Prokuror ölmüş qadının cəzasının artırılmasını istədi, amma... - Məhkəmə işi

Ölən qadının məhkəməsi keçirilib. Prokuror mərhuma daha ağır cəza verilməsini istəyib. Ancaq məhkəmə prokurorun şikayətini təmin etməyib.

Musavat.com xəbər verir ki, 1957-ci il təvəllüdlü Əliyeva Aybəniz Heydər qızı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; təkrarən xeyli miqdarda ziyan vurmaq) maddəsi ilə təqsirli bilinərək Mingəçevir Şəhər Məhkəməsində hakim qarşısına çıxarılıb. Onun barəsində məhkəmənin 17 oktyabr 2016-cı il tarixli hökmü ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

A.Əliyeva dələduzluqda təqsirli bilinərək dörd min manat məbləğində cərimə cəzasına məhkum edilib. Cərimənin hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödənilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, hökmün icrasının Mingəçevir şəhər icra şöbəsinə həvalə edilməsi, Аybəniz Əliyevаyа elаn оlunmuş ittihаmdаn 178.2.4-cü mаddəsinin xаric edilməsi ilə bağlı qərar çıxarılıb.

Amma bu qərardan dövlət ittihamçısı Vaqif Əsədov narazı qalıb və apellyaisya protesti verib. Prokuror tərəfindən verilmiş apellyasiya protestinə Şəki Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxılıb.

İttihama görə, A.Əliyevа 2013-cü ilin mаy аyının əvvəllərində Şəbnəm Mirzalıyevanın etibаrındаn sui-istifаdə edərək оnun аnаsı Sаdəgül Qurbаnоvаyа əlillik sənədi düzəldəcəyini vəd edib və ondan 1500 mаnаt alıb.

Bundan başqa, Fizuliyevа Rоzа Əli qızını аldаdаrаq оnun əlil оğlu Fizuliyev Zаur Sаhib оğluna 2-ci qrup əlil оlduğu hаldа, 1-ci qrup əlillik sənədi düzəldəcəyini və 200 mаnаt pensiyа müаvinəti аlаcаğını vəd verib. Bu məqsədlə ondan 900 mаnаt alıb.

Həmçinin Məmmədоvа Vаlidə Zаhid qızını аldаdаrаq оnun əlil оğlu Tоfiq Məmmədоva əlillik dərəcəsi düzəldəcəyini vəd edərək 600 mаnаtını alıb.

Prokuror Vaqif Əsədovun apellyasiya protestinə Şəki Apellyasiya Məhkəməsində hаkim Rafail Əliyevin sədrliyi ilə baxılıb. Dövlət ittihamçısı isə Mazan Fətəliyev olub.

Prokuror Vaqif Əsədov A.Əliyevаya təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edililməsini istəyib.

Təqsirləndirilən şəxs A.Əliyevanın müdafiəçisi Cianşa Ömərov isə buna etiraz verib.

Müdafiəçi deyib ki, müdafiə etdiyi A.Əliyeva məhkəmədə cinayətin törədilməsindən səmimi peşmançılıq çəkdiyini bildirib, zərərçəkənlər ərizə yazaraq A.Əliyevaya yüngül cəza verilməsini istəyiblər.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən qadın dünyasını dəyişib. Bu barədə Məhkəməyə A.Əliyevanın ölümü haqqında şəhadətnamə daxil olub.

Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Mazan Fətəliyev təqsirləndirilən şəxs Aybəniz Əliyevanın vəfat etdiyi üçün apellyasiya protestinin baxılmasına xitam verilməsini məhkəmə kollegiyasından xahiş edib.

Zərərçəkmiş şəxslər isə məhkəmədə iştirak etməyiblər.

Məhkəmə kollegiyası tərəfləri dinlədikdən sonra qərarı elan edib.

Cinayət işinin materialını araşdırıb, tərəflərin çıxışlarını dinlədikdən sonra məhkəmə belə nəticəyə gəlib ki, Mingəçevir Şəhər Məhkəməsinin qərarından dövlət ittihamçısı Vaqif Əsədov tərəfindən verilmiş apellyasiya protesti üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir.

Məhkəmə kollegiyası hesab edib ki, belə vəziyyətdə apellyasiya protestinə baxılması davam etdirilə bilməz və ona görə də, apellyasiya baxışı üzrə icraata xitam verilməlidir.

Cinayət prosessual qanunvericiliyində bu halla bağlı konkret norma olmasa da, ancaq analoji vəziyyətlə bağlı normalara əsasən, belə vəziyyətdə apellyasiya protestinə baxılması istisna olunur. Çünki apellyasiya protestinin təmin olunacağı halda daha sərt cəzaya məruz qalacaq şəxs olmur.

Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsində göstərilir ki, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə ) cinayət təqibi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir.

Bundan başqa, həmin Məcəllənin 396-cı (Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi) maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır.

Məhkəmə yekun qərarı ilə apellyasiya protestinə baxılmasına xitam verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar