“MƏNİ CAMALOVLARIN ƏLİNDƏN XİLAS EDİN!”- Qarabağ müharibəsi veteranı prezidentə müraciət etdi

Dərc olunub: 10/08/2017 - 11:23

20170809_201301

Vəkil Ceyhun Yusifov:  Əgər məhkəmə də Əlikram Camalov istəkləri əsasında qərar çıxaracaqsa, bu Azərbaycanda hüququn növbəti dəfə qətli olacaq”.

“Hörmətli nazir Yavər Camalovun bu məsələdə öz ağırlığını qoymasını gözləyirəm”

Baş nazirin müavini Əli Həsənovun milyonluq avtomobil kolleksiyasına sahib nəvəsinin harınlıqdan törətdiyi faciə yüksək vəzifəli məmur ailələrinin ölkə vətəndaşlarına münasibətini yenidən gündəmə gətirib. Ölkə prezidentini vaxtaşırı məmurlara ailələrinin hərəkətlərinə nəzarət etməyi, onlardan vətəndaşlara qayğı ilə yanaşmağı, insanların problemini həll etməyi, sədə olmağı, imkanlarından sui-istifadə etməməyi tapşırmasına baxmayaraq, bəziləri bunu qısa müddətdən sonra yaddan çıxarır. Bu da bəzən çox ağır nəticələrə, ictimai rezonans doğuran, vətəndaşların hökumətə inamını zədələyən hadisələrə səbəb olur. Eyni zamanda məmur yaxınlarının ölkədə hər istədiyini etdiyinə dair ictimai rəyin formalaşmasına, insanları dövlətin ədalətinə güvəncinin azalmasına səbəb olur.
Nəzərə almaq lazımdır ki, yüksək rütbəli məmurların, eləcə də ailə üzvlərinin sadə vətəndaşlara münasibəti yalnız onların özlərinə deyil, bütövlükdə hökumətə cəmiyyətin, ictimaiyyətin münasibətinin formalaşmaslna təsir edir.
Bu baxımdan ölkənin ən vacib nazirliklərindən birinə rəhbərlik edən, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əllikram Camalovun kasıb bir vətəndaş olan, Qarabağ müharibəsi veteranı Samir Nəbiyevlə məhkəmə çəkişməsi ictimaiyyət tərəfindən diqqətlə izlənilməkdədir.
Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən və yekunlaşmaqda olan məhkəmə prosesi haqda mətbuatda məlumat verildiyindən, təkrarlamaq istəmirik.

Nazir qardaşı kiçik piştaxtada alver edən birilə şərik olub?

Sadəcə xatırladaq ki, Əlikram Camalov bir müddət əvvəl şəriki kimi təqdim etdiyi Samir Nəbiyevdən şikayətçi olub. Onun Nərimanov Rayon Polis İdarəsinə müraciəti araşdırıldıqdan sonra Nərimanov rayon prokuroru Vüqar Əliyev tərəfindən 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başladılıb.
İttihama görə, S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş…
İttiham aktına görə, Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq devalvasiyadan sonra biznesi S.Nəbiyevin iflasa uğrayıb və Ə. Camalovun pulunu qaytara bilməyib. Nazir qardaşı da dələduzluqla üzləşdiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib və cinayət işinin başlanılmasına nail olub.

Cinayət işi araşdırıldıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə prokuror Samirə 9 il cəza istəyib (Yeri gəlmişkən, dövlətin milyonlarla manat əmlakını talayanlara bu qədər ağır cəza istənilmir-red.). Baxmayaraq ki, bir qardaşı nazir, biri icra başçısı, özü “Hacı Camalxan” adlı ölkənin ən böyük Kəndli Fermer Təsərrüfatılarından birinin sahibi olan Ə.Camalovun “Nəsimi” bazarı yaxınlığındakı Ticarət Mərkəzində icarəyə götürdüyü kiçik bir piştaxtada alver edən, gündəlik çörək pulunu güclə qazanan birilə şərik olması inandırıcı görsənmir…

Elə Qarabağ müharibəsi veteranı, 1992-97-ci illərdə cəbhəyə könüllü şəkildə gedərək düşmənlə vuruşmuş, Ümummilli lider Heydər Əliyev tərəfindən “Şah İsmail Xətai” adına Fəxri Fərmanla təltif edilmiş Samir Nəbiyev də Ə. Camalovun şikayəti əsasında irəli sürülən ittihamların doğru olmadığını söyləyir. O saytımız vasitəsilə prezident İlham Əliyevə, I Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edərək, kömək istəyir.

“Əlikram Camalovdan pulu aylıq 10 faizilə götürmüşdüm”

Əslən Gədəbəy rayonundan olan Samir Nəbiyevin sözlərinə görə, 2013-cü ildən “Nəsimi” bazarı yaxınlığındakı Ticarət Mərkəzində piştaxta böyüklükdə kiçik bir mağaza icarəyə götürüb, işlədib. Həmin mağazada topdansatış mərkəzlərindən alıb gətirdiyi elektrik avadanlıqları, əsasən də, lampalar satıb. Əlikram Camalovu isə 2015-ci illərin ortalarından tanımağa başlayıb: “Əlikram Camalovu müştərim kimi tanımışam. Tez-tez gəlib, məndən elektrik avadanlıqları alırdı. Münasibət də buradan yaranıb. Söhbətlərimiz zamanı mənə bildirmişdi ki, bəzi adamlara işlərini genişləndirmək üçün pul verir”.

Samir Nəbiyevin sözlərinə görə, bir müddət sonra alverini bir qədər genişləndirmək istəyindən, Əlikram Camalovun ofisinə gedərək ona pula ehiyac olduğunu deyib:“Ondan əvvəlcə 10 min, sonra da 8 min, ümumilikdə 18 min manat aldım. Pulu aylıq 10 faizilə götürmüşdüm. Bəzi aylar 1500, bəzi aylar 1700 manat ödəyirdim. Beləcə bir müddət ödədim. Anaq 2015-ci ilin dekabrında devalivasiya oldu. Mallar bahalaşdı, çətinliklər, problemlər yarandı, alış-veriş çox zəiflədi. Amma həmin ərəfədə də Əlikram Camalova pul verirdim.
Pula ehtiyacım yarandığından, yenidən ondan pul istədim. Bu dəfə dollarla verdi – 2500 dollar. Qarşılığında isə hər 10 gündən bir 700 dollar istədi. Məcbur razılaşdım. 20 gün ərzində Əlikram Camalova 1500 dollar verdim. Ümumilikdə ona 5 min manat və 1500 dollar pul qaytardım. Ancaq alver o qədər zəiflədi, malların qiyməti elə qalxdı ki, gündəlik xərclərimi belə ödəyə bilmədim. Getdim Əlikram müəllimin yanına ki, belə bir vəziyyət yaranıb. Dedim, işləyə bilmirəm, məndə olan malları götür, borcunu bağlayaq. Mayasından da aşağı qiymətə verirdim. Razılaşmadı, dedi pul gətir. Bundan sonra da 1-2 ay işlədim, bir qədər də ziyana getdim, tamamilə iflasa uğradım. Məcbur olub, alveri dayandırdım. Yenə getdim yanına ki, bir az mal qalıb, borcumun əvəziunə onu verim. Razılaşmadı. Mən də malların bir hissəsini borclu olduğum mağazalara qaytardım, bir hissəsini də dəyər-dəyməzinə satdım, bir hissəsini də nisyə payladım. Amma Əlikram Camalovun borcunu qaytara bilmədim. Ancaq özünə də bildirdim ki, borcumu qəbul edirəm, iş tapan kimi az-az qaytaracam. Hətta dedim ki, məni işlə təmin etsin, yavan çörək versin, borcu bitənə qədər, qapısında işləyim.”

“Atamın yası günü məni polis bölməsinə apardılar”

Samir Nəbiyev deyir ki, bu dövrdə atası rəhmətə getdiyindən, başı onun yasına qarışıb: “Rayonda atamı basdırdıq, yas verdik. Sonra gəldim burada da cümə günü yas verirdik. Elə həmin gün 17-ci Polis Bölməsinin Nicat adlı sahə müvəkkili və köməkçisi əməkdaşı gəldi ki, getməliyik. Dedim yasdan sonra gələrəm, razılaşmadılar. Məcbur qalıb, yası yarımçıq qoyub getdim. Məndən izahat alıb, buraxdılar. Sonra iş tapa bilmədiyimdən, Bakıda qala bilməyib kəndə köçdüm. Gedəndə də köçən kimi sahə müvəkkili ilə zəng edib bildirdim ki, kəndədəyəm, lazım olsa burdada polisə izahat verə bilmirəm. Bir müddət sonra rayonun Saratovka kəndinin polis bölməsinin rəisi zəng etdi ki, bura gəlməlisən. Bölməyə gəldikdən sonra, dedi rayonda rəis səni çağırır. Gələndə gördüm ki, Bakıdan gələn sahə müvəkkili və 2 əməliyyətçı məni gözləyir. Dedilər ki, sənin haqqında həbs qətimkan tədbiri seçilib, bizimlə getməlisən. Dedim axı mənə heç bir çağırış gəlməyib. Heç bir izahat vermədən məni gətirdilər Nərimanov rayon Polis İdarəsinə. Orda da baş müstəntiq 48 saat həbs verdi. Ondan sonra Nərimanov rayon Məhkəməsinə aparılaraq, barəmdə həbs qətimkan tədbirinin seçilməsi istənildi. Ancaq hakim bunu təmin etmədi.
Bundan sonra istintaq aparıldı, mən də getdim kəndə. İyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsindən zəng etdilər ki, məhkəmən başlayır gəl. Ondan sonra da nə vaxt çağırıblar, gəlmişəm”.

20170809_201308

“Əlikram müəllim kim, mən kim”

Samir Nəbiyev nazir qardaşı ilə şərik olmasına dair iddiaların da doğru olmadığını deyir: “Əlikram müəllim kim, mən kim. O, böyük əraziləri, təsərrüfatı, əmlakları olan bir adamdır. Mən isə kasıb bir vətəndaş. Bizim nə şərikliyimz ola bilər. Sadəcə mən ondan sələmə pul götürmüşdüm, belə problemlə üzləşdim. Özü də bu tək mənim başıma gəlməyib. Onun ofisində olanda stolunun üstündə nə qədər əmlakın, evlərin “kupçasını” görmüşəm. Özü deyirdi ki, pul vermişəm, evinin,obyektinin sənədini almışam. Yəni, Əlikram müəllim bu işlə məşğuldur.”

Samir Nəbiyevin sözlərinə görə, bu müddət ərzində dəfələrlə Əlikram Camalova zəng edərək, ona yalvarsa da, xeyri olmayıb: “ Deyirəm iş ver, yavan çörək ver gəlim işləyim. Borcunu ödəyim. Mən də istəmərəm ki, kiməsə borclu qalım. Ancaq razılaşmayıb. Bir ara dedi ki, vəkildən imtina elə. Mən də həmin vaxt vəkilim Ceyhun Yusifovdan imtina etdim. Sonra zəng edəndə əvvəl dedi, Gürcüstandayam, gələrəm baxarıq. Sonra da bildirdi ki, ödəniş olmasa mümkün deyil. Mənim də bu saat nə işim var, nə də gəlirim ki, həmin pulu ödəyim. Qalmışam çarəsiz. Əlikram müəllimin də qardaş nazir, qudası prokurorun müavini, hər yerə əli çatır. Özü də onların adından məni hədələyir, deyir ki, necə var səni tutduracam. Gedişatdan görürəm ki, prokurorluğa da, məhkəməyə də təzyiqlər edilir. Ona görə də mənim yeganə ümidim göydə Allaha, yerdə isə möhtərəm Prezidentimiz İlham Əliyevə və hörmətli I Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya qalıb”.

“Prezidentimizdən və hörməıtli I Vitse-Prezidentimizdən xahiş edirəm…”

Samir Nəbiyev Prezident İlham Əliyevdən və I Vitse-Prezident Mehriban xanım Əliyevadan ona kömək göstərilməsini xahiş edir: “Xahiş edirəm mənə kömək etsinlər ki, bu iş ədalətli həllini tapsın. Mən müharibə veteranıyam. Könüllü şəkildə 1992-97-ci illərdə cəbhəyə gedərək, düşmənlə vuruşmuşam. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən “Şah İsmayil Xətai” adına Fəxri Fərmanla təltif edilmişəm. Bu gün də Prezidentimiz göstəriş verərsə dövlətimiz, vətənimiz üçün canımdan keçməyə hazıram. Hər bir insan kimi, çətinliklə üzləşmişəm. Əlikram Camalov sələmlə aldığım pula görə borclu qalmışam. Bu adam da əlindəki imkanlarından, qardaşının nazir olmasından istifadə edərək məni ağır bir cinayət törətmiş insan kimi həbs etdirmək istəyir. Ailə başçısıyam, himayəmdə azyaşlı uşaqlar var. Mənim həbs olunmam onsuz da ağır vəziyyətdə olan ailəmi daha da çətin duruma salacaq. Ona görə də Prezidentimiz İlham Əliyevdən və hörməıtli I Vitse-Prezidentimiz Mehriban xanım Əliyevadan xahiş edirəm ki, məni Camalovların əlində xilas eləsinlər”.

“Borc almaqda hansı ictimai təhlükəli əməl var?”

CEYHUN

Samir Nəbiyevin vəkili Ceyhun Yusifov bildirdi ki, müvəkkilinə verilən ittiham tam əsassızdır : “Samir Nəbiyevin fəaliyyətində heç bir ictimai-təhlükəli əməl yoxdur. Əlikram Camalov özü deyir ki, pulu faizə yox, borca verib. Borc almaqda hansı ictimai təhlükəli əməl var? Nazir qardaşından borc almaq təqsirləndirilən şəxsin əməlini ictimai təhlükəli əməl edir? Ancaq çox təəsüf ki, həm ibtidai istintaq, həm məhkəmə təzyiq altındadır. Görsənir ki, hörmətli məhkəmə Əlikram Camalovdan çəkinir. Çünki onun qardaşı nazirdir, qudası isə baş prokurorun birinci müavinidir. Biz də başa düşürük ki, bunlar çəkindirici əlamətlərdir. Biz dəfələrlə çalışdıq ki, məsələni razılıqla həll edək. Amma alınmadı, qarşı tərəf razılaşmadı. Ona görə də ölkə rəhbərliyinin, ictimaiyyətin diqqətini bu işə yönəltmək istəyirəm. Ədalətli qərarın çıxarılması üçün bu çox vacibdir.”

“Əlikram Camalov imkanlarına, yaxınlarını yüksək vəzifələr tutmasına arxayındır”

Ceyhun Yusifov bildirdi ki, Samir Nəbiyevin əməlində heç bir cinayət tərkibi yoxdur: “ Bu işin heç mülki mühakimə icraatında perespektivi yoxdur. Əlikram Camalov bank deyil, kredit təşkilatı deyil ki, faizə pul verir. Məgər onun pul alqı-satqısını həyata keçirməyə lisenziyası var? Bu işin heç mülki mühakimə icraatında perespektivi yoxdusa, necə cinayət əməli sayıla bilər? Axı borc almaq ictimai-təhlükəli əməl deyil. Ancaq Əlikram Camalov imkanlarına, yaxınlarını yüksək vəzifələr tutmasına arxayındır. Buna görə də, həm müvəkkilimə, hətta mənim özümə təzyiqlər edilir. Bu işdən imtina etməm tələb edilir. Hətta müvəkkilimə də şərt qoyulub ki, vəkil Ceyhun Yusifovdan imtina etsin”.

Ceyhun Yusifov bildirdi ki, məhkəmə araşdırması çox zəif, ötəri keçdi: “Məhkəmə tərkibi kifayət qədər təcrübəli və ədalətli heyətdir. Ancaq ittihamı əsasız olduğunu üzə çıxaracaq xüsusatların araşdırılmasına imkan verilmədi. Bu da göstərir ki, məhkəmə təzyiq altındadır. Ona görə də,ölkə rəhbərliyinin, ictimaiyyətin diqqəti bu işə yönəlməzsə, məhkəmənin müvəkkilimə prokurorun istədiyi cəzadan bir il az həbs cəzası kəsəcəyini düşünürəm. Bilirsiniz ki, prokuror Samirə 9 il cəza istəyib. Bu qədər ağır cəzanın istənilməsi də, Əlikram Camalovun öz imkanlarından istifadə etdiyini göstərir. Bu isə çox biabırçı bir haldır. Əlikram Camalov sanki qanundan, hüquqdan üstün olub. Əgər məhkəmə də Əlikram Camalov istəkləri əsasında qərar çıxaracaqsa, bu Azərbaycanda hüququn növbəti dəfə qətli olacaq”.

“Yavər Camalovun bu məsələdə öz ağırlığını qoymasını gözləyirəm”

yaver

Ceyhun Yusifov bildirdi ki, bu işə tam təmannasız çıxır: “Bu adam çox imkansız bir adamdır. Himayəsində iki azyaşlı uşağı var, həyat yoldaşı xəstədir. Baklıya gələndə qalmağa yeri, pulu olmadığından küçələrdə, bazarlarda həmyerlilərinin yanında piştaxtalarda yatır. Yəni, bu qədər imkansız vəziyyətdədir. Özü Qarabağ müharibəsi veteranıdır. Uzun müddət cəbhədə vuruşub, vətəni qoruyub. Onun kimilərin sayəsində bu gün Əlikram Camalov da, mən də firavan həyat sürə bilirik. Bunu unutmaq olarmı? Ona görə də belə bir adama kömək etməyi mən özümə mənəvi borc bilirəm. Onunla heç bir maddi qarşlığı olmadan müqavilə bağlayaraq, hüquqlarını müdafiə edirəm. Ancaq hesab edirəm ki, onu tək mən deyil, hər bir şəxs müdafiə etməlidir. Elə birinci növbədə iri fermer təssərrüfatı olan Əlikram Camalov bu şəxsi həbs etdirmək niyyətindən daşınmalıdır. Unutmamalıdır ki, vaxtilə Samir kimilərin səngərdə canını sipər etməsi sayəsində, bu gün belə imkanlar əldə edə bilib. Dəfələrlə Həcc ziyarətinə getmiş bir adam kimi Əlikram müəllimə elə də böyük olmayan borca görə ağır vəziyyətdə olan bir vətəndaşı həbs etdirmək yaraşmaz. Onun öz gücünü belə aciz, kasıb bir insana göstərməsi, nə hüquqa, nə də dinə uyğundur. Bu böyük hörmət bəslədiyim Camalovların adına-sanına da yaraşan bir hərəkət deyil. Hörmətli nazir Yavər Camalovun bu məsələdə öz ağırlığını qoymasını gözləyirəm. Əminəm ki, o, qardaşının obyektiv olmayan iddaları əsasında Qarabağ müharibəsində canını qoymuş bir vətəndaşın həbsinə imkan verməyəcək. Əlikram müəllim öz şikayətindən imtina etməsini təmin edəcək.”

Ceyhun Yusifov bildirdi ki, ölkə rəhbərliyi vəzifəli şəxslərdən, onların yaxınlarında vətəndaşların qayğısına qalmağı tələb edir: “ Niyə buna əməl etmirlər? Mən də ölkə Prezidentindən bu işi nəzarətə götürməsini xahiş edirəm. Eyni zamanda ictimaiyyəti, mətbuatı yekun məhkəmə prisesində iştiraka çağırıran.

Yekun məhkəmə prosesi sabah saat 10: 00-da olacaq. Hesab edirəm ki, hörmətli ictimaiyyəti, mətbuat nümayəndələri prosesə qatılması canını vətən yolunda qoymuş bir insan barəsində ədalətsiz hökmün çıxarılmasının qarşısını alar”.

Səslənən fikirlərlə bağlı Əlikram Camalovun özü ilə də əlaqə saxladıq. Ancaq o, hər hansı açıqlama vermək istəmədiyini vurğulayaraq, vəkili ilə danışmağımızı tövsiyə etdi.
Ancaq Əlikram Camalov vəkili İmaməli Əsgərov da hər hansı açıqlama vermək istəmədiyini bildirdi. Qeyd etdi ki, hər şey məhkəmənin qərarında öz əksini tapacaq.

Rasim Əliyev
AzPolitika.info


loading...




Fikrinizi bildirin