"MAQA"nın YERİNƏ CANGÜDƏNİNİ HƏBS EDİBLƏR? - DİN-dən açıqlama + FOTOLAR

Mətbuatda və sosial şəbəkələrdə yazılanlara görə, Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ötüşən “Mazda” markalı avtomobilin sürücüsü, “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov həbs edilməyib. İddialara görə, o, əksinə, xeyir işə hazırlaşır.

Qeyd edilib ki, avqustun 12-də Mirməhəmmədin qız, 17-də isə oğlan toyudur. Onun yerinə cangüdəninə 30 sutka həbs veriblər. Cangüdənini adının Orxan olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Ortada Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumat var. Hansı xınadan, paltar biçdidən söhbət gedə bilər axı?. Toy ola bilər, Allah xeyir versin. Ancaq onun yerinə başqasına həbs verilməsi tam əsassızdır və mümkün olan şey deyil”.

İ.Babayev deyib ki, hadisəyə səbəb olan hər iki şəxs həbsdədir, cəzalarını çəkirlər.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Qeyd olunub ki, qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib.

Məhkəmənin hökmü ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

Mirməhəmməd İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bacanağının oğlu olduğu barədə məlumat yayılıb...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar