PREZİDENT MEHMAN ƏLİYEVLƏ BAĞLI GÖSTƏRİŞ VERDİ! - Agentlik direktoru sərbəst buraxıldı!

Mehman Əliyev sərbəst buraxılıb. “AzPolitika.info”nun məlumatına görə, “Turan” agentliyinin direktoru Mehman Əliyev bir neçə dəqiqə bundan əvvəl məhkəmə zalından azadlığa buraxılıb.

M. Əliyev prosesdən çıxandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdiyini, müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaqdan yayınmadığını, barəsində seçilmiş həbs qərarının dəyişdirilməsini xahiş etdiyini bildirib.

O, saxlandığı zamanı ona normal münasibət göstərildiyini də qeyd edib.

***

Turan agentliyinin hazırda həbsdə olan direktoru Mehman Əliyev həbsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. "AzPolitika"nın məlumatına görə, bu barədə Haqqın.az saytı xəbər verib.

Saytın iddiasına görə, İlham Əliyev Qazaxıstandan qayıdandan dərhal sonra bu barədə ona məlumat verilib.

Prezident bu müraciətə dərhal ciddi reaksiya verib və prokurorluq-məhkəmə orqanlarına tövsiyyə edib ki, Mehman Əliyevlə bağlı qərara yenidən baxsınlar.

Xatırladaq ki, bu gün Apellyasiya Məhkəməsində Mehman Əliyevin şikayətinə baxılacaq. Əminliklə bildirmək olar ki, Prezidentin sözügedən göstərişindən sonra Apellyasiya Məhkəməsi Mehman Əliyevlə bağlı qərarı bu gün dəyişəcək və o, sərbəst buraxılacaq.

***

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hazırda həbsdə olan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin və cari ilin iyulunda üç il müddətinə azadlıqdan məhrum olunmuş Aleksandr Lapşinin məsələləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

Əli Həsənov bildirib ki, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və cari ilin avqustunda onun barəsində həbs qətimkan tədbiri seçilib: "Həmin dövrdə Azərbaycan Mətbuat Şurası məsələnin ölkə qanunvericiliyi çərçivəsində ədalətli şəkildə həll olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlamışdı. Həmçinin Mehman Əliyev dövlətimizin başçısına müraciət edərək barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Qeyd edim ki, hələ 2009-cu ildə Prezident İlham Əliyev Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının aliliyini nəzərə alaraq kütləvi informasiya vasitələri əməkdaşlarının peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin məqsədəmüvafiq olmadığına dair öz rəyini bildirmiş və iradəsini nümayiş etdirmişdir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2009-cu ildən ötən dövr ərzində KİV əməkdaşları peşə fəaliyyətinə görə məhkum olunmamışlar.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzaladığını xatırladan Əli Həsənov bildirib ki, həmin Sərəncam bu kimi və bir sıra digər hallarda məsuliyyətə cəlb olunmuş şəxslərlə bağlı cəmiyyətdən təcrid olunmamaq şərtilə alternativ cəza tədbirlərinin həyata keçirilməsinə tam imkan yaradır.

Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib.

Qeyd edim ki, bu qərar Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Prezidentinin dəyişməz mövqeyi və ali iradəsinin təcəssümüdür".

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar