"Ölkəmizin Ermənistan qarşısında sərt dillə tənqid edilməsini istəmirik" - Hüquq müdafiəçisi

Son 48 saatda nələr dəyişə bilər?

Səidə Qocamanlı: “Azərbaycan Belorusdan nümunə götürməlidir”Avropa Şurasına Rauf Mirqədirovla bağlı xüsusi sənəd təqdim ediləcək

İyunun 23-ü Bakı vaxtı ilə saat 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış edəcək. İyunun 24-də Bakı vaxtı ilə saat 3-də isə dövlət başçısı İlham Əliyevin çıxışı planlaşdırılıb. Bu haqda xəbəri “Yeni Müsavat” Avropa Şurasındakı qaynaqdan alıb.

Yada salaq ki, bu ilin mayında AŞPA Nazirlər Şurasının sədrliyi rotasiya üsulu ilə Azərbaycan keçib. XİN rəhbərinin və dövlət başçısının çıxışları da bununla bağlıdır. AŞPA praktikası göstərir ki, sessiyalarda ən çox Nazirlər Şurasına sədrlik edən ölkələrdəki durum çək-çevir edilir. Bu təcrübədən çıxış edərək söyləmək olar ki, Azərbaycanı yay sessiyasında ən azı çətin suallar gözləyir. Qarşılaşacağı xoş olmayan durumun əsl səbəbkarı isə heç şübhəsiz iqtidar özüdür.

Aydındır ki, bu durum Azərbaycanın qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən yaranıb. İllərdir Avropa strukturları Azərbaycandan insan haqları, siyasi azadlıqlarla bağlı durumu düzəltməsini istəyir. Azərbaycan isə siyasi məhbusları azad etmək əvəzinə Avropa strukturlarının Azərbaycanla bağlı hesabatlar hazırlayan təmsilçilərinin ölkəyə girişini əngəlləyir, beynəlxalq qurumların Bakı ofislərinin fəaliyyətini məhdudlaşdıran qanunlar qəbul etməklə onları fəaliyyətsiz hala gətirir.

Aylardır insan haqlarının müdafiəçiləri Azərbaycanın quruma sədrliyi dönəminə qədər siyasi məhbuslar azad edilməsə, ölkənin AŞPA sessiyasında çox çətin duruma düşəcəyi haqda xəbərdarlıq edirlər. Cəmiyyət Azərbaycan, xüsusən YAP iqtidarı üçün önəmli tarixlərdə əfv fərmanlarının imzalanacağını gözləyir. Ancaq bu problem uzandıqca uzanır. Dövlət başçısı İlham Əliyev may ayında amnistiya imzalasa da bu, ölkədəki siyasi məhbus probleminin həllində bir damla oldu, illərdir azadlığı tələb edilən, siyasi səbəblərlə həbs edilməsi beynəlxalq məhkəmələrin qərarları ilə təsdiq edilən şəxslər azadlığa çıxmadı.

Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yerli mediaya deyib ki, Azərbaycan yay sessiyasında daha çox Ermənistanın Azərbaycana təcavüzü məsələsinə diqqət ayıracaq, həm İlham Əliyevin, həm də Elmar Məmmədyarovun çıxışlarında əsas vurğu işğal faktının üzərində olacaq.

Azərbaycanın yay sessiyasına Avropa Şurası qarşısındakı əsas öhdəliyini – insan haqlarının qorunmasını yerinə yetirməyərək getməsini “Yeni Müsavat”a şərh edən insan haqlarının müdafiəçisi Səidə Qocamanlı deyir ki, əgər qarşıdakı 48 saatda əfv olmasa toplantıda gərginlik qaçılmaz olacaq: “Biz çox ümid edirdik ki, prezident İlham Əliyev öz müstəsna səlahiyyətlərindən istifadə edərək illərdir həbs edilən şəxslərin heç olmasa bir hissəsini azad edəcək. Açığı, mənim ümidlərim hələ tükənməyib. Əfv iyunun 23-də də ola bilər. Hər halda biz bunu çox arzulayırıq. Çünki növbəti dəfə Avropalı deputatların, eyni zamanda Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın qarşısında ölkəmizin sərt dillə tənqid edilməsini istəmirik”.

Səidə Qocamanlı onu da bildirir ki, son əfv fərmanı ilə İnsan Haqları Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun siyahısından olan 30 nəfərdən yalnız 3-ü azad edilib: “Siyahımızda dərhal azad edilməli olan 27 siyasi məhbus var – Tofiq Yaqublu, Yadigar Sadıqov, İlqar Məmmədov, Anar Məmmədli, Bəşir Süleymanlı, Əli İnsanov, Əvəz Zeynallı, NiDA-çı gənclər, Qurban Məmmədov, Tale Bağırzadə, Rəşad Ramazanov, Hilal Məmmədov, “OMON”çular, Pərviz Həşimli və başqaları. Biz bu insanların dərhal həbsdən azad edilməsini tələb edirik. Yay sessiyasında bu məsələ yenə də gündəmə gətiriləcək və əfv olmasa Azərbaycan çətin suallar qarşısında qalacaq. Hər anın bir hökmü var. Biz son anadək gözləyəcəyik”.

İnsan haqlarının müdafiəçisi bu məsələdə Belorusu Azərbaycana misal da gətirib: “İyunun 21-də Belorus prezidenti Aleksandr Lokoşenko 2011-ci ildə həbs etdirdiyi ən qatı düşmənlərindən birini, insan haqlarının müdafiəçisi Aleks Belyavskini əfv edib. Aleks Belyavskini vergidən yayınmaqda ittiham edərək 4 illik həbs etmişdilər. Ancaq bütün dünya bilirdi ki, bu, siyasi sifarişdir. A.Lukoçenko onu həbs müddəti başa çatmamış azad edib. Biz düşünürük ki, Azərbaycan rəhbərliyi də analoji addımlar ataraq siyasi səbəblərlə həbs edilən bütün insanları azad etməlidir”.

S.Qocamanlı onu da bildirib ki, Türkiyədə həbs edilərək Azərbaycana təhvil verilən Rauf Mirqədirovla bağlı AŞPA-ya xüsusi müraciət hazırlanıb. İnsan Haqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun adından hazırlanan sənəddə jurnalistlə bağlı başlanan istintaq prosesinə xüsusi nəzarət tələb edilir. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar