyyətinə aid kitabçanı AMEA saytına yerləşdırdınız. Guya siz yalnız öz İnstitutunuzdan olanları təbliğ edirsiniz deyə bir xanım elmər doktorunu da qoşmuşdunuz ona! Sonda həmin xanım da yuxarıda qeyd etdiyim bəlli motivlərdən müxbir üzv təyin olundu! AMEA saytını şəxsi maraqlarınızın naminə qəsb etdiyiniz yetər!

amea yr

İndi siz təklif edirsiniz ki, Azərbaybaycanda elmi işçilərin milli reytinqini öz istədiyiniz kimi dəyərləndirəsiniz. Məsələn, Universitetlərdə, AMEA İnstitutlarında az qala gündə keçirilən lokal (məhəlli) konfransların, simpoziumların broşuralarında sizin (və ya başqasının) işlərinə olan sitatları sayasınız. Və siz (sizin kimilər) qabaqda olasınız. Axı lokal səviyyədə hər şey sizin və sizin kimilərin əlindədır. Eyni yanaşmanı adı heç yerdə olmayan əksər ölkə jurnallarına da tətbiq edəsiniz. Bunun hesabına aldığınız qrantların məğləbini daha da artırasınız. Digər qohum-əqrabalarınızı da AMEA-ya üzv təyin elətdirəsiniz. Niyə də yox! Axı dövran sizin kimi sırf regional mənsubiyyətinə görə irəli çəkilənlərindir! Nədən çəkinirsiniz?! İRƏLİ!
Sizin mənəmliyiniz o həddə çatıb ki, az qala deyəsiniz ki, kim “İnformatika” üzrə sənəd verirsə, sizdən lisenziya almalıdır!

AMEA – cərimə batalyonu kimi!

Cənab Prezident!
Bu gün AMEA az qala cərimə batalyonuna cevrilib, başqa sahələrdə özünü doğrultmayan pensioner ”milyonçular”, ən əsası beynəlxalq meyarlara görə Azərbaycan elminə cüzi və ya sıfır istinadlar gətirənlər həqiqi üzv, müxbir üzv, müşavir və s. təyin olunur! Bax, bu, təyinatları həyata keçirənlərin elmə əsl münasibətini göstərir! Biz belə münasibətlə dəfələrlə geri qaldığımız Ermənistana necə yaxınlaşa bilərik?! Sanki, bəzilərinin alnına sırf yerliçilik prinsipi ilə ömürlük vəzifədə olmaq yazılıb, bu bir növ kasta sistemidir! Biz bununla hara gedirik?! Hara!!!

amea_02052017_(3)

“Bu özbaşınalıqların hesabatı Abdullazadələrdən nə vaxt sorulacaq!”

Rasim Alquliyev deyə bilər ki, onun qardaşının istinadları “İnformatika” ixtisası üzrə bütün namızədlərdən üstün idi. Bəli, bu belədir! Yəqin elə o səbəbdən Rasim Alquliyev istəmirdi ki, mən də “İnformatika” ixtisası üzrə sənəd verim, axı mənim istinadlarımın sayı onun qardaşınınkından dəfələrlə çox idi (“Thomson Reuters” in klassifikasiyasına görə mənim işlərim həm informatika, həm də fizika istiqamətinə aid edilə bilər). Mənə təqdimat yazmaq istəyənlərin bəziləri (məsələn, 2007-ci ildə doktorluqdan birbaşa həqiqi üzv təyin olunmuş Arif Həşimov; A.Həşimov 2003-2009-cu illərdə həm də Fizika İnstitutunun direktoru idi) isə “mənim qohumlarım Rasim Alquliyevin İnstitutunda işləyir, ona görə gərək məsləhətləşəm” deyə imtina edirdi! İndi görün, AMEA-da hansı ab-hava hökm sürür!
Sonradan açılan “Fizika” üzrə müxbir üzvlüyə namizədliyim üçün də təqdimat yazmadı! Əlbəttə, bu onun hüququdur! Amma AMEA üzvünün tək hüququ yox, həm də vəzifələri var!
enver (1)Əvəzində elmə məndən az qala 10 dəfə az istinad gətirən birinə-Ənvər Nəhmədova “Fizika” üzrə təqdimat yazmışdı! Bu həmin Nəhmədovdur ki, az qala 23 il xaricdə (o cümlədən 15 il Almaniya kimi elm ölkəsində) işləməsinə, elmə azsaylı istinad gətirməsinə baxmayaraq, cəmi 3 il ərzində Abdullazadələrin dəstəyi ilə elmlər namizədliyindən AMEA həqiqi üzvlüyünə transfer edilmişdir! Özü də bu Nəhmədov 2014-2017 illər təyinatı arası elmə yalnız bir istinad gətirmişdir! Bax bu hal, ölkə elminin üzqarası olacaq bir hadisədir!
Bu adam adı getdiyi İnstitutun Elmi Şurasına təqdimat üçün müraciət etməyi heç lazım da bilmədi! Bu adamdan nə vaxt soruşulacaq ki, hanı sənin “tanınmış elmi məktəblərin” (AMEA həqiqi üzvü olmağın əsas şərti!). Maraqlıdır ki, prinsipial olaraq elmə istinadlar gətirməyə gücü çatmayan Nəhmədova Elmin İnkişafı Fondu (EİF) 2016-da 350 min qrant ayırır (Mən bu məsələdə, əlbəttə, bilavasitə EİF-i günahlandırmıram, bu qrant yalnız Abdullazadələrin qərarı ilə baş tuta bilərdi!).

Eyni zamanda AMEA Rəyasət Heyəti Nəhmədova Dubna-Azərbaycan qrantı peşkəş edir! İndi Nəhmədov həm də MQU-nun Bakı filialının dekanıdır (Yuxarıda qeyd etdiyim Oktay Tağıyev isə prorektordur). Görünür elmə istinad gətirə bilməyən Nəhmədov təsəllini təhsildə tapmaq istəyir. Həm də hər buraxılış olanda deyəcək ki, görürsünüz, mən kadr hazırlığı ilə də məşğulam!!! Yenə təkrar edirəm, adam elmə istinad gətirə bilmir, amma başına pul yağışı yağdırılır! Görəsən bu özbaşınalıqların hesabatı Abdullazadələrdən nə vaxt sorulacaq!

Seçki ilə bağlı bir mühüm faktı da qeyd etmək istəyirəm: yəqin Rasim Alquliyev yaxşı xatırlayır ki, hələ seçkilərə təxminən bir ay qalmış kimsə onun qardaşının adının tərtib olunmuş siyahıda olmasını AMEA-ya sızdırmışdı. Və AMEA-da hansı haray- həşirin salındığından da hamı xəbərdardır! Baxın, sonra da deyirlər: “AMEA-ya seçkilər keçirildi.”

“Ermənistan 119-cu yerdə, Azərbaycan 229-cu yerdə”

1HIRSCənab Prezident! AMEA-ya olan təyinatların hansı acınacaqlı nəticələr gətirdiyini göstərmək üçün “SCOPUS” data bazasına əsaslanaraq ən son reytinq göstəricilərini açıqlayıram (söhbət ümumilikdə 2017-cü ilə qədərki dövr üçün 239 ölkədən və ərazi qurumlarından gedir):
1) sitat olunmuş məqalələrin sayına görə
Ermənistan (81-ci yerdə) – 13 743, Azərbaycan (90-cı yerdə) – 10 636;
2) Hirş indeksi (Hİ) üzrə göstəricilər belədir: Ermənistan (70-ci yerdə) – Hİ=150, Azərbaycan (123-ci yerdə) – Hİ=76;
3) Məqalələrə sitatların sayına görə;
Ermənistan (81-ci yerdə) – 164 625, Azərbaycan (109-cu yerdə) – 54 777;
4) Bir məqaləyə olan sitatların sayına görə;
Ermənistan (119-cu yerdə) – 11.62 , Azərbaycan (229-cu yerdə) – 5.03;

Fikir verin, keyfiyyət göstəricilərinə görə (sitatların sayı, Hirş indeksi, bir məqaləyə olan istinadların orta sayı) bizim elmimiz düşmən dövlətin elmindən nə qədər geri qalır. Kimsə fikirləşə bilər ki, bunu qabartmaq nəyə lazımdır. Amma mən düşünürəm ki, problemi gizlətməklə onun həllinə nail olmaq olmaz. Əksinə, bu daha ağır nəticələrə gətirib çıxarır!

“28 ildir bir məqalə dərc etdirməyən AMEA-ya müxbir üzv təyin olundu”

Ötən seçkilərdə Rauf Hüseynov adlı bir işçi 28 ildir bir məqalə dərc etdirməməsinə baxmayaraq, müxbir üzv təyin olundu. Bu adam heç ölkədə yaşamır belə! Amma Fizika İnstitutunda laboratoriya rəhbəridir. Sankı, bu təyinatlar qəsdən edilir! İnsanlara öz hikkələrini nümayış etdirmək üçün! Düşünürsən ki, görəsən bu xalq bunlara nə edib? Nəyin qisasını alırlar?!
Hələlik ötəri olaraq bir məsələyə də toxunmaq istəyirəm. Son illər Azərbaycanda test üsulu ilə imtahanları Dövlət İmtahan Mərkəzi (DİM) həyata keçirir. AMEA-da da bir çox imtahanlar test üsulu ilə olduğundan, yaxşı olardı ki, bu imtahanları da DİM keçirsin! Çünki AMEA-da keçirilən test imtahanlarından çox həyəcanlı siqnallar gəlir! Yəgin ki, AMEA elmi katibi nə demək istədiyimi çox gözəl bilir!

“AMEA-nı düyada qəbul olunmuş qiymətləndirmə sisteminə uyğun olaraq yenidən formalaşdırın!”

Sonda bir məsələyə də münasibət bildirmək istəyirəm. Mətbuatda tez-tez bəzi oxucular soruşurlar ki, nə vaxt bir azərbaycanlı və ya Azərbaycandan olan alim Nobel mükafatı alacaq? Üzümü onlara tutub deyirəm ki, Nobel alanların onlarla işlərinə adətən minlərlə, onminlərlə istinad edilir! Hirş indeksi isə ən azı 30-35 olur. Çox nadir hallarda istisnalar olub. Bildiyim qədər bir dəfə Hirş indeksi 14 olan bir alim tibb sahəsində, bir dəfə isə Hirş indeksi 20 olan bir alim fizika sahəsində Nobelə layiq görülüb!
Özü də dediyim şərtlər zəruridir, amma kafi olmaya bilər! İndi baxın neçə Azərbaycanlı alimin (xaricdə və ya daxildə) belə göstəriciləri var? Əgər varsa, onlar nə dərəcədə aparıcı müəlliflərdir?
Amma inanıram ki, 15-20 ildən sonra (bəlkə də bir az tez) bizlərə də belə mükafat qismət ola bilər!

Bu mövzuda xırda bir haşiyə: yaxınlarda Nobel laueratı, türk əsilli A.Sancar Azərbaycana təşrif buyurmuşdu. Bir həftə Bakıda qalsa da, ölk rəhbərliyindən heç kim onu qəbul etmədi…

Müracətimi yekunlaşdırmazdan qabaq, bir daha R.Alquliyevin qaldırdığı problemlərlə bağlı demək istəyirəm ki, həmin problemləri yalnız beynəlxalq qiymətləndirmədə yüksək reytinqə malik elm adamları həll edə bilər! Elmə istinad gətirə bilməyənlər yox! Çox parametrli tələbləri ortaya atanın məqsədi aydındır: qeyri-müəyyənlik yaratmaq, burada da öz istəklərini həyata keçirmək və bu sahəni də nəzarətə almaq! Axı “Thomson Reuters”ə nəzarət etmək onun imkanı xaricindədir! Dövlət rəhbəri isə “Thomson Reuters”ə girişi təmin etməklə AMEA-ya, alimlərə müraciət edir ki, siz də bütün dünyada olduğu kimi bu meyarlarla işləyin! Baxın, məsələnin mahiyyəti bundan ibarətdir!

amea-nin-umumi-yigincagi-4

Cənab Prezident,

Müasir dünyada elm millətin pasportudur, milləti dünyada tanıdan onun elmidir, yeni texnologiyalara yiyələnmə qabiliyyətidir. Çox təəssüf ki, seçkiləri həyata keçirənlər bu aksiomları nəzərə almır, öz bildikləri kimi təyinatlar edirlər. Nəticə isə göz qabağındadır!!! Bu tilsimi qırmağın yolu AMEA Nizamnaməsində göstərilib: Azərbaycan prezidenti AMEA-nı yenidən təşkil edə bilər!

Cənab Prezident, sizə müraciət edirəm: AMEA-nı düyada qəbul olunmuş qiymətləndirmə sisteminə uyğun olaraq yenidən formalaşdırın!”

P.S. Müraciərdə səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.


loading...


Fikrinizi bildirin