Bəşər övladı hələ də neandertal olaraq qalır!

XeyberXeybər Göyyallı

“Bəşəriyyəti nə böyük səmavi dinlər, nə də ciddi ədəbiyyat xilas etmədi. İnsan canında-qanında hələ də mağara təfəkkürünü, kaha instinktini daşıyır...”

Bu mövzuda əhatə dairəmdəki adamlarla zaman-zaman çox söhbətlərim olub. Hətta bu mündəricəli suallarla Azərbaycanın məşhur yazarlarına da mətbuat üçün götürdüyüm müsahibələrdə suallar ünvanlamışam. Verilmiş cavablar birmənalı və qaneedici olmayıb. Məncə, heç birmənalı şəkildə cavab vermək mümkün də deyil.

Mənim qənaətimcə, insan kosmosu fəth etsə də, dürlü-dürlü və ciddi texnoloji yeniliklərə imza atsa da, canında-qanında hələ də neandertal - 250 min il əvvəlki insanın qanını daşıdığından, özü də bilmədən , düşüncə və əməlində neandertal olaraq qalır. Çünki çox nəsnələr dəyişsə də, insanın təbiəti- xisləti dəyişmir ki, dəyişmir. Beşikdən qəbrə insan xisləti necə var, eləcə də qalır. Kriminal və başkəsənin xislət və xasiyyətini elm və mədəniyyət dəyişdirmək gücündə deyildir. Çox əfsuslar olsun ki, bu qənaətdə omağımı Myanmadakı son hadisələr də bir daha təsdiqlədi. İnsan adlanan varlıq 250 min illik bir inkişaf yolu keçsə də, kaha xisləti və mağara təfəkküründən sıyrılıb çıxmayıb. İnternet saytlarında yazılana görə, Myanmada müsəlmanlar inəyi qurban kəsdikləri üçün qətliama məruz qalıblar. İnəyə müqəddəs varlıq kimi sitayiş edən insan adlandırılanlar həmcinsini barbar bir üsulla linç edir. Məlum olaylarla bağlı çox xəsisliklə verilən informasiyalardan belə nəticəyə gəlmək olur ki, bu qırğınlar azğınlaşmış kütlə tərəfindən yox, dövlətin nəzarətində olan, ali idarəetmə aparatının yüksək pilləsində oturanın “atəş açın” əmrinə tabe olan nizami ordu birləşmələri tərəfindən məqsədli şəkildə həyata keçirilib. Bu da göstərir ki, bu qətliam əvvəlcədən planlaşdırılıb. Bu olaylarla bağlı verilən informasiyalarda onu da öyrəndik ki, Myanma dövlətinin xanım başçısı Nobel sülh mükafatçısıdır. İndi adam Allahından dönüb buna siyasi don geyindirib şərh verməsin, neyləsin. Amma yenə müsəlman sadəlövhlüyü ilə soruşuram: görəsən, bu qədər qırğın və dəhşət saçan qətliamlardan sonra əyninə insan haqları və demokratiya tumanı geyinmiş Avropa həmin xanımı bu mükafatdan məhrum edərmi? Axı həmin xanıma tabe olan ordu birləşmələri yüzlərlə (bəlkə də, minlərlə) günahsız və əliyalın insanı həyatdan mərhum edib.

Bir də ki, bu qətliamı dini ayrı-seçkiliklə bağlamaq nə mümkün, nə də düzgün deyil. Din pərdəsi, əslində, illüziyadır, əsl mətləbdən yayınmaq üçün dəfələrlə sınaqdan çıxarılmış köhnə mifdir. Adama deyərlər sən inəyini sevəndə, oxşayanda, bütləşdirəndə mən sənə mane olmadığım kimi, mən də inəyi qurban kəsəndə sən heç nə deməməlisən. Hərə bir şeylə qidalanır. Kimi inək, qoyun, keçi, kimisi də it-pişik, ilan-qurbağa yeyib yaşayır. İnək sırf bəhanədir. İnəyə qalsa, Avropada hər gün yekə-yekə ala inəkləri kəsib ətini bütün dünyaya satırlar. Myanma dövlətinin xanım başçısı Avropanın mərkəzində Nobel Sülh Mükafatını alanda irad etdiyi məşhur Nobel nitqində inəklərin kütləvi halda kəsilməsinə niyə münasibət bildirməyib? Bundan başqa, buddizm tarixən insanlar arasında müxtəlf dini təlimlərin yaratdığı ayrı-seçkiliyi aradan qaldırmaq naminə yaradılıb. Budda təliminin fundamental dəyərlərinə görə bütün insanlar bərabərdir. Belə olduqda adam yenə Allahından dönüb, şübhələnib soruşmaq istəyir: bəlkə, günah Nobel mükafatındadır?! Əslində, bütün dünyada bu gün baş verən bu tipli olayların səbəbini hər kəs bilir. Səbəb bir çox dünya siyasətçilərinin körüklədiyi ksenofobiyadır.

Myanmada baş verən hadisələr bir daha dünyanın açıq-aşkar qütbləşdiyini göstərdi. Dünyanın güc mərkəzləri bu dəhşətli insan qırğınına son dərəcə seyrçi bir münasibət bəslədi, sadəcə, quru statistik informasiya kmi qəbul etdilər (Bütövlükdə bu gün dünyada müsəlmanların ölümü quru statistik bir informasiyadır.) Axı linç olunan insanlar müsəlman idilər. Artıq bu gün islamafobiya dünya güclərini birləşdirən yeganə “dəyər” olub. Digər məsələlərdə bir-biri ilə dartışan dünya gücləri müsəlmanlarla bağlı məsələlərdə qeyri-iradi birləşir və vahid cəbhədən çıxış edirlər. Bəli, islamafobiya dünyanın əks coğrafi qütblərində yaşayan buddist və xristianların birləşmə nöqtəsidir. Onlar bir-bir ilə çox rahat dil tapırlar.

Bu qətliamlar insan adlandırılan varlığın daha bir dəhşəti və vəhşətidir. Vəhşət demişkən, yadıma bütün dünyanın böyük yazıçı kimi qəbul etdiyi Alber Kamyunun orijinal bir fikri düşdü. Kamyunun həmin fikri təxminən bu məzmundadır: “İnsan ictimai heyvandır”. Gəlin onu da etiraf edək ki, heç bir heyvanın həmcinsi ilə davası-döyüşü insanınkı kimi dəhşət saçmır.

Bu kiçik yazının sonunda böyük güc mərkəzlərinə bir xatırtlama etmək istəyirəm: vaxtilə dəstək verdiyiniz terror bu gün bütün dünyanın bəlasına çevrildiyi kimi ksenofobiya da öz başınıza bəla gətirəcəkdir. Unutmayın ki, bu belə olacaqdır. Çünki bu dəyişilməyən bir təbiət qanunudur.

P.S. Yazı tamamlandıqdan sonra saytlarda Myanma hökumətinin müsəlman qaçqınların doğma yurd-yuvalarına qayıtmalarının qarşısını almaq üçün qonşu olduğu Banqladeşlə sərhədi minaladığı haqqında məlumatlar yayıldı. Bu informasiya da bir daha göstərir ki, dünyanın cırtdan dövlətlərindən olan Myanma dünya güclərinə güvənir, yoxsa...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar