Mahatma Qandini qətlə yetirən millətçilər məqsədinə nail oldumu? - ARAŞDIRMA

Mahatma Qandi: “Şeytanlara fəaliyyət azadlığı verin, özləri özlərini cəzalandıracaqlar”

Mahatma Qandi insanlıq tarixində misli görünməmiş milli-azadlıq hərəkatının – doğma vətənini zora əl atmadan, qan tökmədən dünyanın ən böyük müstəmləkəçi dövləti Böyük Britaniyanın əsarətindən xilas etməyin təkrarsız lideri olub. Yeri gəlmişkən, bu böyük insanın İmam Hüseynin İslamın xilası uğrunda aparadığı və Kərbəla müsibəti ilə başa çatmış mübarizəyə verdiyi qiymət bu faciə haqda ənənəvi təsəvvürləri  kökündən dəyişdirir (İmamın 72 nəfərlik qafiləsinin guya Yəzidin onları əsir almağa göndərdiyi 30 minlik qoşuna qarşı vuruşub həlak olduğu haqda mifləri nəzərdə tuturuq): “Biz mübarizə aparmağı İmam Hüseyndən öyrənməliyik”.      

13 yanvar 1948-ci il, Dehli, Birlihaus. XX əsrin ən məşhur insanlarından biri növbəti axşam ibadətinə yollanır. O, məbədə çatanda kütlənin içindən bir nəfər çıxır. Üç atəş səsi guruldayır. Müstəqil Hindistanın qurucusu yerə yıxılır. Ən böyük arzusu gerçəkləşəndə onu öldürmək nəyə lazım idi?

31 yanvar 1948-ci il, Dehli. Mahandasa Qandi Mahatmanın – Böyük Ruhun öldürüldüyü günün sabahısı onun cəsədi yandırılır. Hindistanın Britaniya rejimindən xilas olub müstəqillik qazandığı gündən cəmi beş ay keçib. Lakin Qandi zorakı ölümlə ölmüş milyonlarla insandan yalnız biridir. Çünki azadlığıa gedən yol məşəqqət və nifrətdən keçir.

Qandini fanatik bir dindar öldürür və qatili hərəkətləndirən qəzəbin mənbəyi Hindistan tarixinin dərinliklərindən baş alıb gəlir. Mahandas Karamçan Qandi 1869-cu ildə anadan olanda artıq bir əsrdən çox idi ki, britanıyalılar Hindistan yarımadasına nəzarət edirdilər. Lakin kraliça Viktoriyanın imperiyasının mirvarisinin bərq vuran görüntüsünün arxasından müstəqillik tələbləri getdikcə daha ucadan səslənir. Hindistan dini və siyasi gərginlik mərkəzi olaraq qalır. İnduizm əhalinin ¾-nün dinidir, islam sayca ikinci dindir. Lakin hələ sikhlər, parslar, buddaçılar, xristianlar və onlarla təriqət var. Qandi bu ehramın zirvəsində doğulur. Onun atası yarımüstəqil knyazlıqlardan birinin birinci naziridir, anası isə nəcabətli nəsildən olan möminə bir induizmçidir. O, oğluna pasifizm və həyatın müqəddəsliyi ideallarını təlqin edir.

Londonda hüququ öyrənmiş Qandiyə Güney Afrikada vəzifə təklif edirlər. Burada geniş yayılmış irqçilik onu dəhşətə gətirir. O, tezliklə hind icmasının hüquqları uğrunda hərəkatın liderlərindən birinə çevrilir. 12 dekabr 1911-ci il, Dehli. Kral V Georginin Hindistanın imperatoru kimi taxta çıxması qeyri-adi təmtəraqla qeyd olunur. Lakin artıq növbəti ildə imperiyanın zəifliyi üzə çıxır. Hindistanın paytaxtı kimi Dehlini işıqlandıranda general-qubernator lord Hardinqə bomba atırlar. O yaralanır, köməkçisi həlak olur.

Qandi zorakılığın əleyhdarı kimi çıxış edir. O, 1915-ci ildə Hindistana qayıdır və görür ki, Britaniya rejimi Güney Afrikadakı kimi cəza rejimidir. Tezliklə Hindistanın azadlığı uğrunda mübarizə aparan Milli Konqres Partiyasına daxil olur. Konqresin daha bir üzvü müsəlman vəkil Muhəmməd Əli Cinadır. O,həmçinin İslamın maraqlarının müdafiəsi üçün 1906-cı ildə əsası qoyulmuş Müəslman Liqasının üzvüdür. Hər iki din bu mərhələdə vahid və müstəqil Hindistan uğrunda mübarizə aparır. Qandi tətil və acgöz torpaq sahiblərinə qarşı etiraz aksiyaları təşkil etməyə başlayır. Lakin tələb edir ki, hər şey sakit və dinc xarakter daşısın.

19 aprel 1919-cu il, Amritsar. Britaniya ordusu etiraz əlaməti olaraq mərkəzi meydana yığışmış, lakin özünü dinc aparan kütləyə atəş açır. 379 adam öldürülür, 1200 nəfər ciddi yara alır.

Bütün Hindistan üzrə zorakı fəaliyyətə qəzəbli çağırışlar səslənir. Qandi fikrindən daşınmır. Etirazın ancaq dinc formalarına əl atmaq lazımdır. Lakin o, indi əmindir ki, Britaniyanı Hindistanı tərk etməyə məcbur etmək lazımdır. Onun ideyaları Konqres Partiyasından çıxan Cina ilə ayrılmağa gətirib çıxardır. Bu, Hindistanın müstəqilliyi uğrunda mübarizəni mürəkkəbləşdirəcək parçalanmanın əlamətidir.

Qandi tezliklə Konqres Partiyasının şəriksiz lideri olur. O, Hindistanın dinc yolla müstəqillik qazana biləcəyini Britaniyaya sübut etmək istəyir. Noyabr 1921-ci il, Bombey. Uels şahzadəsinin səfəri Qandiyə qanunsuzluqlardan birinə – xarici malların, birinci növbədə Britaniya qumaşının idxalına qarşı ellikcə kampaniya təşkil etmək imkanı verir. Kütlə şahzadəni salamlayınca Qandi xarici qumaş və geyimlərdən tonqal qalayır. Polis tonqal başına yığışanları dağıdır.

Qandi başqa kampaniya təşkil edir. Britaniya məhkəmələri, ofislər və təhsil müəssisələri boykota məruz qalır, Britaniyanın fərqlənmə rütbələrinə isə etinasızlıq göstərilir.

10 mart 1922-ci il. Qandi qiyama çağrışa görə həbs olunur. O özünü təqsirli hesab edir və 6 illik həbs cəzasına məhkum olunur. İki ildən sonra appendisitə görə onu buraxırlar.

O, həbsxanada olarkən Konqres Partiyası parçalanır. İnduistlərlə müsəlmanlar arasında yalnız dinc taktikaya qane olub-olmamaq barədə mübahisələr gedir. Qandi müstəqillik uğrunda hərəkatı birləşdirməyə cəhd edir. O, Britaniya rejimi əleyhinə çıxışlarını davam etdirir, amma eyni zamanda ancaq dinc etiraz üsullarından istifadə etməkdə israrlıdır. Dekabr 1928-ci il, Kəlküttə. Qandi britaniyalılara çağırışla Hindistana asılı dövlət statusu verilıməsini tələb edən qətnaməni Konqres Partiyasından keçirdir. Əks-təqdirdə müstəqillik əldə etmək məqsədilə növbəti dinc etiraz kampaniyası başlanacaq. Britaniyalılar bu tələbə etinasız yanaşırlar.

26 yanvar 1930-cu il, Lahor. Milli Konqres Hindistanın Milli Gününü qeyd edir. Qərar qəbul edilib və Qandi tezliklə sözdən işə keçəcək.

12 mart 1930-cu il, Əhmənabad. Qandi dənizə doğru 400 kilometrlik yürüşlə vətəndaş itaətsizliyi kampaniyasına başlayır.

6 aprel, Dandi. O və minlərlə tərəfdarı duzu ancaq dövlət inhisarından almaq barədə qanuna zidd olaraq dənizdən duz yığırlar. Britaniyanın reaksiyası çox güclü olur: 6 min nəfər həbs edilir.

Vətəndaş itaətsizliyi mətbuatın başlıca mövzusuna çevrilən kimi, Müsəlman Liqası bildirir ki, müstəqillik əldə ediləndə, güman ki, müstəqil islam dövləti yaratmaq lazım gələcək.

5 may 1930-cu il, Dehli. Qiyama çağrışa görə Qandini yenidən həbsə alır, lakin 1931-ci ilin martında azad edirlər. O, Londonda Hindistanın özünüidarə məsələsi üzrə dəyirmi masada Milli Konqres Partiyasını təmsil edəcək. Britaniyaya çatanda Qandi adi geyimdə yoxsulların arasında qalır. Çünki, onun sözlərinə görə, özünə uyğun adamların içində yaşamağı üstün tutur. Lakin onun missiyasının nəticəsi hədsiz dərəcədə kədərlidir. Müsəlman əyalətlərinin ayrılması və istənilən qanunvericilik qurumunda sırf islami yerlərin ayrılmasını tələb edən müsəlman nümayəndə heyəti Qandiyə qarşı çıxır. Özünüidarə əlçatmaz  görünür. Bununla belə, Qandi son məqsədə sadiq qalır: “Konfransdakı çıxışlarım rəsmi şəkildə protokollaşdırılıb. Bunu istədiyiniz kimi adlandırın, lakin bizə tam müstəqillik lazımdır”.

Qandi Hindistana qayıdan kimi vətəndaş itaətslizliyi aksiyasının təzələnməsini elan edir. Britaniya dərhal reaksiya verir.

4 yanvar 1931-ci il, Bombey. Qandini yenidən həbsə alırlar. Növbəti 2 ay müddətində onun 30 mindən çox ardıcılı həbsxanaya düşür. Həbsxanada və 1933-cü ildə azad ediləndən sonra Qandinin istənilən kəslə ünsiyyət saxlamasına daha çox mane olurlar və vətənadş itaətsizliyi kampaniyası qüvvədən düşür.

25 iyun 1934-cü il, Pune (Bombeyin yaxınlığı). İlk dəfə Qandini öldürmək cəhdi məhz bu zaman baş verir. Qandi nitq söyləməyə gedəndə yolayrıcında onun maşınını mühafizənin maşınından ayı salırlar. Mühafizə birinci gəlib çatır və orada ona bomba atırlar. 10 nəfər yaralanır. Hadisədə Qandinin düşmənlərindən kimin əli olduğunu aydınlaşdırmaq mümkün olmur.

1934-cü ilin oktyabrında britaniyalılarla konstitusiya diskussiyalarında iştiraka görə fikir müxtəliflikləri nəticəsində Qandi Konqres Partiyasından çıxır. Qandinin şagirdi Cavaharlal Nehru partiyanın lideri olur.

Qandi özünü ruhsal həyata həsr etmək üçün tənhalığa çəkilir. Bu arada Britaniya hökuməti Hindistan hökuməti haqqında qanun qəbul edir. Qanun əyalətlərin demokratik yolla seçilmiş hökumətlərinə önəmli dərəcədə səlahiyyətlər verir. Konqres 1937-ci ildəki ilk yerli seçkilərdə 11 ştatdan səkkizində, Müsəlman Liqası isə qalan üçündə hakimiyyətə nəzarəti ələ alır. Təəssüf ki, Konqres müsəlmanların ciddi dəstəyə malik olduğu bölgələrdə onlarla hər hansı bir koalisiyaya getməkdən imtina edir. Cina və digər islam liderləri ayrıca dövlət ideyasına qayıdırlar.

2 sentyabr 1939-cu il, Dehli. Britaniya nasist Almaniyası ilə müharibəyə girərkən Hindistanın vitse-kralı lord Lilli Qou dərhal xəbərsiz hindlilərə elan edir ki, Hindistan da müharibə vəziyyətindədir. Nehru və Konqres partiyası qəzəblənir. Onlar vəd edirlər ki, qələbə çalınacağı halda Hundistana müstəqillik verilməsə, müharibəyə hər hansı bir yardımdan imtina edirlər. Qandi Hindistanın özünü demoktartik azadlıqlardan məhrum edirlərsə, demokratiyanın xilası naminə Hindistanın müharibədə iştirak etməyəcəyini deyib daha dərinə gedir. Britaniyalılar qəsdən cavab vermirlər və minlərlə hind əsgəri döyüşmək üçün Orta Şərqə göndərilir.

8 dekabr 1941-ci il, Malaya. Yapon qoşunlarının müdaxiləsi ilə vəziyyət kəskin şəkildə dəyişilir. Yaponlar britaniyalıları tezlikə geri oturdurlar.

15 yanvar 1942-ci il, Birma. Yaponlar Britaniyanın ikinci müstəmləkəsinə soxulurlar. Və britaniyalılar yenə də Hindistan sərhədinə çəkilməyə məcbur olurlar.

31 yanvar 1942-ci il, Sinqapur. Britaniya qoşunları öz qalalarını acizanə şəkildə yaponlara təhvil verirlər. Belə bir təəssürat yaranır ki, onların Uzaq Şərqdəki müstəmləkə imperiyası iflas həddindədir. Britaniya hökuməti var qüvvəsilə vəziyyəti düzəltməyə çalışaraq görkəmli leyboprist siyasətçi ser lord Staford Kriksin başçılığı ilə Hindistana missiya göndərir. Həm də yeni təkliflə: Konqres müharibəyə dəstək versə, Hindistan müharibədən sonra müstəqillik əldə edəcək.Qandi dərhal bəyan edir ki, müharibəyə dəstək olan hər şeyin əleyhinədir. Danışıqlar dayanır.

8 avqust 1942-ci il, Dehli. Qandi britaniyalıları Hindistanı tərk etməyə çağırır və yeni vətəndaş itaətszliyi kampaniyası elan edir. Sabahı gün onu və Konqres partiyasının aparıcı siyasətçilərini barmaqlıqlar arxasına atırlar. Vətəndaş itaətsizliyi kampaniyası tezliklə qiyam və sabotaja çevrilir. Britaniyalılar sentyabrın sonunda qiyamı zor gücünə boğmağa nail olurlar. Lakin Cina və Müsəlman Liqası bu hərəkata qatılmaqdan imtina edir. Onlar 1940-cı ildə müstəqil müsəlman dövlətini – Pakistanı yaratmaq istəklərini yenidən bəyan etdilər. Onlar indi hadisələrin necə inkişaf edəcəyini müşahidə etmək niyyətindədirlər.

6 may 1944-cü il. Qandi malyariya xəstəliyinə tutulur. Qandinin həbsxanada ölməyinin qiyama səbəb olacağından ehtiyatlanan britaniyalılar onu azad edirlər. Qandi Müsəlman Liqası cəbhəsi ilə vahid cəbhəni saxlamaq arzusu ilə Cinaya Hindistan müstəqillik əldə edəndə ayrıca müsəlman dövlətinə dair referendum keçirməyi təklif edir. Lakin Cina istəyir ki, qərar ingilislər gedənə qədər qəbul edilsin və danışıqlar kəsilir. Qandi yenidən tənhalığa çəkilir.

İyun 1945-ci il, Dehli. Almaniyanın məğlubiyyəti və Yaponiyanın Birmadan çıxardılmasından sonra vitse-kral lord Veyvl Konqres Partiyasının qalan liderlərini azadlığa buraxır. Sonra Hindistanın müstəqilliyinə ilk addım kimi yeni icraçı şuranın yaradılmasını müzakirə etməkdən ötrü Simlidə konfrans çağırır. Qandinin iştirakına baxmayaraq, Cina və Müsəlman Liqasının müstəqil dövlət yaradılmasını təkid etdikləri aydın olanda konfrans dayanır.

İyul 1945-ci il, London. Britaniyada leyboristlərin ümumi seçkçilərdə inamlı qələbəsi Hindistanın müstəqilliyinə az qaldığını bildirir. Lakin induist və müsəlman siyasətçiləri arasındakı ixtilaf dəfedilməz olur. Önəmli qərarları daha uzatmaq olmaz.

Mart 1945-ci il, Karaçi. Britaniya kabinetinin missiyası təhlükəsizlik problemlərini müzakirə etmək üçün bura gəlir. Qandi əyalətlərin dini bloklarda birləşməsinin qəti şəkildə əleyhinədir və danışıqlar tezlikə dayanır. İndi müstəqilliyin yalnız vaxt məsələsi olduğu aydınlaşanda induist və müsəlman ekstremistləri arasında zorakılıq qızışmağa başalyır.

Britaniyanın baş naziri Klement Edli çətin durumdan çıxmağa cəhd edərək Veyvli daha gənc və zirək vitse-kral, müharibə zamanı Cənubi-Şərqi Asiyada baş komandan olmuş admiral lord Luis Maunbatenlə əvəz edir. 24 mart 1947-ci il, Dehli. Maunbaten vitse-kral kimi and içir. Onun qısa nitqi Hindistanı şoka salır. Hakimiyyət cəmi 14 aydan sonra – 1948-ci ilin aprelində müstəqil dövlətə keçəcək.

(Vaxt o vaxt olacaq ki, lord Maunbateni də irland millətçiləri qətlə yetirəcəklər – bu haqda növbəti yazılarımızın birində.)

Maunbaten sonra Hindistanın siyasi liderləri ilə söhbətlərə girişir. O və arvadı Edvina Nehru Qandi ilə tezliklə səmimi münasibət qururlar. Lakin soyuq və qaşqabaqlı Cina ilə yox. Heç bir nəsihət onun nəyin bahasına olursa-olsun müstəqil islam dövləti qurmağa nail olmaq qərarına təsir etmək iqtidarında deyil. Bununla belə, dinlərarası iğtişaşlar güclənir. Yeganə yol – ayrılmaqdır. Müsəlmanların çoxu Cinanın ayrıca dövlətə can atmasını dəstəkləyir. Lakin induist millətçilərin əksəriyyəti Hindistanın bölünməsinə qəti şəkildə etiraz edirlər. Onların içində 1911-ci ildə induistlərin milli maraqlarını qorumaq üçün yaradılmış induist partiyası Makasakhanın lideri Vinayak Savarkar fərqlənir. Maunbaten və Edvina Nehrunu tezliklə bölünmə ideyası ilə barışmağa inandırmağa nail olurlar. Qandi də, nəhayət, anlamağa başlayır ki, bütün həyatının arzusu ilə vidalaşıb Hindistanın ikiyə bölünməsinə getməli olacaq. Lakin induist ektremistlərinin çoxu Qandinin bu qərarını satqınlıq kimi qiymətləndirirlər.

3 iyun 1947-ci il, London. Baş nazir Edli bildirir ki, Britaniya Hindistanı müstəqil dövlətlərə – Hindistana və müsəlman Pakistanına bölünəcək. Həm də bu, bir ildən sonra deyil, on dörd həftədən sonra baş verəcək. Maunbaten təkid edirdi ki, bölünmə tez, lap tez baş versin. Bu xəbər yarımadada gərginliyi gücləndirir. Bu gün “etnik təmziləmə” deyilə biləsi proses başlanır. Sərhədin o tərəfində yaşayan milyonlarla induist və müsəlman ən zəruri əşyaları götürüb öz evlərini tərk etməyə başlayır. Onları buna qiyamçılar məcbur edirlər. Yolda quldurlar onlara basqın edir. Bir milyondan çox insan həlak olur. Hətta Qandi də bunu təsəvvür edə bilməzdi. Tam müstəqillik yaxınlaşdıqca, o, hər şeyi edir ki, qətl və qiyamların qabağını alsın. O, bölünmə günündə iğtişaşlara son qoymağa cəhd etmək üçün Kəlküttədə idi. Bölünmənin həyəta keçirildiyi sürət buna gətirib çıxardır ki, sərhədlərin dəqiqliyi, əslində, müəyyən olunmur. Bir neçə həftədən sonra Hindistanla Pakistan arasında Kəşmir və digər mübahisəli ərazilərdən ötrü müharibə başlayır və Hindistan Pakistana onun xəzinə payını verməkdən imtina edir.

13 yanvar 1948-ci il, Dehli. Qandi ölüm pəhrizi elan edəndə induist ekstremistlərini daha çox qəzəbinə səbəb olur, çünki Hindistan hökuməti Pakistana ödəməli olduğunu ödəmək istəmir. Hökumət geri çəkilib pulu ödəyir və Pakistanla barışığa razılaşır. İnduist Mahasarkanın iki ekstremist üzvü Naturam Qotse və Narayam Apte məhz onda qərara gəlirlər ki, Qandi ölməlidir. Onlar Bombeyin yaxınlığında Qandinin həbsdə yatdığı Puna şəhərində ultraekstremist qəzet buraxırlar. Hər ikisi Qandiyə qarşı etiraz nümayişlərində iştirak edir.

20 anvar 1948-ci il, Dehli, Birlihaus. Qandinin paytaxta gələndə adətən düşdüyü evdə kiçik bir bomba partlayır. Bura yığışanlara ziyan dəymir. Qotse və Apte kütlənin arasındadırlar.

29 yanvar 1948-ci il, Dehli. Qotse və Apte yarımavtomat “Beretta” tapançası və yeddi patron alırlar. Onlar sabahı gün Birlihausa Qandinin müntəzəm axşam ibadətinə yollanırlar. Camaat, bir qayda olaraq, adətən, bağın dua oxunan hisəssinə yığşır. Qandi həmişə israr edirdi ki, qapı arzu edənlərin hamısının üzünə açıq olsun.

Hər iki tərəfdən qolundan tutulmuş Qandi otaqdan çıxır və çəmənlikdən keçir. Camaata yaxınlaşarkən Qotse onun köksünə üç dəfə atəş açır. Qandi yerə yıxılanda çatdırıb “Rama” deyə bilir.

Qotse qaçmağa çalışmır, onu dərhal həbs edirlər. Sonra onun yoldaşı Apteni də tuturlar. O, Qotse və Qotsenin qardaşı Qopal, Mahasarkanın lideri Savarkar daxil olmaqla daha 5 sui-qsədçi ilə birlikdə məhkəmə qarşısında durur. Qotse deyir ki, Qandinin müsəlmanlara yardım etmək və bölünməyə razılıq vermək qərarı onu qəzəbləndirdi. Səkkizaylıq prosesdən sonra onunla Apteni ölümə məhkum edirlər. Savarkarı dəlil qıtlığı üzündən azad edirlər. Qalanlarını ömürlük həbs cəzası gözləyir.

15 noyabr 1949-cu il, Dehli. Qotse ilə Apteni asmaqla edam edirlər. Öldürüldüyü günün sabahısı Qandinin nəşini Cuna çayının sahilində yandırırlar.

Hindistanla Pakistan yarım əsr ərzində öz aralarında iki dəfə müharibə aparır və az qala, nüvə münaqişəsinə girəcəkdi. Vahid Hindistan bölgədə sakitlik üçün daha az təhlükə törədərdimi? Bunu bilmək qismət deyilmiş. Lakin Qandinin idealları – dinc yanaşı yaşamaq və pasifizm idealları elə fanatik dindaşının onunla haqq-hesab çəkməyə müvəffəq olmasından xeyli əvvəl tarixə həkk edilmişdi.

 

Mahatma Qandinin müdrik deyimləri

 

*Zəiflər heç zaman bağışlamırlar. Bağışlamaq bacarığı güclülərə xasdır.

*İbadətdə qəlbsiz sözdənsə sözsüz qəlbə sahib olmaq daha yaxşıdır.

*Elə yaşa ki, sanki sabah öləcəksən, elə öyrən ki, sanki əbədi yaşayacaqsan.

*Bir qram şəxsi təcrübə tonlarla öyüddən dəyərlidir.

*Mən yalnız bircə tiran tanıyıram – vicdanımın sakit səsi.

*Məndə yumor hissi olmasaydı, özümü çoxdan öldürərdim.

*Azadlıq özündə səhv etmək azadlığını ehtiva etmirsə, heç nəyə dəyməz.

*Dua sabahkı günün açarı və dünən üçün qapı rəzəsidir.

*Kişiyə təhsil verməklə ancaq bir nəfəri öyrədirik. Qadına təhsil verməklə bütöv bir ailəni öyrədirik.

*Şeytanlara fəaliyyət azadlığı verin, özləri özlərini cəzalandıracaqlar.

*Şəxsi həyatında nəyisə dəyişmək istəyirsənsə, özündən başla. Bu, asan deyil , amma nəticəsi əzəmətli olacaq.

 

Strateq.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar