"BƏLKƏ BİRİ GÜL-ÇİÇƏK, BİRİ SİLAHLA QARŞILAYACAQ?" - MTN generalı məhkəmədə

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elşən Tağıyevin epizodu üzrə keçmiş MTN əməkdaşı Xalid Əliyev ifadə verib.

O bildirib ki, E. Tağıyevin saxlanılması ilə bağlı göstərişi MTN-in sabiq polkovniiki, intihar etmiş İlqar Əliyevdən alıb: "Biz də klinikanın qabağında həkim Elşən Tağıyevi saxlayıb, normal şəkildə MTN-nə gətirdik. Bu zaman ona qarşı təzyiq olmadı. Mən onu MTN-nə təhvil verib getdim. Qalan məsələlərlə maraqlanmadım. Onu hansı məqsədlə saxladığımızı bilmədim, yalnız tapşırığı yerinə yetirdim".

Bu zaman prokuror şahiddən vətəndaşın MTN-nə gətirilərkən hansı qaydada təhvil verildiyini soruşub. Şahid isə bunu bilmədiyini deyib.

Təqsirləndirilən Elçin Quliyev isə buna etiraz edərək, prokurora şahidi yönəltdiyini deyib: "Bizim rayon şöbəsinin əməkdaşı belə nazir və ya nazir müavinin əmri olmadan içəri daxil ola bilməzdi".

Prokuror da öz növbəsində şahidi yönləndirmədiyini deyib. Hakim də prokurorun fikrini təsdiqləyib.

Sonra zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə qohumu Tofiq Hümbətov şahid qismində ifadə verib. O, M. Mustafayevə görə öz şəxsi avtomobilində zorla saxlanıldığını deyib: "Mənim telefonlarımı əlimdən aldılar, evimdə axtarış apardılar. Soruşurdular ki, Mətləb Mustafayevlə bağlı hansı məxfi sənədlər var?"

E. Quliyev yenə də şahidin ifadəsinə etiraz edib: "Şahidin ifadəsi Mətləb Mustafayevin MTN-də çalışan qardaşı Malik Mustafayevin ölümü ilə bağlı ola bilməz. Mətləb Mustafayev yalnız silah saxladığına görə həbs olunub. Evə axtarışa gedəndə 20-30 nəfərlik qrup təyin edirlər. Çünki bilmirsən ki, axtarışa gedəndə səni nə ilə qarşılayacaqlar. Bəlkə biri gül-çiçəklə, biri “Quran”la, biri də silahla qarşılayacaq?"

M. Mustafayev isə E. Quliyevin yalan danışdığını və onda silah olmadığını deyib.

Proses sentyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar