Əli Həsənov, qaytar mənim pullarımı!

Dərc olunub: 09/08/2017 - 02:39

mirzeMirzə AĞ

Mən, bir məcburi köçkünəm – 1993-cü ildən. Ötən dövr ərzində dövlətin verdiyi aylıq «çörək pulu»ndan savayı maddi yardım qismində bircə kibrit çöpü də görməmişəm. Amma illər uzunu ordan-burdan eşidirdim, qəzetlərdən oxuyurdum ki, o dövlət, bu dövlət, o beynəlxalq təşkilat, bu beynəlxalq təşkilat… Azərbaycan qaçqınlarına, köçkünlərinə milyonlarla (toplam – milyardlarla) dəyərində ərzaq və qeyri-ərzaq yardımı edir və s.

Həmişə də fikirləşirdim ki, ayə, bəs bu yardımlar ki, mən və mənim kimi on minlərlə zavallı qaçqın üzünü görmürük, hara «buxarlanır»? «Qaçqınkom» deyilən fırıldaqxananın sədri Əli Həsənov çıxıb «publika» qarşısında elə nitqlər irad edirdi ki, yardım almadığıma görə, özümdən utanırdım…

Beləcə, 24 ildən sonra yuxarıdakı sualın cavabını cənab Əli Həsənovun «sütül» (yəni ki, ağzından süd qoxusu gələn!) nəvəsi verdi – bahalı maşınıyla vurub iki nəfəri öldürdü! Məlum oldu ki, sütül nəvənin bir yox, səkkiz bahalı «inomarka»sı (avtoparkı) varmış. Maşınların dəyəri barədə ekspkt rəyi də ortaya qoyuldu – 3 milyon manatlıq avtomobil kolleksiyası!

Hörmətli Qubad İbadoğlu yazdı ki, həmin kolleksiyanı halal əmək haqqı ilə yaratmaq üçün çağdaş azərbaycanlı orta əmək haqqı ilə 326 il işləməlidir, cənab Əli Həsənov isə Baş nazirin müavininin hazırkı maaşı ilə düz 83 il bu vəzifədə işləməlidir!

Ekspertin yazdığına görə, həmin məbləğ hesabına azı 56 min 582 nəfər məcburi köçkünün məişət və kommunal xərclərini ödəmək üçün onlara verilən yardımın məbləğini 2 dəfə artırmaq olardı.
Amma bunun qarşılığında, bir müddət əvvəl cənab ƏLİHƏSƏNOV çıxıb köçkünlərə dürlü bir «məsləhət» verdi: «36 manat böyük puldur, hamısını birdən xərcləməyin – qənaətlə xərcləyin…».

İndi, cənab ƏLİHƏSƏNOVA sual vermək istəyirəm: «Cənab Baş nazirin müavini, 36 manat böyük puldur, yoxsa, 3 milyon manat? De görüm, nə üçün qaçqının 36 manatı sənin nəvənin 3 milyon manatından bu qədər azdır?».

Bu suallara cavab tapmaq üçün baş sındırmağa ehtiyac yoxdur – qaçqın pullarını ƏLİHƏSƏNOV oğurlayıb! Nəvəsi qətliam törədəndən sonra isə durub deyir ki, hüquqi dövlətdə məsuliyyət fərdidir. Əlbəttə, fərdidir – biz demirik ki, qaçqın pullarının oğurlanmasına görə, nəvə məsuliyyət daşısın. Biz deyirik ki, bu oğurluğa görə, ƏLİHƏSƏNOV şəxsən özü cavab versin…

Ötən illər ərzində həmişə düşünmüşəm ki, ayə bu «Qarabağ problemi» nə üçün həll olunmamış qalır? Gerçəkdən, maraqlıdır, deyilmi? ƏLİHƏSƏNOVUN sütül nəvəsi qətliam törədəndən sonra, birdən hər şey mənə aydın oldu -həll olunmur ki, olunsaydı köçkünlər olmazdı, köçkünlər olmasaydı, «Köçkünkom»a ehtiyac olmazdı, sonuncu da olmasaydı cənab ƏLİHƏSƏNOV milyonlarla dövlət pulunu beləcə basıb yeyə bilməzdi!!!

İndi isə bir qədər müxtəsər olmaq istəyirəm: Hazırda məcburi köçkünlərə dövlət yardımının həcmi adambaşına 36 manat təşkil edir. Ekspert Qubad İbadoğlu yazır ki, cənab ƏLİHƏSƏNOVUN sütül nəvəsinin avtomobil kolleksiyasına çəkilən xərcin hesabına 56 min köçkünə verilən yardımın məbləğini 2 dəfə artırmaq olardı. Belədə, mən də həmin 56 min nəfər köçkündən biri olaraq, üzümü tuturam ƏLİHƏSƏNOVA: «Köçkünkom» adlı «koska»nın kaposu (bosu) cənab ƏLİHƏSƏNOV, mənə çatası həmin pulları ver! Yoxsa səni məhkəməyə verəcəm!!!

Buradan, bütün məcburi köçkünlərə də çağırış edirəm: Pullarınızı tələb edin, qoymayın bu harınlar yesin!!!

Bir müddət əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi demişdi ki, biz, yalnız konkret müraciət olduğu zaman korrupsiya halları üzrə araşdırmalar aparırıq. Guya ki, müraciət yoxdursa, korrupsiya da yoxdur?

Neynək, olsun – bu da bir müraciət: Cənab İdarə rəisi, Baş nazirin müavini Əli Həsənovun əməllərini (oğurluqlarını) araşdırın!


loading...


Fikrinizi bildirin