Ermənistan-Rusiya hərbi birləşməsinə Movses Akopyan komandanlıq edəcək

Yeni yaranmış Birləşmiş Ermənistan-Rusiya hava hücumundan müdafiə sisteminə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi rəhbərlik edir. Bunu çərşənbə günü, sentyabrın 6-da Müdafiə, milli təhlükəsizlik və daxili işlər məsələləri üzrə daimi parlament komissiyasının iclasında Ermənistanla Rusiya arasında “Ermənistan və Rusiya silahlı qüvvələrinin birləşmiş qoşun qruplaşması haqqında” Sazişin müzakirəsinin gedişində Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan deyib.

Virtualaz.org-un “Ermənistan xəbərləri”nə istinadən verdiyi xəbərə görə, Ermənistan SQ Baş Qərargahının rəisi özünün bilavasitə vəzifə öhdəliklərini – Ermənistanın ərazi bütövlüyünün müdafiəsini - tam həcmdə yerinə yetirməyə davam edir. “Biz Rusiya ilə hərbi-texniki əməkdaşlığa başlayırıqsa, söhbət qarşılıqlı öhdəliklərdən gedir”, - Zakaryan qeyd edib.

Qərbyönümlü “Çıxış” bloku parlament fraksiyasının deputatı Sasun Mikaelyanın Azərbaycan tərəfinin Ermənistanın Tavuş rayonuna hücumları zamanı Rusiya tərəfinin heç bir addım atmaması ilə bağlı iradına cavab olaraq müdafiə nazirinin müavini bildirib: “Tavuşa hücumlar zamanı biz nə Rusiya tərəfinə, nə də KTMT-yə heç vaxt müraciət etməmişik. Buna lüzum yox idi. Əmin deyiləm ki, yaxın zamanlarda belə ehtiyac yaranacaq. Buna zərurət yalnız çox ciddi hadisələr vaxtı yarana bilər”.

Sasun Mikaelyanın Ermənistan və Rusiya silahlı qüvvələrinin birləşmiş qoşun qruplaşmasının formalaşdırılması hər hansı bir anda Dağlıq Qarabağın ərazisinə sülhməramlı qüvvələrin yeridilməsinə gətirib çıxara bilərmi sualını cavablandırarkən Zakaryan izahat verib: “Bu saziş “Dağlıq Qarabağ Respublikası”nın (ayırma bizimdir – virtualaz.org) müdafiəsinə şamil edilmir, başqa sözlə, öhdəliklər “DQR”in ərazisinə aid deyil. Bu Ermənistan Respublikasının dövlət sərhədlərinə aiddir”. Bu və ya digər halda, nazir müavini fikirlərini davam etdirib, Cənub hərbi dairəsinin ərazisinə Cənubi Qafqaz da daxil edilib. “Bu şərtlərdə Rusiya üçün Ermənistanla əməkdaşlıq çox sərfəlidir. Bizim üçün də Rusiya ilə əməkdaşlıq çox sərfəlidir. Vəzifəmiz hərbçilərimizin əməkdaşlığı üçün daha geniş baza əldə etməkdir. Dünya bizi gözləmir, texnologiyalar və təhlükələr elə tez dəyişir ki, biz onlara çatmalıyıq”, - Artak Zakaryan əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar