Aziz Sancar axtardığı azərbaycanlını tapa bilmir

Dərc olunub: 20/08/2017 - 20:32

etibarEtibar Əliyev, təhsil ekspert

“Vətən sevgisi olmasaydı, bu səviyyələrə gələ bilməzdim. Çox çalışın, övladlarınıza da həm çox çalışmağı, həm də vətən sevgisini öyrədin. Məmləkətinə faydalı olan bütün dünyaya faydalı olar”.
Əziz Sancar

Lütfü Zadənin vəsiyyəti ilə bağlı müzakirələr xeyli vaxtdır gündəmdən çıxmır. Əslində, bu alimə ölkəmizdə ciddi diqqətin olmasında professor Rafiq Əliyevin müstəsna rolu var. Lütfü Zadə ilə yanaşı xaricdə çox sayda tanınmış alimimiz çalışır, amma onlar bizim elmi mühitdə və ictimai maraq orbitində qətiyyən görsənmirlər. Adama elə gəlir ki, onlar özləri də nədənsə küsüblər, bizim diqqətimizi heç ummurlar da. Belə bir arzuolunmaz durumda onların bir-biriləri ilə əlaqələrindən isə heç danışmaq olmur. Çətin ki, onlar bir-biri əlaqə saxlayırlar.
Ötən il dünyanın ən məşhur universitetlərindən olan Massaçuset Texnologiya İnstitutunda çalışan dünyanın ən parlaq alimlərindən olan azərbaycanlı Albert Eynşteyn mükafatı laureatı Əli Cavan vəfat etdi. Heç kimin diqqətini də çəkmədi. Lütfü Zadə böyük alimdir, amma Əli Cavanın elmdəki yeri ondan böyükdür. Təbrizdən olan Əli Cavan öz bioqrafiyasında “Azərbaycan türküyəm” yazmışdı. Əli Cavan yaşayan 100 dahi siyahısında ön sıralarda yer alırdı. Bir əfasənə idi. Amma bizim ölkədə nə tanınırdı, nə də sevilirdi. Çünki onun Rafiq Əliyevi yox idi. Yəni heç kim onunla görüşmür, heç kim onunla əlaqə saxlamırdı.

Bu yaxınlarda Azərbaycana qonaq gəlmiş kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar Cəsarət Valehli ilə müsahibəsində maraqlı bir məsələyə toxundu. C.Valehli ondan böyük türk alimi Yell Universitetinin ən gənc professoru olmuş Oqtay Sinanoğlunu soruşdu. Sancar dedi: “Sinanoğlu çox böyük alimdir. Kampusun bir başında mən, digər başında isə o çalışırdı. Ancaq biz görüşə bilmədik”.

Demək olar ki, eyni sahə üzrə çalışan iki böyük türk alimi on illərlə ABŞ-da çalışıblar, lakin görüşə bilməyiblər.
Əli Cavanla olduğu kimi, 10 il öncə Bakıda çalışan və indi dünyanın dörd yanına səpələnən ciddi elm adamları ilə əlaqələr yoxdur. Bu əlaqələrin olması millətçilik duyğularını coşdurmaq üçün deyil, yerli elmi mühiti dünya səviyyəsinə yaxınlaşdırmaq, Azərbaycanda olan gəncləri və gənc alimləri ciddi elm mühitinə qatmaq üçündür. Onlara üfiq açmaq üçündür.

lutfizade_191214

Bunu daha yaxşı anlamaq üçün bir nümunəyə diqqət ayıraq. İqtisad Universitetinin rektoru professor Ədalət Muradovun “Azərbaycan” qəzetində dərc olunmuş “Aziz Sancar: Azərbaycanın ali təhsil sistemində ümidverici prosesləri müşahidə etdim” başlıqlı məqaləsində yazır: “Aziz Sancar Azərbaycanı Türkiyə qədər sevdiyini, onun daha da inkişaf etməsini istədiyini dilə gətirdi. O, xüsusilə Azərbaycanda elmin və təhsilin inkişafı üçün əlindən gələn yardımı göstərəcəyini vurğuladı və bu istiqamətdə konkret təklif də irəli sürdü: “Hazırda mənim laboratoriyamda çoxlu millətlərin nümayəndələri çalışır. Bunlar arasında Türkiyədən, digər türk toplumlarından da gənclər var. Ancaq Azərbaycandan tələbəm yoxdur. Çox arzu edirəm ki, bu tələbələrim arasında Azərbaycandan da biri olsun. Əgər mənim laboratoriyama belə bir tələbə göndərə bilsəniz, mən onu yetişdirərəm və bunun gələcəkdə Azərbaycana çox faydası olar”.

00 sancarAncaq belə bir ifadəni biz Lütfü Zadədən eşitmədik. Bəlkə düzgün əlaqələr qurulsaydı eşdirədik. Bəlkə Əli Cavandan bunu hökmən eşidərdik. Azərbaycanın xaricdə çalışan elm adamları bizim gənclərin tədqiqatlara cəlb olunmasına yardım edə bilərlər və etməlidirlər. Ayrı yolumuz yoxdur. Ölkənin elmi potensialı aşağı səviyyədədir. Lütfü Zadənin üzərində dayanıb durmaqla iş bitmir. Elmi məktəblər yox səviyyəsindədir. Bütün istedadlı uşaqlara və gənclərə xüsusi qayğı göstərilməlidir. Əgər Sancarın laboratoriyasında çalışmaq üçün bir gənc mütəxəssis tapa bilmədiksə, deməli, vəziyyət ürəkaçan deyil.

Heç fərqindəsinizmi, ən yüksək bal toplayan abituriyentlərimizin biri də riyaziyyat, fizika, kimya, biologiya kimi elmlərə meyl göstərmir. Onları bu elmi istiqamətlərə yönləndirənlər də yoxdur.
İkinci dünya müharibəsinə qədər elm Avropada idi. Statistikaya baxsanız, görərsiniz ki, ötən əsrin 40-cı illərinə qədər elm sahələrində tək-tük Amerika alimi Nobelə layiq görülüb. İkinci Dünya müharibəsindən sonra elm yerini Amerikaya dəyişdi. Nobelə layiq görülənlərin 90 faizi ABŞ alimləridir. Minlərlə böyük alim elmləri ilə ABŞ-a xidmət etdilər. ABŞ da onların hesabına qüdrətli dövlətə çevrildi. Müsəlman dünyasında Əbdüs Salam və Əhməd Zevayl kimi böyük alimlər Britaniya və ABŞ-da çalışdılar. Yeri gəlmişkən, doktor Salamın hesabına Pakistandan 500 fizik və riyaziyyatçı Londonda doktorluq dərəcəsini almağa nail olmuşlar.
Əziz Sancarın bu məşhur deyimi də olduqca maraqlıdır “Məmləkətə xidmət üçün elm lazımdır, Avropa, Amerika səviyyəsinə gəlmək üçün elm lazımdır”.

Qırx ildən çox ömrünü tədqiqata həsr etmiş Sancar Nobel ala bildi. Bizim alimlər isə elmi dərəcələr alan kimi vəzifə düşgününə çevrilir, əksəriyyəti isə şeir yazmağa başlayır.


loading...




Fikrinizi bildirin