Magistraturaya qəbul planı 82.58 faiz dolub

Dərc olunub: 16/08/2017 - 17:43

dim_logo2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında statistik məlumatlar açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 13081 (ötən il 24110) bakalavr qeydiyyatdan keçib.
Bildirilib ki, bu il daha hazırlıqlı və aydın məqsədi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və müsabiqənin nəticələri də gözləntilərin doğrulduğunu bir daha sübut edir.
Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 7703 plan yeri ayrılıb və müsabiqənin nəticələrinə əsasən, 6361 bakalavr (Azərbaycan bölməsi üzrə 5826, rus bölməsi üzrə 535) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2358 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinə qəbul planı 82.58 % dolub. 1342 plan yeri (17.42 %) boş qalıb.
Xatırladaq ki, 2016/2017-ci tədris ilində plan yerlərinin dolma faizi 63.39% olub. Bu il bu göstərici daha da yaxşılaşıb və plan yerlərinin dolma faizi ötən illə müqayisədə ərizə verənlərin sayının az olmasına baxmayaraq təqribən 19% artıb.
Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universitetində, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Mingəçevir Dövlət Universitetinin plan yerləri 90 faiz və daha çox dolub.
Magistraturaya qəbulda plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı İslam Universitetinə (8.33%) aiddir.


loading...




Fikrinizi bildirin