TƏQSİRLƏNDİRİLƏN ŞƏXSƏ BƏRAƏT VERİLDİ - Vəkildən açıqlama

13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mahmudov Elvin Bəxtiyar oğlu  təqsirləndirilən şəxs qismindən zərərçəkmiş şəxs statusuna keçirilib.  Bu barədə onun hüquqlarını müdafiə edən tanınmış vəkil Adəm Məmmədov məlumat verib. Növbəti bəraətini qazanan Adəm Məmmədovun “AzPolitika.info”ya bildirdiyinə görə, hüquqlarını müdafiə etdiyi  Elvin Mahmudovun günahsızlığını sübuta yetirə bilib : "13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən və hüquqlarını müdafiə etdiyim Mahmudov Elvin Bəxtiyar oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə (cəzaçəkmə müəssisələrinin normal fəaliyyətini pozma) ittiham verilərək, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmuşdu. Bu maddə ilə  5 ildən 7 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ancaq ortoda olan sübutlar və şahid ifadələri  hüquqlarını müdafiə etdiyi  Elvin Mahmudovun günahsız olduğunu göstərirdi. Biz də bunları müvafiq qaydada toplayaraq istintaq orqanına təqdim etdik. Qaradaq rayon Polis İdarəsinin İstintaq şöbəsi də tərəfimdən verilmiş vəsatət təmin etdi”.

Adəm Məmmədovun sözlərin görə onun verdiyi vəsatətlərə əsasən, baş vermiş hadisə ilə bağlı araşdırma aparılıb: “Araşdırma nəticəsində müəyyən edildi ki, müdafiə etdiyim şəxs Mahmudov Elvin Bəxtiyar oğlu ona qarşı törədilmiş xuliqanlıq hadisəsi zamanı əslində öz həyatı və sağlamlığını müdafiə edib. Məhz  onun Emil Əlizadəyə xəsarət yetirərkən zəruri müdafiə vəziyyətində olması nəzərə alınaraq, əməlində cinayət tərkibi olmadığını sübut etdik. Və buna əsasən də   Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarı və Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, hazırki cinayət işinin Mahmudov Elvin Bəxtiyar oğluna aid hissənin  icraatına bəraətverici əsaslarla hissəvi xitam verilməsinə nail olduq. Eyni zamanda hüquqlarını müdafiə etdiyim Mahmudov Elvinin təqsirləndirilən şəxs qismindən zərərçəkmiş şəxs statusuna keçirilməsi barədə qərar qəbul edildi”.

Adəm Məmmədov onu da diqqətə çatdırıb ki, Mahmudov Elvin Bəxtiyar oğlunun adı əfv edilənlərlə birlikdə rəsmi saytda dərc edilməsinə baxmayaraq, sonradan adı əfv siyahısından yuxarıda göstərilən səbəblərə görə, qanunsuz olaraq çıxarılıb: "Bu haqda Sizin saytınızda da geniş məlumat vermişdik. Həmin vaxt da bildirmişdim ki,  hüquqlarını müdafiə etdiyim Elvin Mahmudova qarşı ittiham irəli sürmək üçün heç bir əsas yoxdur. O, cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozacaq heç bir əmələ yol verməyib.  Bunu kamera görüntüləri də, şahidlər də təsdiqləyirdi.  Buna görə də onun cinayət işinə təqsirləndirilən şəxs kimi cəlb olunması absurd idi. Apardığımız gərgin iş nəticəsində bunu sübuta yetirə bildik. Ona görə də istintaq orqanı hüquqlarını müdafiə etdiyim Mahmudov Elvinin təqsirləndirilən şəxs qismindən zərərçəkmiş şəxs statusuna keçirilməsi barədə qərar qəbul etdi. İşə obyektiv yanaşdıqlarına görə,  Qaradaq rayon Polis İdarəsinin rəhbərliyinə və İstintaq şöbəsi əməkdaşlarına da təşəkkür edirəm. Ümid edirəm ki, hüquqlarını müdafiə etdiyim Mahmudov Elvin Bəxtiyar oğlu tezliklə azadlığa çıxaraq, ailəsinə qovuşacaq".

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar