"BAĞÇADA ÖVLADIMA İŞGƏNCƏ VERİLİB, AMMA..." – Şəhid ailəsindən Prezidentə müraciət

Bakı şəhəri Nəsimi rayonunda yaşayan şəhid ailəsinin üzvü, zərərçəkən şəxsin qanuni nümayəndəsi, Yeni Azərbaycan Partiyasının üzvü Cəfərova Nigar İlham qızı “AzPolitika.info” saytı vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Açıq Məktub ünvanlayıb. Həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:

“Cənab Prezident!

Diqqətinizə çatdırmaq istəyirəm ki, Bakı şəhəri Nəsimi rayonu Mircəlal küçəsi 32 ünvanında fəaliyyət göstərən “Qərənfil” dövlət uşaq bağçasının vəzifəli şəxsi – tərbiyəçisi Tacirli Sevinc Vaqif qızı öz qulluq mövqeyindən sui istifadə etməklə köməksiz vəziyyətdə olan azyaşlı qızım, 20 avqust 2011-ci il təvəllüdlü Nəzirli Dilbər Əli qızını 2015-ci ilin yanvar ayında bir neçə dəfə və mart ayının 12-də mütəmadi olaraq döyüb. Bunun nəticəsində, həmçinin başqa zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar (əzab) verməsi nəticəsində qızım sağlığını itirmişdir.

Bakı Şəhər Prokurorluğu (BŞP) S.Tacirlinin barəsində 12 aprel 2017 tarixli, 160206039 nömrəli ARCM-nin 133.2.4 (köməksiz şəxsə qarşı işgəncə vermə) maddəsi üzrə açmış olduğu cinayət işinə qanunsuz xitam vərərək, əvəzinə eyni tarixli İXM-157 (döyülmə) maddəsi üzrə işi sübuta yetirərək, qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsi 20 iyun 2017 tarixli 3(103)-436/2017 nömrəli Qərarı ilə 22 may 2017-ci tarixli Nəsimi Rayon Məhkəməsinin qərarını təsdiqləyərək, S.Tacirlini 300 manat cərimə etdi.

Bundan əlavə S.Tacirli BŞP-nun qərarı ilə razılaşmayıb 2017-ci ilin iyul ayında Səbail Rayon Məhkəməsinə İnzibati qərarın ləğv edilməsi üçün şikayət vermişdir. Lakin onun şikayəti 28 iyul 2017 tarixində 6(009)-50/2017 saylı qərarı ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi 14 avqust 2017 tarixli 6(103)127/2017 nömrəli qərarı ilə də Sabail RM-nin qərarını təsdiq etmişdir! Hər iki apellyasiya qərarı qətidir. Qərardan Protest və ya şikayət verilə bilməz!

Mən hər iki Apellyasiya qərarının surətini rəsmi müraciət etdiyim Ərizəyə qoşaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) dəftərxanasına 22.08.2017 tarixində təhvil verdim və Ərizəmin qəbul edildiyinə görə imzalanmış surətini götürdüm. Lakin BŞİH Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi hələ də S.Tacirlinin həmin bağcada fəaliyyət gösdərməsinə göz yumur və ona şərait yaradır! Halbuki, tərbiyəçi kimi heç bir diplomu mövcud olmayan S.Tacirli artıq Əmək Məcəlləsinin müvafiq maddəsi ilə bir daha tərbiyəçi kimi işləməmək üzrə işdən çıxrdılmalı idi!

Qeyd edim ki, Azərbaycan Respublikası 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasını hələ 1992–ci ildə ratifikasiya etmiş və bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsini öz üzərinə götürmüşdür.

Qızımın S.Tacirli tərəfindən döyülməsi ekspert rəyi əsasında sübuta yetirilməsinə baxmayaraq, bu günədək təhqiqatın gedişatında istintaqı qəsdən yayındıran, yalan izahat və ifadələr verən şəxslərə qarşı Prokurorluq cinayət işi açmamışdır. BŞİH-nin möhürlü-imzalı dəvamiyyət jurnallarına müdaxilə edən, ilkin gündən tərbiyəçisinin əməllərini ört basdır edən müdirəyə qarşı hər hansı bir tədbir görülməmiş və ya görülməsi üçün BŞİH-ə müvafiq məlimat məktubu göndərilməmişdir!

Aidiyyatı orqanlar 3 yaşlı, özünü müdafiə edə bilməyən, köməksiz körpəyə qarşı öz qulluq mövqeyindən süi-istifadə edən S.Tacirlinin törətdiyi əməlləri kobut sürətdə ört-basdır etməkdən belə çəkinmirlər. 3 cilddən ibarət olan iş materiallarının içində, işi aparan orqanların yol verdiyi kobud qanun pozuntuları ilə bağlı müraciətlərim olsa da, Respublika Prokurorluğu hələ də heç bir tədbir görmür!

İyun ayında Baş Prokurorluqda cənab Rüstəm Usubov, R.Mansurov, A.Əkbərov, N.Abbasovun və Aydın müəllimin iştirakı ilə keçirilmiş cinayət işinin müzakirəsinə dəvət ounduğum zaman işin içində yol verilmiş qərəzli nöqsanları şəxsən bir daha sübutlarla təqdim etdim. Ancaq nəticə dəyişməz olaraq qaldı və mən 20 gün sonra növbəti şablon cavabı aldım!

İşin ilkin araşdırması, rayon ərazisi üzrə 19-cu Polis Bölməsində 13.03.2015 tarixində başlamış, daha sonra Nəsimi Polis İdarəsinə verilmişdir. Qəbul olunmuş 6 qanunsuz qərar prokurorluq tərəfindən ləğv edilmişdir.

İlkin təhqiqat zamanı hadisə yerinə baxış protokolu işi aparan N.Qədirov tərəfindən saxtalaşdırılaraq onun tarixi ağardıcı ilə dəyişdirilib 14.03.2015 tarixi göstərilmişdir. Bu açıq-aşkar sənəddə əks olunur! (Qeyd: 14.03.2015 tarixi şənbə gününə təsadüf edirdi ki, şənbə günü hamımızın bildiyi kimi bağcalar fəaliyyət göstərmir.)

Şahid qismində dindirilmiş bağcanın müdirəsi İradə Rüstəmovadan alınmış izahatın altına təhqiqatçı saxta imza atmış (ekspertə ehtiyac duyulmadan gözlə görünür), hadisə yerində çəkilmiş şəkillərdə nəzarət kameraları olduğu halda (foto şəkillərdə əks olunub ve iş materiallarında var) sonradan dəyişdirilmiş protokolda nəzarət kameralarının olmadığı qeydi aparılıb. Həmçinin, protokolda mənim imzam yoxa çıxıb. İmza atmamışdımsa da bu haqda hər-hansı bir qeyd aparılmamışdır. Hətta uşaqların hadisə yerində qızımın S.Tacirli tərəfindən necə döyüldüyünün şahidi olduqlarını şifahi halda verdikləri izahat qeydi də Protokoldan yoxa çıxmışdır!

Cənab Prezident!

Bütün bunlara, hətta qeyd etmədiyim nöqsanlara Nəsimi rayon Polis İdarəsi, Prokurorluğu, Bakı Şəhər Prokurorluğu ve Baş Prokurorluq indiyəcən göz yumub və yummağa davam edir! Süründürməçilik, vəzifədən süi-istifadə, sənəd saxtalaşdırılması və sair qanundan kənar hərəkətlərə qarşı tədbir görülmür. Baxmayaraq ki, mən bu nöqsanları qeyd edərək dəfələrlə aidiyyatı orqanlara sənəd-sübutlarla rəsmi müraciət etmişəm.

Onu da qeyd edim ki, işin gedişatı zamanı Baş Prokurorluğun DİO-na nəzarət rəis müavini Müşfiq Səfərovun imzası ilə daxil olan 27 oktyabr 2016 tarixli 05/15162-15 nömrəli ünvanıma göndərilmiş cavab məktubunda bildirilir ki, material üzrə aparılmış araşdırma zamanı 19-cu PB-nin və Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarının süründürməçilik hallarının müəyyən edilməsi məqsədi ilə DİN-nə müvafiq məktub göndərilmişdir.

Həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin 10 mart 2017 tarixli, 041-1163/4C-3217 nömrəli İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılovun imzası ilə ünvanıma göndərilən cavab məktubunda bildirilir ki, araşdırma zamanı yol verdikləri qanun pozuntularına görə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqlərinin intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi qarşısında vəsatət qaldırılmışdır. Müraciət cinayət-prosessual qanunvericiliyinə müvafiq olaraq Bakı şəhər prokurorluğuna göndərilmişdir.

13 aprel 2017 tarixli, 160206039 (03-437) nömrəli məktubla, keçmiş Bakı Şəhər Prokuroru Əziz Seyidov polis işçiləri üçün təqdimat yazılmalı olduğunu qeyd edən məktubu substansiya qaydaları üzrə Baş Prokurorluğa göndərmişdir. Həmin məktub 17.04.2017-ci il tarixində 1204 nömrə ile qeydiyyatdan keçib, Baş Prokurorluqda Xüsusi Nəzaret Möhürü vurulsa da, bu günədək icra edilməmiş ve DİN-ə heç bir təqdimat göndərilməmişdir! Artıq 3 ildir ki, məmurların qərəzli davranışlarına son qoyulmur!

İş materialı Nəsimi rayon Polis İdarəsidə araşdırılan zaman mən 1 il 8 ay ərzində məsələ ilə bağlı rəsmi olaraq müxtəlif yollarla (PAı hüquq şöbəsinə nəzarətə yazılma, online müraciət, məktub, teleqramlar və s.) cənab Ramil Usubovun qəbuluna düşməyə çalışsam da, məni sifarişlə “qara siyahıya” salan Fərman Sarıyev və Aybəniz xanım, qərəzli olaraq qəbula buraxmadılar!

Çünki Cənab Nazirin 3 yaşlı körpənin işindən pul qazananları işdə saxlamayacağını bilirlər. Bilirlər ki, illərini vətənə xidmətlə keçirən cənab Nazir 3 yaşlı şəhid balasını 3-5 minə satanları işdə saxlamaz! Məhz ona görə də, məni nə Ramil Usubovun, nə də Emin Usubovun qəbuluna buraxmırlar! Hadisələrə yalan don geyindirirlər, cənab Nazirə başqa məruzələr edirlər. Amma cənab Nazir özü məni bir dəfə qəbul etsə, hər şeyi sübuta yetirən sənədlər və s. sübutlar təqdim edə bilərəm.

Möhtərəm Prezident! Yuxarıda yazılanları nəzərə alaraq Sizdən xahiş edirəm ki:

1. Mənim Baş Prokuror cənab Zakir Qaralov və cənab Nazir Ramil Usubov tərəfindən qəbul edilməmə göstəriş verəsiniz.

2. Cinayət işinin xitam qərarının ləğv edilməsi, cinayət işinə yenidən baxılması, yol verilən qərəzli qanun pozuntularının əlavə olaraq araşdırılması barədə tapşırıq verəsiniz.

3. Yalan izahat və ifadələrə görə cinayət işi açılması, 19-cu PB-nin təhqiqatçısı N.Qədirovun barəsində tədbir görülməsi barədə göstəriş verəsiniz.

4. Mənə və körpəmə qarşı dəyən maddi ziyan ödənilməsinin təmin edilməsini tapşırasınız.

Hörmətlə Cəfərova N.İ.

14.09. 2017”

P.S. Məktubda adları çəkilən şəxslərin də möveyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar