"Həm nəticədən, həm də oyundan razı qaldım”- Prosineçki

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinonu qəbul edən yığmamız 5:1 hesablı qələbəyə sevinib. Matçdan sonra mətbuat konfransı keçirən Prosineçki qalibiyyəti belə şərh edib: “2-3 qoldan sonra arxayınlaşmadıq. Hücumları davam etdirdik və yenə qollar vurduq. Şadam ki, komandam bu gün özünə inandı və 90 dəqiqə ərzində gözəl futbol nümayiş etdirdi. Məndə olan məlumata görə, Azərbaycan yığması ilk dəfə 5 qol vurdu. Həm nəticədən, həm də oyundan razı qaldım”.

- Debütant Təmkin Xəlilzadənin oyunundan razı qaldınız?

- Bəli, razı qaldım. Təmkin yığmada ilk matçına çıxmışdı. Müdafiədə yaxşı idi, hücuma da tez-tez qoşulurdu. Oyunboyu aktiv idi. Onun çıxışı məni qane etdi.

- İndiki məqamda qrupda neçənci yeri tutmağı hədəfləmisiniz?

- Bizi oktyabrda 2 oyun gözləyir. Evdə Çexiya, səfərdə Almaniya ilə qarşılaşacağıq. Çexiyadan səfərdə 1 xal almışdıq. Onlara qarşı evdə də yaxşı oyun göstərməliyik. Almaniyaya gəlincə, özümüzü aldatmayaq, o komandanın gücündən xəbərdarsınız. Almanlarla görüşdə məqsəd özümüzü yaxşı tərəfdən göstərmək olacaq.

 - Dmitri Nazarov Norveçlə qarşılaşmada sanki bilərəkdən sarı vərəqə alaraq, cəzalı duruma düşdü. Bu, sizin tapşırığınız idi?

- Mən heç vaxt oyunçularıma belə tapşırıq, göstəriş vermirəm. Dimanın həmin vərəqəni bilərəkdən alıb-almadığını bilmirəm. Bu sualı futbolçuya versəniz, yaxşı olar.

- Bu gün millidə debüt edən Renat Dadaşova növbəti matçlarda da şans verəcəksiniz?

- Dünən demişdim ki, imkan olsa, Renata şans verəcəm. Bu gün Azərbaycan yığmasında debüt etdi. Onun Çexiya və Almaniya ilə görüşlərdə də iştirak edib-etməyəcəyi ilə bağlı indidən konkret söz deyə bilmərəm. “Ayntraxt”ın əsas komandasında meydana çıxmalıdır. Hər şey onun özündən asılıdır.

- Norveçlə matçda avtoqola imza atan Rəşad Sadıqov bu gün rəqib qapısına qol vursa da, müdafiədə səhvləri oldu. Onun çıxışı haqda nə deyə bilərsiz?

- Bu gün Rəşad kobud səhv etmədi. Ola bilsin, ötürmələrdə 1-2 səhv edib. Bu da normal haldır. Rəşad milli üçün vacib futbolçudur. Azərbaycan futbolunda önəmli insandır. Rəşad növbəti görüşlərdə də bizimlə birgə olacaq. Hətta oynamasa belə, komanda üçün vacib şəxsdir, təlim-məşq toplanışında iştirak edəcək.

- Ruslan Abışov nəyə görə hələ də etimadınızı qazana bilməyib?

- Razıyam, bu gün ona da şans verə bilərdim. Mənə elə gəlir ki, Ruslan hələ tam formasını yığmayıb. Bu gün üçün göstərdiyi performans məni tam qane etmir. Amma Abışov növbəti oyunlarda da komanda ilə birgə olacaq. Mən onun necə futbolçu olduğuna bələdəm. Qarşıdakı matçlarda Ruslanı meydana buraxa bilərəm.

- Ramil Şeydayevi 90 dəqiqə meydanda saxlamağınız nə ilə bağlı idi?

- Ramil bu gün yaxşı oyun nümayiş etdirdi. Komanda üçün “vuruşan”, çalışan futbolçudu. Şansları da oldu, amma imkanlardan istifadə edə bilmədi. Qol vursa, ayağı “açılacaq”. Son vaxtlar klubunda da vəziyyəti yaxşı deyildi. Mən bu gün ondan qol gözləyirdim. Bu, Şeydayevin özünəinam hissinin qayıtması üçün vacib idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar