Eldar Namazov prokurorluqda 4 saat dindirildi

Dindirmə sentyabrın 2-də davam edəcək

“Belə üsullarla siyasi opponentlərinə qarşı mübarizə aparmağın özü cinayətdir”

Bir neçə gün öncə EL hərəkatının sədr müavini Əflan İbrahimov hərəkatın sədri Eldar Namazovun Bakıda iğtişaşlar törədəcəyi haqqında açıqlama verərkən müxalif düşərgə baş verənləri bu quruma və Milli Şuraya qarşı təxribat adlandırmışdı. Bundan sonra müxalifət rəhbərliyinə qarşı repressiya maşınının yenidən işə düşəcəyi gözlənilən idi. Ötən gün Milli Şuranın İcra Aparatının rəhbəri, eyni zamanda El hərəkatının sədri Eldar Namazovun Baş Prokurorluqda 4 saatdan artıq dindirilməsi ehtimalların əsaslı olduğunu sübut etdi.

Avqustun 29-da Eldar Namazov Baş Prokurorluqdan “saat 15.00-da dindirilməyə dəvətlisiniz” mesajını aldı. Prokurorluğa gedərkən “Yeni Müsavat”a açıqlama verən Namazov bildirdi ki, səslənən iddiaları cəfəngiyyat sayır və istənilən sualı verməyə hazırdır:

“Baş verənlər bizim siyasi fəaliyyətimizi ləkələmək üçün hakimiyyətin həyata keçirdiyi basqıdır”.

“Həbsinizi gözləyirsinizmi” sualına cavabında isə Eldar Namazov “10 dəqiqədən sonra hər şey bəlli olacaq” cavabını verdi.

Ancaq politoloqun bu proqnozu doğrulmadı. Dindirmə prosesi 4 saat yarım davam etdi. Bu arada EL hərəkatı sədrinin müavini Zəfər Quliyev durumla bağlı “Yeni Müsavat”a açıqlama verdi:“Eldar Namazovun Respublika Prokurorluğunda dindirilmə prosesi artıq 4 saatdan çoxdur davam edir. Biz bu durumdan çox narahatıq. Eldar Namazov dindirməyə gedərkən vəkildən könüllü şəkildə imtina etdi. Səslənən sözlər o qədər qeyri-ciddidir ki, biz hər hansı müdafiə haqda da düşünməyi gərəkli saymırıq. Hələlik Eldar bəy dindirmədədir. Yəqin ki, yaxın saatlarda duruma aydınlıq gələcək”.

Bu açıqlamadan yarım saat sonra artıq dindirmə bitmiş və Eldar Namazov Respublika Prokurorluğunun binasını tərk etmişdi. “Keçmiş olsun” diləyimizi E.Namazov bu sözlərlə qarşıladı: “İnşallah, biz xalqın dəstəyi ilə Azərbaycanda azad və ədalətli cəmiyyət, demokratik prinsiplərə sadiq dövlət quranda baş verən bu təzyiqlər gerçəkdən keçmiş olacaq”.

E.Namazovla qısa söhbətdə öyrəndik ki, sentyabrın ayının 2-də dindirmə davam etdiriləcək:

- Hələlik cinayət işinin açıldığını demədilər. Mənə bildirildi ki, Əflan İbrahimovun bəyanatı ilə bağlı araşdırmalara başlanıb.

- Siz tək dindirilirdiniz? Yoxsa, araşdırmaya başqa şəxslər də dəvət edilmişdi?

- Mən orada başqa şəxslər görürdüm. Ancaq həmin şəxslərin ora nəyə görə dəvət edildiyi mənə bəlli olmadı.

- Daha çox nə soruşulurdu?

- Haqqımızda bir şər-böhtan var. Guya Bakı şəhərində iğtişaşlar hazırlayırıq. Təbii, nə Milli Şuranın, nə də EL hərəkatının hansısa qanunsuz hərəkətə yol verməsindən söhbət gedə bilməz. Bizim bütün fəaliyyətimiz qanun çərçivəsindədir. Bizim fəaliyyətimiz cəmiyyət üçün tap şəffafdır. Biz Azərbaycanda demokratik quruluş yaradılması üçün dinc mübarizə aparırıq, Azərbaycan Konstitusiyasında göstərilən müddəaların həyatda yerini almasına çalışırıq. İşimizdə heç bir qanunsuz məqam olmayın, yoxdur, ola da bilməz. Belə şər-böhtanla bizə psixoloji təzyiq göstərməyi, mübarizədən çəkindirməyi düşünənlər heç ümidlənməsinlər. Bizi belə metodlarla qorxutmaq, yolumuzdan döndərmək olmaz. Belə üsullarla siyasi opponentlərinə qarşı mübarizə aparmağın özü cinayətdir. Biz bu mübarizəyə başlayanda necə çətin bir yola qədəm qoyduğumuzu bilirdik. Mübarizəmizi sonadək davam etdirəcəyimizə heç kəsin şübhəsi olmasın”.

Məsələ ilə bağlı Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdan da açıqlama aldıq. Onun sözlərinə görə, hələlik prosesə Eldar Namazovla yanaşı digər şəxsləri də dəvət edilməsi ilə bağlı mediada gedən xəbərlər dəqiq deyil: “Əflan İbrahimovun dedikləri ilə bağlı araşdırmalar davam edir. Ancaq indidən araşdırmalara kimin dəvət olunacağı ilə bağlı hələlik açıqlama verə bilməyəcəm. Zamanı gəlincə ictimaiyyət rəsmi qaydada məlumatlandırılacaq”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar