"Şüvəlan" həbsxanasında ölüm aclığı

Məmmədov qardaşları 6 gündür heç nə yemirlər, onlardan birinin vəziyyəti kritikdir

 Sentyabr ayının 2-də Bakının Keşlə qəsəbəsində baş verən qətl hadisəsi ilə bağlı Nizami Rayon Prokurorluğunun apardığı istintaqdan narazılıq davam edir. Qeyd edək ki, həmin qətl hadisəsi Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Seymur Həmzə oğlu Məmmədov tərəfindən törədilib. O, odlu silahdan açdığı atəşlə 1982-ci il təvəllüdlü Elçin Aftandil oğlu Fərəcovu qətlə yetirib.

Bu kriminal hadisə ilə bağlı Seymur Məmmədov dərhal, onun qardaşı Murad Məmmədov isə bir neçə gün sonra həbs olunublar. Elə Məmmədovlar ailəsinin əsas narazılığı da cinayətlə bağlılığı olmayan ikinci qardaşın həbsidir.

E.Fərəcovun qətlinə görə həbs olunmuş qardaşların – Seymur və Murad Məmmədovların anaları Məmmədova Məryəm Mirzə qızı (Bakı şəhəri, Zığ qəsəbəsi, Naximov küçəsi 83 A-da yaşayan) bir neçə gün əvvəl AzPolitika.info vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, DİN başçısı Ramil Usubova bə Ombudsman Elmira Süleymanovaya ünvanladığı məktubda törədilən cinayətin motivi barədə sensasion iddialar irəli sürmüşdü. Şikayətçi bildirmişdi ki, Nizami Rayon Prokurorluğunun daha əvvəl törədilən bir cinayəti ört-basdır etməsi nəticədə daha ağır cinayətə yol açıb. Belə ki, bir neçə ay əvvəl qətlə yetirilən Elçin Fərəcov onun hər iki oğlunu bıçaqlayıb. Lakin Nizami Rayon Prokurorluğu bu cinayəti ört-basdır edib, E.Fərəcov məsuliyyətə cəlb olunmayıb. Bu ədavətin davam etməsi isə E.Fərəcovun qətli ilə nəticələnib. Bu səbəbdən, ana tələb edir ki, qətl işini Nizami Rayon Prokurorluğu araşdırmasın.

Qeyd edək ki, şikayət ünvanlanan gündən hər iki qardaş analarının irəli sürdüyü tələblə saxlandıqları "Şüvəlan" təcridxanasında müddədsiz aclıq aksiyasına başlamışdılar. Ancaq həbsxananın Elnur adlı rəisi onlara söz verib ki, tez bir zamanda işlərində yenilik olacaq. Rəisin bu vədinə görə qardaşlar aclığı dayandırıb. Bir neçə gün keçdikdən sonra onlar rəis tərəfindən aldadıqlarını görüb yenidən ölüm aclığına başlayıblar. Qardaşlar istintaqın qərəzli aparılmasından şikayət edir, eyni zamanda cinayət işininin araşdırılmasını başqa prokurorluq orqanına verilməsini tələb edirlər. Yaxınlarının bizə verdiyi məlumata görə, altıncı gündür ki, aclıq edən qardaşlardan Murad Məmmədovun səhhətində ciddi problemlər yaranıb. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi deyilir.

Aclıq edən qardaşların anaları Məryəm Məmmədovanın dediyinə görə, etdyi şikayətdən sonra o, Respublika Prokurorluğuna çağrılıb, orada Akif Rzayev adlı şəxs tərəfindən qəbul edilib. Akif Rzayev istintaqın obyektiv aparılacağına söz versə də, hələ ki, heç bir irəliləyiş yoxdur. Bu səbəbdən M.Məmmədova saytımız vasitəsilə Baş prokuror Zakir Qaralovdan xahiş edir ki, onu qəbul etsin.

Xatırladaq ki, qardaşların hüquqlarını tanınmış vəkil Nüşabə Ağayeva müdafiə edir.

AzPolitika.info-ya qətlə yetirilən Elçin Fərəcovun başaqa cinayətləri törətməsi, lakin hüquq -mühafizə orqanlarının dəstəyi nəticəsində məsuliyyətə cəlb olunmaması ilə bağı faktlar da daxil olub.

V.Nəsibov

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar