“20 yanvar” dairəsində bayram günü “taksi şousu” - Reportaj + Fotolar

Qurban bayramı ilə əlaqədar olaraq bir çox insan Bakıdan bölgələrə üz tutur. Bu gün bayramın son günü olmasına baxmayaraq ölkədə hələ sentyabrın 5-nə qədər qeyri-iş günüdür. Buna görə də insanların rayonlara axını davam edir.

Musavat.com-un əməkdaşı olaraq bölgələrə işləyən taksilərin daha çox rast gəlindiyi "20 Yanvar" dairəsində olub, buradakı vəziyyəti öyrəndik. Metronun "20 Yanvar" stansiyasının qarşısında taksilərin dayanmasına icazə verilməsə də, bu qadağaya məhəl qoymayanlar da az deyil. Ərazidə olan bütün sürücülər bir ağızdan gedəcəkləri rayonların adlarını qışqırırlar. Hətta az qalır ki, insanları məcbur tutub, bölgələrə aparsınlar. Onu da qeyd edək ki, bir zamanlar “20 Yanvar” dairəsindən Sumqayıta işləyən mikroavtobuslar yığışdırılsa da, hazırda onlar yenə də iş başındadırlar və metronun çıxışında dayanıb, rahat şəkildə 60 qəpikdən Sumqayıta sərnişin yığırlar.

Bölgələrə işləyən sürücülərin isə vəziyyəti daha çətindir. Onlara, ümumiyyətlə, metronun çıxışına yaxınlaşmağa imkan verilmir. Sürücülərin də bir qismi çıxış yolu kimi dəmir barmaqlıqların üzərinə çıxıb, oradan rayonların adlarını dayanmadan qışqırıb, sərnişin çağırırlar.

Əslində isə yuxarıda da qeyd etdiyimiz kimi rayonlara işləyən sürücülərin burada dayanmaları qadağandır. Səbəb kimi isə onların bu cür səs-küy salıb, bir-biriləri ilə dalaşıb,söyüş söyüb insanların rahatlıqlarını pozmaları göstərilir. Hazırda sürücülərə ayrılan yer, 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən körpünün altıdır.

Adətən öyrəşmişik ki, bayram günlərində həm bazarlarda, həm də bu kimi sərnişin daşımaçılığında süni qiymət artımı baş verir. İşbazlar tələbatın çoxluğundan istifadə edib, gündəlik qiymətləri qaldırırlar. Bu il isə vəziyyət fərqlidir. Müşahidə etdik ki, onlarla taksi sürücüsü sərnişin olmadığı üçün hətta gündəlik qiymətdən aşağı gediş haqqı elan edirlər. Məsələn, Sabirabada adi günlərdə 8 manata aparan taksilər, hazırda 7 manata belə sərnişin daşımağa razıdırlar. Sürücülərlə söhbət etdiyimiz zaman onlar bildirdilər ki, vəziyyət bu gündən etibarən lap pisdir. Beyləqana sərnişin daşıyan Taleh Qəmbərov bildirdi ki, dünən gecədən körpünün altında qalandır:

“Axşam gəldim bura, gördüm müştəri yoxdur. Elə maşının içərisində yatıb qalmışam. Bu gün də vəziyyət yaxşı deyil. Dünən sərnişin çox idi, maşın tapılmırdı. Hər iki tərəfdə vəziyyət eyni idi. Yəni camaat həm rayonlardan Bakıya çox gəlirdi, həm də Bakıdan rayonlara sərnişin sayı çox idi. Ona görə də taksi fəaliyyəti ilə məşğul olan da, olmayan da indi üz tutub bura. Nəticədə də gündəlik işləyənlər çörəksiz qalıblar. Göründüyü kimi bir dənə sərnişin yoxdur. Burada qiymət artımından söhbət gedə bilməz. Hamı əvvəl neçəyə aparırdısa, indi də elədir. Dünən, sırağagün bəziləri qiymətləri qaldırmışdılar. Ancaq bu gün elə hal yoxdur. Heç benzin bahalaşandan sonra gəlib-getmək sərf etməsə də qiymətləri qaldırmamışıq. Qiyməti artıq deyəndə müştəri gəlmir”.

Taleh piyada keçidindən yolu keçən bir şəxsi görüb, söhbəti yarımçıq qoyaraq digər sürücülərlə birlikdə onun qarşısına qaçdı. Hərə bir rayonun adını qışqırsa da, sərnişin hesab etdikləri şəxs, sadəcə yolu keçdiyini bildirdi. Bütün sürücülər kor-peşiman yenidən öz avtomobillərinin yanına qayıtdılar.

Körpünün altında sərnişin üstündə tez-tez sürücülərin bir-biriləri ilə dalaşdıqlarının da şahidi olduq. Əksər sürücülər sərnişinlərə “1 nəfər boş yer qalıb” deyərək, aldadırlar. Sürücü ilə razılaşıb, avtomobilə əyləşəndə sərnişin görür ki, maşında ondan başqa kimsə yoxdur. Nəticədə sərnişin düşüb ən azı 2 nəfərin olduğu avtomobilə mindikdə isə sürücülər arasında dava düşür. Sərnişini olmayan sürücü digərinə deyir ki, sən mərdimazarsan və mənim çörəyimə dəyirsən. Nəticədə mübahisə daha da şiddətlənir . Sərnişin isə ortalıqda qalır və bu dəmdə üçüncü sürücü peyda olub, onu daha ucuz qiymətə öz avtomobilinə mindirir. Orada olduğumuz təxminən yarım saat müddətində bir neçə bu tipli mübahisələrin şahidi olduq.

Yekun olaraq onu qeyd edək ki, Qurban bayramı ərəfəsində rayonlara işləyən taksi sürücüləri qiymətləri qaldırmayıblar, əksinə, sərnişinsiz qa1ıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar