PUTİN REJİMİNİN “AXİLLES DABANI” – Rusiyanın xaricdə gizlədilmiş kapitalı təhlükə qarşısında!

Rusiya prezidenti Vladimir Putinin hakimiyyəti zənn edildiyindən də zəifdir. Bundan əlavə onun hakimiyyətinin özülü ierarxik hakimiyyət klanının konsolidasiyası əsasında qurulub. Elə məhz belə hakimiyyət də onun siyasi yaşamının ən böyük təhlükəsinə çevrilib.

Səbəb isə çox sadədir. Etibarlı mülkiyyət hüququnun olmaması və Rusiyadakı korrupsiyalaşmış kapitalizm sistemi Putinin dostları olan iri məmurları və oliqarxları öz pullarını xaricdə saxlamağa vadar edir. Üstəlik də bu pullar Putinin kəskin tənqid etdiyi Qərb ölkələrinin banklarında saxlanılır.

Putin incəliklə özünə loyal olan adamların köməyi ilə hakimiyyətin üç həlqəsini yaradıb - dövlət, dövlət şirkətləri və loyal “özəl” şirkətlər. Bu proses onun hələ Federal Təhlükəsizlik Xidmətinin sədri işlədiyi 1998-1999-cu illərdə başlamışdı. O zaman Putin ölkənin gizli polisi üzərində nəzarəti ələ götürmüşdü.

Lakin hakimiyyətin konsolidasiya prosesinin ən mühüm dövrü Putinin 2000-2004-cü illərdəki prezident müddətidir. Əvvəlcə, 2000-ci ilin yayında o, Rusiya televiziyasına nəzarəti ələ keçirdi. Sonra isə Putin dövlət və regional hakimiyyət orqanlarının vertikal hakimiyyətini yaratmaqla yanaşı, məhkəmə sistemində də özünün istədiyi kimi “qanunun diktaturasını” qurdu.

Bundan sonra 2003-cü ilin parlament seçkilərində Dövlət Dumasında (Rusiya parlamentinin aşağı palatası) və Federasiya Şurasında (yuxarı palata) çoxluq qazandı. Dövlət hakimiyyətinin zirvəsi sayılan Təhlükəsizlik Şurasına üç DTK generalını yerləşdirdi: Sergey İvanov, Nikolay Patruşev və Aleksandr Bortnikov.

Hakimiyyət həlqəsinin möhkəmləndirilməsi üçün Putin növbə ilə ilk olaraq 2001-ci ilin may ayında “Qazprom”dan başladı. O dövlət şirkətləri üzərində nəzarəti ələ keçirərək, onlara prezidentlər və direktorlar şurasına özünə loyal adamları sədr təyin etdirdi. İndi dövlət şirkətlərinin üç başlıca top-meneceri var. Bunlar “Rosneft”də İqor Seçin, ”Qazprom”da Aleksey Miller, ”Rostex”də isə Sergey Çemezovdur.

Putin 2007-ci ildə dövlət sektoru üzərində hakimiyyəti bərkitdi. Özünün ikinci prezidentlik müddətində yaratdığı nəhəng şirkətlər ucuz dövlət maliyyələşməsi hesabına əhəmiyyətli səviyyədə genişlənib. Həmin şirkətlər öz sahələri üzrə inhisar yaradıblar. Bu şirkətlər iqtisadiyyatın böyüməsi mənbəyi deyil, hakimiyyət və gəlir mənbəyi kimi qəbul edildiyi üçün onlar rəqabətin olmasında, sahibkarlığın inkişafında, innovasiyalarda maraqlı görünmürlər. Onlar üçün korporativ idarəetmənin yeganə standartı Putinə loyal olmaqdır.

Sonra Putin öz qüdrətli “dostlar”ı və onların şirkətlərindən ibarət üçüncü hakimiyyət həlqəsi yaradıb. Birinci dördlük belə görünür: Gennadi Timçenko, Arkadi Rotenberq, Yuriy Kovalçuk, Nikolay Şamalov.

Bu şəxslərin davranışları əsasən kleptokratiya kimi dəyərləndirilir, lakin Putin onların çoxsaylı şübhəli əməliyyatlarının qanuniliyini texniki baxımdan təminat altına almaqdan ötrü, özünün qanunverici səlahiyyətlərindən istifadə edib. Məsələn, “dostlar”ın dövlət şirkətlərindən aşağı qiymətə aktivlər almaq hüququ var. Bundan başqa onlar heç bir rəqabət görmədən dövlət müqavilələri ilə təmin edilirlər.

Putinin yaratdığı sistem 1860-cı illərdəki böyük islahatlara qədərki çar sisteminə çox oxşayır. Və haqlı olaraq Putini çox vaxt “Yeni çar” adlandırırlar, çünki onun hakimiyyəti hüquqi cəhətdən sərhədsizdir (Ancaq buna baxmayaraq, onun üçün ictimai fikir və populyarlıq reytinqi mühüm amildir). Rusiyanın institusional inkişafını təmin etmək əvəzinə, o ölkənin dərin şəkildə institutsuzlaşması ilə məşğul olub. Belə ki, Putin icra, qanunverici və məhkmə hakimiyyətinin öz əlində cəmləşdirilməsinə yönəlmiş siyasət aparıb.

Amma etibarlı mülkiyyət hüququnun yoxluğu şəraitində varlı rusiyalılar və həmçinin də Putinin dostları yaxşı anlayırlar ki, onların aktivlərinin yeganə təhlükəsiz saxlanma yeri xarici ölkələrdir. Rublun tamamilə konvertasiya edilməsi və ölkədən məhdud sayda pul çıxarılması hesabına onlar öz gəlirlərini vergi ofşorlarına köçürə bilərlər. Təbii olaraq bütün bunlar Putinin nəzarətində olmayan dördüncü hakimiyyət həlqəsinin meydana gəlməsinə gətirib çıxarıb. Həm də ki, bu vergi ofşorları artıq təhlükəsiz olmaqdan çıxmış kimidirlər.

“Çirkli pullar”ın “yuyulması” ilə bağlı maliyyə tədbirlərinin həyata keçirilməsindən sonra İsveçrədəki bank sirlərinin qorunması və pulların “yuyulması” zəiflədi. Və nəticədə kiçik ada dövlətlərindəki çoxsaylı vergi ofşorları təmizləndi. Ofşorlar demək olar ki, yalnız iki böyük istiqamətdə qalır -ABŞ və Böyük Britaniyada.

Hər iki ölkədə vayuta vasitələrinin anonim köçürülməsinə icazə verilir və aktivlərin sahiblərinə isə öz şəxsiyyətlərinin gizlədilməsinə imkan yaradılır. Hər il on milyardlarla dollar ABŞ-dakı hüquqi firmaların qeyri-şəffaf bank hesablarından keçir ki, bu da pulların “yuyulmasına” gətirib çıxarır.

Ümumiyyətlə, Qərb hökumətləri öz ərazilərində bu cür fəaliyyətləri nəzarətə götürmək üçün ciddi səylər göstərmirlər. Krımın Rusiya tərəfindən qanunsuz ilhaqına cavab olaraq tətbiq edilmiş sanksiyaların şərtlərinə görə, Putinin dostlarının ABŞ və Avropa Birliyindəki aktivləri dondurulmalıdır. Reallıqda isə praktik olaraq heç bir aktiv “tapılmayıb”.

Vəziyyəti dəyişməyin vaxtı gəlib çatıb. Sanksiya altında olan şəxslərin və onların aktivlərinin kompleks araşdırılmasına başlamaq lazımdır. Rusiya ofşor zənginliyinin böyük bir hissəsinin saxlanıldığı ABŞ və Böyük Britaniyada da, əksər Avropa ölkələrindəki kimi sahibkarların anonimliyinə qadağa qoymalıdır. ABŞ, həmçinin müştərilərin ölkəyə anonim və “çirkli pullar”ın köçürülməsi üçün vəkillərin imtiyazlarından istifadə olunmasına da icazə verməməlidir.

Yaxşı xəbər artıq üfüqdə tərəqqinin görünməsi ola bilər. Prezident Donald Tramp tərəfindən 2 avqust tarixində imzalanmış yeni qanun, 180 gün ərzində “yüksək vəzifəli xarici siyasət fiqurları və Rusiya Federasiyasının oliqarxları” və onlara məxsus aktivlər barəsində dərin təhqiqat aparılmasını nəzərdə tutur. Bu siyahıya həmçinin həmin şəxslərin həyat yoldaşları, uşaqları, valideyinləri, qardaş və bacıları da daxildir.

Rusiyanın liberal siyasətinin veteranı Leonid Qozman deyib: “Bizim təbliğatçıların sözlərinə görə, Rusiya dövləti çox dəyərli, ancaq çox kövrək məmulatdan hazırlanıb və onu korrupsiyaya qarşı mübarizədən tutmuş, talançılıqla məşğul olan məmurun istefaya göndərilməsi tələbinə kimi istənilən qüvvə dağıda bilər”.

Rusiyanın Nyu-York, London və sairə şəhərlərdə toplanmış nəhəng həcmdəki kapitalını nəzərə alsaq, Qərb həmin bu kövrəklidən yararlanmq üçün ideal mövqedə dayanmış kimi görünür.

(“Project Syndicate”–ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar