MƏŞHURLAR ELÇİBƏYİ NECƏ XATIRLAYIR? - "Qürbətdən sonra onu bir dəfə gördüm..." (Sorğu)

Bu gün dövlət, siyasi və ictimai xadim, dissident, Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 17 il ötür.

Görəsən, Azərbaycanın tanınmış sənət adamları Əbülfəz Elçibəyi necə xatırlayır? A24.az saytı bunula bağlı tanınmış sənət adamları arasında sorğu keçirib. Sorğu zamanı onun haqqında maraqlı fikirlərini bölüşənlər olsa da, danışmaq istəməyənlər də olub.

Azərbaycanın xalq artisti Afaq Bəşirqızı zəngə cavab versə də, sualdan sonra telefonu söndürüb.

Aralarında olan dostluq münasibətindən söhbət açan Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, artıq həyatda yoxdur deyə, kədərləndiyini bildirib:

“Elçibəy deyiləndə öncə dostum olaraq yadıma düşür. O, millətini, xalqını sevən, dostluğa qiymət verən bir insan idi. Hakimiyyət dövrü çox qalmaqallı idi. Çünki torpaqlarımızın taleyi həll olunurdu. Qürbətdən sonra onu bir dəfə gördüm. Çox kədərli görüşüydü. Artıq onun gözlərindən hiss edirdim ki, bu bizim son görüşümüzdür. O zamanlar “MİR” televiziyasında çalışırdım. Oradan bir bəhanə ilə çıxdım ki, gedim dostumu görüm. Ondan müsahibə almaq, nəsə yazmaq fikrim yoxuydu. Sadəcə görmək istəyirdim. Elçibəylə bağlı iki məqam yadıma düşür. Əvvəllər “Azneft” çayxanası deyilən yer varıydı. Daha sonra Azadlıq Hərəkatında da bir yerdə çıxış edirdik. Bizim öz çevrəmiz varıydı. Kamil Vəli Nərimanoğlu, Firudin Cəlilov, mərhum sənətkar Aydın Məmmədov, şairlərdən Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Göyçaylı Oqtay Məmmədov (ona “Qara Oqtay” deyirdilər. O həm də Elçibəyin mühafizə xidmətinin rəisi idi), Kamal Abdulla, Ramiz Rövşən eyni çevrənin adamlarıydıq. Çox təəssüf ki, indi onlarla görüşüb, həmin çayxanaya gedə bilmirik. Çünki nə həmin çayxana var, nə də ki o insanlar. Qalanlara Allahdan can sağlığı arzu edirəm. Danışdırdınız çox kədərləndim.”

Xalq artisti Fəxrəddin Manafov sualı dinlədikdən sonra Bakıda olmadığını və danışa bilməyəcəyini deyib. Səbəbini soruşanda isə telefonu söndürüb.

Bu gün daşıdığı Xalq artisti adını aldığına görə, Canəli Əkbərov məhz Elçibəyə minnətdar olduğunu bildirdi.

“Elçibəy təbiətcə çox sakit, ürəyiaçıq bir insanıydı. Xalq artisti adını onun imzasıyla almışam. Televiziyalarda çıxışlarına qulaq asanda fikir verirdim ki, xalqını sevən biriydi. Bir sözlə deyə bilərəm ki, o xalq adamıdır. Allah rəhmət eləsin!”

Suala cavab verməyən sənət adamları sırasında xalq artisti Rasim Balayev oldu. O, səhhətində problem olduğunu və bu barədə danışa bilməyəcəyini dedi.

Xatirəsində mərd, xalqı tərəfindən sevilən biri olduğunu deyən, Xalq artisti Mənsum İbrahimov da mərhum prezidentlə bağlı öz təəssüratlarını bizimlə bölüşdü.

“Onunla şəxsi tanışlığım olmayıb. Amma ölkəsinə, xalqına bağlı bir insan kimi yadımdadır. Bir ziyalı olaraq böyük hörmətim olub. Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”

Xalq artisti Nəzakət Teymurova onun hakimiyyəti dövründə tələbə olduğunu və mərd bir insan kimi xatırladığını bildirdi.

“Heç vaxt ünsiyyətimiz olmayıb. Onun hakimiyyəti dövründə tələbə idim. Belə xasiyyətcə saf, əzmkar, mərd biri kimi xatirəmdədir. Allah rəhmət eləsin!”

Danışmaq istəməyən sənət adamlarından daha biri Xalq artisti Mələkxanım Eyyubova oldu. O, “Qubadayam və yol gedirəm. Buna görə də danışa bilməyəcəm”- deyərək sualdan imtina etdi.

Qeyd edək ki, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy 22 avqust 2000-ci il tarixində uzun sürət xəstəlikdən sonra dünyasını dəyişib.

O, Birinci Fəxri Xiyabanda dəfn edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar