Sovet hökumətinin xiffətini çəkənlər...

Tarix pis təcrübə ilə zəngindirsə, ondan imtina edilməlidir!

XeyberXeybər Göyyallı

Əminəm ki, məclis-mərəkəyə düşəndə çoxları bu mövzuda söhbəti eşitməyə məcbur olur. Mən də bu mövzuda çox eşitmişəm və məcbur olub fikir və mülahizələrimi də bildirmişəm. Bir-birini tanıyan beş-on adam bir yerə yığışanda ən çox iki mövzunun dartışması gedir: bir xalqımızın ağrılı problemi olan Qarabağ, bir də nostalji hisslərlə yaşayanların hələ də ölməyən sovet hökuməti mövzusu.

Qarabağ məsələsi aydındır, həll olunana qədər hər an, hər zaman danışılmalıdır. Azərbaycan insanının sovet hakimiyyətindən sevgi ilə danışmasını isə heç cür qəbul etmək olmur. Özü də bu sovet sevgisini canında daşıyanlar keçmiş proletariat sinfinin xələfləri olsa idi, dərd yarı idi. Onlar daha çox oxumuş, təhsil almışlardır, hətta onların içərisində fəlsfə doktorları və professorlar az deyil. Çox qəribədir ki, onların içərisində ötən əsrin 60-70-ci illərində doğulan və taleyinə qaçqınlıq həyatı yazılanlar daha çox üstünlük təşkil edirlər. Belələrinə ağızlarını açan kimi deyirəm ki, bayaq dediyin Qarabağ problemini və bu gün hələ də məngənəsində boğulduğumuz əksər problemlərin banisi sənin həsrətini çəkdiyin sovet hökumətidir. Öz dillərində, onlara çatacaq sadə faktlar əsasında nümunələr gətirirəm ki, səhvlərini başa düşsünlər. Deyirəm ki, ətrafınıza baxın, görün Bakı nə qədər dəyişib. Səmimiyyətlə deyirlər ki, hə, çox dəyişib. Deyirəm ki, sizin təriflədiyiniz sovet hökuməti 70 ildə Bakını gecəqondular şəhərinə çevirmişdi, biz rayon uşaqları da ermənilərin evlərində kirayə qalırdıq. Paytaxt əhalisi sutkalarla içməli suya həsrət qalmışdı. Sizin qayda-qanununu alqışladığınız sovet hakimiyyətində mağazalarda qurd ulayırdı, verilmiş ərzaq talonları zibil qutusuna atılan kağız parçası idi. Əyin-baş geyimlərini alverçilər dörd qat baha qiymətə satır, alıcılar da milisin (polis) qorxusundan əyilə-əyilə, qorxa-qorxa alırdılar.

Bu cür adi məişət və təsərrüfat faktlarını “sovet aşiqlərinə” ona görə xatırladıram ki, heç olmazsa, gördükləri onları ayıltsın. Görsünlər ki, sovet hökumətinin 70 ildə edə bilmədiyini müstəqillik beş-on ilin içərisində çox yüksək səviyyədə yernə yetirib. Çünki belələri müstəqilliyin mənəvi tərəflərini ya qəsdən dəyərləndirmirlər, ya da qiymətləndirməyə qadir deyillər. Belələri üçün Cavidlərin, Müşfiqlərin güllələnməsi, Sibirə sürgün edilməsi, ümumən, hər hansı bir formada milli ruhun məhv edilməsi olsa-olsa məişət faktıdır, oradan o tərəfə yüksəlməz. Onlar üçün qriqoryanların, topuridzelərin tökdüyü günahsız qanlar heç nə demir. Əksinə, belə görünür, onlar həmin siyasi və mənəvi atmosferi arzulayırlar. Mən bunu təsadüfən yazmadım. Çünki belələri məqam düşən kimi köks ötürərək, əllərini əllərinə vuraraq deyirlər: “Heyif deyildi sovet hökuməti?...” Soruşanda ki, nəyə görə sovet hakimiyyətinin tərifini belə göylərə qaldırırsan, cavabında primitiv məişət düşüncəsindən qabağa getmirlər.

Onların cavabına diqqət kəsilək: varlı-kasıb yox idi, hamı bərabər idi, hamı eyni dolanırdı. Təpədən-dırnağa yalandır. Çox qabarıq şəkildə bir təbəqələşmə var idi. Sadəcə, mənsəb və səlahiyyət sahibləri hakim ideologiyanın şifahi təlimatları əsasında formalaşmış bir həyat yaşayırdılar. Ən dəhşətlisi isə o idi ki, vəzifə və səlahiyyət sahibləri daim partiyadan çıxarılmaq qorxusu ilə yaşayırdılar. Çünki bir səhvə və nöqsana görə idarə və müəssisə rəhbərinə iki sərt cəza verilirdi. Həmin vəzifəli şəxs həm partiya və vəzifədən çıxarılır, həm də onun haqqında cinayət işi qaldırılırdı. Zavod, fabrik direktoru minik avtomobilini (o da olsa) müəssisədə işləyən fəhlənin adına sənədləşdirib özününküləşdirir, işçilərə gəlmiş mebeli dolayısıyla fəhlənin adına yazıb özü götürürdü və s.

Rayonlarda isə balaca padşahlar (raykom katibləri) və ətrafında topladığı əyanların yaşam tərzi sadə insanlarınkından çox fərqli idi. İlboyu kolxoz və sovxozlarda işləməkdən beli əyilənlər illərlə maaş üzünə həsrət qalırdılar. Bir sözlə, guya, hamının bərabər olduğu, tarixə qovuşmuş həmin hökumətdə hakimiyyətin təmsilçiləri çox firavan yaşayırdılar. Kasıblar isə indikindən on qat kasıb idi. Heç bir sosial yardım-zad yox idi.

Müstəqil Azərbaycan Respublikasının ən ağrılı problemi də sovetizmin qalığıdır. Qordi düyününə çevrilmiş Qarabağ problemini də bu gün bəzilərinin alqışladığı sovet hakimiyyəti 1923-cü ildə vaxtilə Azərbaycana köçürülmüş ermənilərə muxtariyyət verməklə yaratmışdır. Yəqin ki, Zəngəzur və Göyçənin də sovet hakimiyyətinin əli ilə pay-pülüş edildiyini bilməmiş olmazsınız. Mən hələ sovet hökumətinin Azərbaycan türklərinin başına gətirdiyi digər müsibətlərdən söz açmıram. Bircə tarixi faktı da deyim, bununla da detallara xitam verim. Bakı neftinin faşizm üzərində qazanılmış qələbədəki möhtəşəm rolunu sovet hakimiyyətinin başında duran liderləri dilucu etiraf etsələr də, o nefti araya-ərsəyə gətirən Bakıya qəhrəman şəhər adını belə qıymadılar. Tələm-tələsik sadaladığım bu tarixi faktlar sovet hakimiyyətinin Azərbaycana qarşı qərəzli olduğunu əyani şəkildə sübut etmirmi? Bax, budur sizin sevdiyiniz sovet hökuməti.

Tarix təcrübədir. Tarix yaddaşdır. Ancaq təcrübə yaxşı olduğu qədər də pis şeydir. O ki qala, yola saldığımız sovetizmin təcrübəsinə. Onun yaxşı təcrübəsi çox az idi. Ancaq pis təcrübə və yaddaşsızlıq nənki fərdləri, bütövlükdə xalqları buxovlayır.

Deyirlər, dahilər ikinci dəfə eyni səhvə yol vermirlər. Xalqlar da belədir. Mənə elə gəlir ki, mənəvi inkişafımızı ləngidən amillərdən biri də keçmişin total düşüncəsindən xilas olmamağımızdır. Bunun bir səbəbi də, yəqin ki, bu sahədə maarifçilik işinin zəifliyi ilə bağlıdır.

Çox haqlı yerə, sitatları yazının “qoruyucu klapanı” adlandırırlar. Azərbaycanın məşhur neft maqnatı Ağamusa Nağıyev tikdirdiyi möhtəşəm ”İsmailiyyə” (hazırda həmin binada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir) binasının fasadında qızıl hərflərlə bu sözləri həkk etdirmişdir: ”Müsəlmanlar, əsriniz sizinlə birgə ölür, övladlarınızı onların öz əsri üçün hazırlayın”.

Bundan artıq deyiləsi sözüm yoxdur, çünki bu iqtibas çox mətləblərdən xəbər verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar