«ƏN BÖYÜK TƏHLÜKƏ NAXÇIVANDAN OLACAQ» - Bakı İrəvanı seçim və fakt qarşısında qoydu

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın öz postundan gethagetdə ortaya qoyduğu, Dağlıq Qarabağ konfliktinə dair 6 prinsipdən ibarət həll variantı sülh danışıqlarının davamı üçün kövrək ümid yaradıb. Əslində bu prinsiplər bəzi detallar xaric, yeni deyil və “Madrid sənədi”ni özəyini təşkil edir. Lakin Xoqlandın dedikləri erməni tərəfini 3 şeyə görə ciddi narahat edib:

1. Həmin prinsiplər Ermənistanın istəyinin əleyhinə olaraq paket həlli deyil, mərhələli həlli nəzərdə tutur. İrəvan isə Dağlıq Qarabağın yekun statusunun bəri başdan müəyyən olunmasında təkid edir.

2. Həmin 6 prinsipdə Laçından Ermənistana yalnız dar bir dəhliz nəzərdə tutur. Yerdə qalan ərazilərin, yəni 7 rayonun Azərbaycanın suverenliyinə qaytarılması tələbi qoyulur. İşğalçı tərəf isə yalnız 5 rayonun qaytarılmasını mümkün sayır, Laçın və Kəlbəcərin qeyri-müəyyən müddətə özündə qalmasında təkid edir.

3. Hoqland ilkin mərhələdə təmas xəttində etimad mühitini gücləndirmək üçün müşahidə mexanizmlərinin qurulmasının vacibliyindən danışmayıb. Ötən ilin aprel döyüşlərindən sonra İrəvanın danışıqlara qayıtmaq üçün əsas şərti də məhz bu idi – müşahidə mexanizmləri hesabına status-kvonu möhkəmlətmək, özünə qarşı cəzasızlıq atmosferi yaratmaq.

Yəni amerikalı vasitəçi faktiki surətdə bu şərti sıfırlayıb. Bu da o anlama gəlir ki, erməni tərəf sülh danışıqlarından yayınmaqda davam edərsə, növbəti “aprel sindromu”na tuş gələ bilər ki, buna görə də həmsədrləri yox, özünü suçlu bilməlidir.

Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov doğru olaraq məhz bu nüanslara əsaslanmaqla bəyan edib ki, “əgər Ermənistan da Xoqlandın açıqladığı prinsipləri məqbul hesab edirsə (Nalbəndyan təxminən belə demişdi – red.) o zaman substantiv danışıqlara başlamaq olar”.

Belə bir gəlişmə bir sıra erməni təhlilçilərində bununla Bakının İrəvanı artıq fakt qarşısında qoyduğu və “topun indi Ermənistan tərıfdə olduğu” haqda bədbin qənaətlər yaradıb. Yəni bu dəfə də Ermənistanın danışıqlardan yayınması onun üçün asan olmayacaq və hətta müharibə riskini artıracaq. Erməni analitiklərin biri isə deyib ki, kaş ki, sentyabrda Nyu-Yorkda planlaşdırılan Məmmədyarov-Nalbəndyan görüşü hansısa texniki səbəbdən baş tutmayaydı. Çünki hesab edilir ki, İrəvan budəfəki danışıqlara uğursuz, Azərbaycanın əlinə işləyən mövqe ilə gedir.

*****

Lakin danışıqlardan aşkar imtina ilk növbədə İrəvan uçub risklidir, ona görə ki, labüd müharibəyə aparır. Müharibə ehtimalı isə artmaqdadır.

“Cənubi Qafqazda geniş miqyaslı müharibə ehtimalı böyükdür”. Musavat.com-un məlumatına görə, bu barədə xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə tanınmış rusiyalı ekspert Qriqori Trpofimçuk 1 in.am erməni nəşrinə müsahibəsində deyib.

Analitik müharibə variantında ermənilərin ən çox təlaşlandığı Naxçıvan istiqamətindən təhlükədən və Naxçıvanda Türkiyə və Azərbaycanın güclənən hərbi əməkdaşlığından danışarkən deyib: “Qarabağ konflikti qızışarsa, nəzəri cəhətcə hərbi əməliyyatların Naxçıvan istiqamətində olması da mümkündür. Azərbaycan Naxçıvanın önəmini əla başa düşməklə yanaşı, bu regionun zəif tərəflərini, əlverişsiz coğrafi mövqeyini də yaxşı anlayır. O üzdən də təhlükəsizlik nöqteyi-nəzərdən düzgün hərəkət edir ki, Naxçıvanın müdafiəsini möhkəmlədir. Çünki əgər Azərbaycan Dağlıq Qarabağa zərbə endirsə, o halda Naxçıvan zərbə altında qala bilər. Başqa yandan, təhlükə var ki, Azərbaycan Ermənistana məhz Naxçıvandan zərbə vuracaq”.

“Naxçıvan – bölgədə hərbi əməliyyatlar başlarsa, Cənubi Qafqazın diqqət mərkəzində olacaq məntəqələrindən biri olacaq. Türkiyə və İran regionun qonşuluğunda yerləşir – biz hələ Naxçıvanın Ermənistanla həmsərhəd olmasını demirik. Qarabağ zonasında real müharibə alovlanarsa, bu, böyük müharibə olacaq. Təbii ki, o halda həm Ermənistanın, həm də Azərbaycanın paytaxtlar da daxil, bütün iri şəhərləri raket zərbələri altında olacaq. Zərbələr isə bütün mümkün məntəqələrdən endiriləcək. Naxçıvandan danışırıqsa, Azərbaycan bu nahiyədə çox əlverişli mövqeyə malikdir. Demək, Naxçıvan mümkün müharibə zamanı mühüm strateji önəm daşıya bilər”, - deyə ekspert qeyd edib.

Q.Trofimçuk Azərbaycanla Ermənistan arasında böyük müharibə ehtimalını isə ciddi hesab edir. “Hazırda biz Qarabağ probleminin həllini görmürük. Üstəlik, keçən ilin aprelindən sonra vəziyyət daha da pisləşib. Başa düşürük ki, indiki durum daha çox Ermənistana sərfdir. Ancaq Azərbaycan status-kvodan narazıdır. Demək, vəziyyət pisləşməkdə davam edəcək” – politoloq əlavə edib.

*****

1 in.am nəşrinin müxalifyönlü şərhçisi Sarkis Arsruni isə hesab edir ki, mövcud status-kvonun saxlanması əslində ən çox Ermənistanın və Dağlıq Qarabağ ermənilərinin ziyanına işləyir.

Musavat.com-un n məlumatına görə, erməni təhlilçisinin bu xüsusda şərhində deyilir: “Son iki gündə (Hoqlandın açıqlamasından keçən zaman nəzərdə tutulur - red.) bizim siyasi sistemin köhnə xəstəliyi yenidən özünü göstərməyə başlayıb. Məsələ ondadır ki, uzunmüddətli perspektiv üçün status-kvonun saxlanmasına stavka eləmək - ən azı üç səbəbdən avantürizmdir: əvvəla, bizim müharibə üçün resurslarımız və müttəfiqlərimiz yoxdur və status-kvo rejimi yalnız birtərəfli qaydada Ermənistanın Rusiyadan asılılığını gücləndirir. Bu templə biz suverenliyimizin sonuncu elementlərini də itirməkdəyik. Bu halda hətta “Arsax”ın da təhlükəsizliyindən danışmaq mənasızdır. Status-kvo – təkcə ön xətdəki situasiya və ya hərbi göstəricilər demək deyil, bütöv bir sistemdir – hansı ki, hətta səthi analiz zamanı hər keçən il baxımından Ermənistan üçün geriləməni, ölkədən emiqrasiyanı diktə edir”.

Necə deyırlər, əlavə şərhə ehtiyac qalmır. Tək bu əlavədən savayı: işğalçı Ermənistan sülh istəyəcəksə, sülhü, müharibə istəyəcəksə, müharibəni alacaq. Yəni seçimi Azərbaycan yox, Ermənistan etməlidir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar