"İCRA BAŞÇISI ONU QORUMAQ ÜÇÜN 20 NƏFƏRİ ZALA YIĞMIŞDI" - Oğlu öldürülən atadan Prezidentə yeni müraciət

Pirallahı rayonu ərazisində baş verən və bir ailənin facəsinə səbəb olan yol qəzası barədə artıq “AzPolitika” oxucularının məlumatı var. Yada salaq ki, 2 sentyabr 2016-cı il tarixdə baş verən bu avtoqəzada Bakı şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan Cəmşid İrzaquliyevin ailəsinin yeganə oğlu Tariyel həyatını itirib.

Atasının sözlərinə görə, oğlu Tariyel Qala-Dübəndi yolundakı piyada keçidinin üzərində Pirallahı rayon İcra Hakimiyyətinin işçisi, Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı Rayon Təşkilatının keşmiş sədri Manaf Manafovun (özü də maşında olub) xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq həyatına son qoyulub, ailəsi gözü yaşlı, azyaşlı övladı atasız qalıb.

Bununla bağlı Cəmşid İrzaquliyevin Prezident İlham Əliyevə müraciəti mətbuatda, o cümlədən saytımızda işıqlandırılıb. Eyni zamanda hadisənin necə baş verməsi, niyə Manaf Manafovdan şübhələnməsi ilə bağlı “AzPolitika” Cəmşid İrzaquliyevdən müsahibə də götürüb. Manaf Manafov isə ittihamları qəbul etmir. Düzdür dəfələrlə cəhd etsək də, saytımıza açıqlama verməyib. Amma mətbuata hadisədə günahının olmadığını söyləyib.

Məsələyə yenidən qayıtmağımızın səbəbi isə Cəmşid İrzaquliyevin növbəti dəfə Prezident İlham Əliyevə, I vitse-prezident Mehriban xanın Əliyevaya, daxili işlər naziri Ramil Usubova, Baş Prokroror Zakir Qaralova  müraciət etməsidir. Gözü yaşlı ata bu dəfə də Prezidentdən və Mehriban xanımdan oğlunun ölümünə səbəb olanların cəzalandırılması üçün kömək istəyir. Onun Prezidentə müraciətini qısa ixtisarla dərc edirik:

Çox hörmətli cənab Prezident!

Bir ata olaraq, nə qədər ağır olsa da, bu şikayət ərizəsini Sizə təkrar-təkrar ünvanlamağıma səbəb, bu və ya dolayı şəkildə günahkar olanlar haqqında bu günə kimi ölçü götürülməməsidir. 

Xatırlatmaq istərdim ki, 02.09.2016-cı il tarixdə saat 19:25 radələrində, şəkildə gördüyünüz tək oğlum Tariyel Rzaquliyev Qala -Dübəndi yolundakı yol keçidi üzərindən keçərkən, Pirallahı rayonunda İcra Hakimiyyətininnın işçisi və həm də həmin tarixdə YAP Pirallahı Rayon Təşkilatının sədri olan Manaf Manafovun xidməti istifadəsində (özü də maşında olmaqla) olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq həyatına son qoyulmuş, ailəsi övladsız, az yaşlı qızı isə ailəsi ilə birlikdə başsız qalmışdır. Hadisə zamanı maşında olan digər kişi - Həsən Niftəliyev isə İcra hakimiyyətinin Başçısı Vasif İmanovun köməkçisidir.

Təəssüflər olsun ki, hadisə ilə bağlı aparılan yeddi aylıq istintaq hərəkətləri sükan arxasında ya Manafın özünün, ya da istintaqa və bizə adı bəlli olmayan üçüncü kişinin olması ilə bağlı şübhələrimizin öz qüvvəsində qalmasına xidmət etmiş oldu. Şübhələrimizə səbəb isə qeyd olunan müddət ərzində hadisə ilə bağlı istintaqa təqdim etdiyimiz 17 adda xususatların,  işin icraatı ilə məşğul olan 4 müstəntiq tərəfindən üstünə gedilməməsi olmuşdur. Ən əsası da:

1. Hadisənin iştirakçısı olmuş şəxslərə məxsus telefonlar əsasında onların anten dairələri tam araşdırılmamış və araşdırılıbsa da bizə inandırıcı bilgi verilməmişdir.

2. İlkin istintaqın əldə etdiyi “şahid”lərin hamısının ifadələrinin sanki bir adamın danışdığı, yəni ifadələrdə eyni cümlələrin təkrarlanması.

3. Pirallahının əsas yolunda olan 10-12 kameradan bir dənə də olsun bizə sükan arxasındakı kişinin kimliyini təyin edəcək görüntü təqdim olunmamışdır. Hansı ki, ilkin istintaqı 12 günə, kosmik bir surətlə (sanki əllərində bundan başqa iş olmayıb) yekunlaşdıran Pirallahı RPŞ-nin müstəntiqi Namiq Mirzəbəyli istəsə idi zamanında bu görüntünü əldə edə bilərdi. Deməli maraqlı olmayıb.

4. Hadisə iştirakçılarından kənar, yeganə canlı şahid, N saylı hərbi hissənin əsgəri Cavid Mahmudov müstəntiq Azad Əliyevə vermiş olduğu ikinci ifadəsində onun Pirallahı RPŞ hədələnərək əlini tanımadığı bir kişinin üzərinə qoydurub, şəklinin çəkdirilməsi və sonradan ifadəsini dəyişərsə sonunun pis olacağı ilə qorxudulmasını deməsinə rəğmən, sonuncu üç müstəntiqdən heç biri bu ifadənin üzərində (dəfələrlə israr etməmizə rəğmən) dayanmamışdır.

5. Əli adlı polisin ifadəsi alındıqdan sonra onun bizim adamlarla üzləşdirilməsi müstəntiq Cəsarət Bayramov tərəfindən həyata keçirilməmişdir.

Nəticədə iş bu şübhələr altında 11.03.2017-ci il tarixdə bağlanılaraq təhqiqat aktı yazılmış, 17.03.2017-ci il tarixdə baxılması üçün Pirallahı Rayon Məhkəməsinə göndərilmişdir.

Cənab Prezident!

18.05.2017-ci il tarixdə keçirilmiş növbəti məhkəmə icalsında qeyd etdiyimiz N saylı hərbi hissənin hadisə iştirakçılarından kənar yeganə canlı şahidi Cavid Mahmudovun hakim tərəfindən dindirildiyi zaman, bir daha müstəntiqə verdiyi ikinci ifadəsinin üzərində durdu. Bildirdi ki,  mən bu adamı hadisə baş verən anda orada görməmişdim və tanımırdım, polis şöbəsində əlimi təkidlə Bağışın (M.Manafovun sürücüsü-red) çiyninə qoydurub şəklimi çəkdilər.

Həmçinin ilkin istintaqın təqsirkar bildiyi Baxşiyev Bağışın məhkəmə dindirilmələrində vermiş olduğu ziddiyətli ifadələr və sonrakı məhkəmə iclaslarında dindirilən qondarma şahidlərin ifadələri bizim şübhələrimizdə nə qədər haqlı olduğumuzu bir daha ortaya qoydu.

Təbii ki, sonda hadisənin cinayət tərəfinin araşdırılması və məhkəmə qərarının verilməsi Pirallahı rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun işidir. Ümid edirik ki, sonda ədalət öz sözünü deyəcək.

Lakin digər yandan bizə ən çox da təsir edən isə, hadisə baş verən anda maşının içərisində olan və özləri də Pirallahı rayon İcra Hakkimiyyətində məsul postlarda vəzifə tutan adamların qeyri-insani hərəkatləri olmuşdur.

Belə ki, hadisə anında maşında olan adamlar, başda YAP Pirallahı Rayon Təşkilatının keçmiş sədri Manaf Manafov olmaqla, hadisəni törətdikdən sonra maşını saxlamamış, o surətlə də sürüb getmişlər. Bunu əsgər Cavid məhkəmə dindirilməsi zamanı da təsdiq etmiş oldu. Sonradan nə fikirləşiblərsə iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər. Oğluma ilkin yardım məqsədi ilə onu dərhal öz maşınları ilə xəstəxanaya çatdırmaq əvəzinə telefonla özlərinə kömək çağırıblar. İnsanlığa xas olmayan alçaq bir hərəkətlə oradan uzaqlaşıblar.

Bunu görən hadisə yerinə yaxın N saylı hərbi hissənin zabitləri hərbi hissənin sanitar maşını ilə uşağı götürüblər. Sonra da dediklərinə görə, yarı yolda təcili yardım maşınına köçürüb Mərdəkənda morq deyilən bir yerə çatdırmışlar. Bütün bu gedişatda hadisəni törədənlərdən heç kim onlarla olmamışdır. Ən dəhşətlisi isə həmin anda  humanistlikdən uzaq birisi olan Manafın, maşında olan hadisənin digər iştirakçısı ilə - Həsən Niftəliyevlə qarşıma dikilib bir üzr, bir təsəlli belə diləməməmələridir. Əksinə, kənardan gedişatı müşahidə ediblər ki, bu da  onların  mənəviyyatlarının hansı səviyyədə oduğunu sübut edir.

Belə olan halda hadisədən bunca zaman keçməsinə baxmayaraq,  humanistlik hislərindən uzaq olan Manaf Manafovun və Həsən Niftəliyevin indiyədək Vasif İmanov tərəfindən vəzifələrində saxlanılması təəccüblüdür.

İndiyə kimi etdiyimiz çoxsaylı rəsmi müraciətlərdən dolayı, 05.05.2017-ci il tarixdə YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov təşkilat sədrliyindən uzaqlaşdırılıb. Ancaq qeyd etdiyimiz kimi, Vasif İmanov belə bir şəxsiı təşkilatın idarə heyətində və Rayonun “ERJO” deyilən qurumunda məsul vəzifədə, Niftəliyev Həsəni isə icra başçısının köməkçisi vəzifələrində saxlamaqda davam edir.

Bununla da, Sizin hökumətlə bağlı tədbirlərdə yerli icra strukturlarına etdiyiniz xəbərdarlıqlar və zaman-zaman ifadə etdiyiniz “məmur və onların övladlarının özbaşınalıqları və qanunazidd əməlləri ən ağır cəza ilə cəzalandırılmalıdır” fikrinizə Vasif İmanov tərəfindən etinasız yanaşılmışdır.

Hətta o dərəcə etinasızlıq göstərir ki, Manaf 14.08.2017-ci il tarixdə keçirilən məhkəmə iclasına ifadə üçün çağırıldığında (bu bir ildə ilk dəfə həmin adamın üzünü məhz orada gördüm) Vasif İmanov 20 nəfərə kimi polis, prokurorluq, icra, JEK işçilərini (hansı ki, orada ədliyyənin zabitləri həmişə olur) onu qorumaq üçün səfərbər edib zala yığmışdı. Bütün bu qorumalar, Manafın və bütün qondarma şahid ifadələri bir daha göstərir ki, biz şübhələrimizdə haqlıyıq.

Hətta rayondan bu gün də xəbərlər gəlir ki, sükan arxasında Manaf özü olub. Lakin o adamlar Vasif İmanovun qorxusundan cəsarət edib üzə dura bilmirlər.

Cənab Prezident!

Sizdən oğlu öldürülmüş ata olaraq bir daha artıq dərəcədə xahiş edirəm: yuxarıda qeyd olunanları nəzərə alaraq,  öz əməlləri ilə Sizin görmüş olduğunuz bunca taleyüklü məsələlərə yerlərdə kölgə salan Manaf Manafov və Həsən Niftəliyev, həmçinin bunlara göz yuman icra baççısı Vasif İmanov haqqında tədbir görülməsi ilə bağlı müvafiq göstəriş verəsiniz.

Əgər vaxtınız olarsa,  məni qəbul etmənizi də Sizdən xahiş edirəm. Çox təşəkkür edirəm.

Nazirlər Kabinetinə tabeli strukturlarında işləmiş keçmiş məmur,

zərərçəkmiş Cəmşid İrzaquliyev

05.09..2017-ci il.

Əlaqə telefonu: 050 341 61 00" 

P.S. Müraciətdə səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar