“İSTƏYİRLƏRSƏ, GEDİB TƏZƏDƏN TÜRMƏDƏ OTURUM...” - “Zəhmət olmasa, cəmiyyətə açıqlasınlar ki, nə baş verir”

“Turan” agentliyinin direktoru Mehman Əliyevin azadlığa çıxmasından bir həftə ötsə də, bu müddət ərzində onunla bağlı bir-birindən fərqli, ziddiyyətli xəbərlər açıqlanıb. İlk olaraq “Turan” İA-nın heç bir vergi borcu olmadığı, ittihamın isə qüvvədən düşdüyü xəbəri yayıldı. Ardınca bank hesablarından həbs götürüldüyü məlum oldu. Son olaraq sentyabrın 19-da prokurorluq “Turan”la bağlı cinayət işi istintaqının davam etdirildiyini açıqladı.

“Yeni Müsavat” M.Əliyevlə söhbətində bu məqamlara aydınlıq gətirməyə çalışıb. Müsahibimizə son bir həftədə yayılan xəbərləri xatırladıb, münasibətini öyrəndik.

- Bütövlükdə vəziyyət anormaldır. Ona görə nəsə deməyə çətinlik çəkirəm.

- Amma hesabınızdan həbs götürülüb...

- Ayın 11-də qərar oldu ki, bizim borcumuz yoxdur. O zaman hesablarımızın üzərindən həbs götürülmüşdü. İndi mən bilmirəm ki, yenidən hesabımıza həbs qoyulub, ya yox. Amma sonuncu dəfə dünən yoxlamışdıq. Həmin vaxt hesabımızda həbs yox idi.

- Prokurorluğun yaydığı son məlumatdan xəbəriniz var?

- Bəli, Tapdıq Fərhadoğlu bayaq zəng edib dedi ki, prokurorluq bəzi KİV-lərdə bizimlə bağlı yayılan informasiyaların həqiqəti əks etdirmədiyini bildirib. Cinayət işinin davam etdirilməsi və agentlik haqda hər hansı məhdudiyyət tədbirlərinin keçirilmədiyi də məlumatda yer alıb.

- Məlumatda bildirilir ki, hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək. Bu, nə məna daşıyır? Bir neçə gün əvvəl borcunuzun olmaması barədə məlumat yayıldı. İndi isə araşdırmanın davam etdirildiyi iddia olunur. Nə baş verir?

- Mən əvvəldən demişdim ki, bu həbs vergi məsələsi ilə bağlı deyildi, siyasi idi. Məqsəd də “Turan”ın fəaliyyətini dondurmağa yönəlmişdi. Buna da faktiki nail olublar. Proseslər də onu göstərir ki, bunun arxasında dayanan hansısa qüvvələr “Turan”ın fəaliyyətə başlamamasına çalışırlar.

- Hazırda bank hesablarınızın üzərindən həbs götürülüb. Bu baxımdan, “Turan”ın yenidən fəaliyyətə başlaması üçün imkan da yaranmış sayılır. Hər hansı planınız varmı?

- Əgər yenidən qərar verilirsə ki, “Turan” borcludur və mənə zəng vuraraq, “borcu nə zaman qaytaracaqsız” deyə soruşurlarsa, demək, məsələ başqadır. Yəni hesabımıza hər hansı vəsait daxil olan kimi silinəcək, biz də işləyə bilməyəcəyik. Birincisi, mənim vergidən yayınmağımın sübutu yoxdur. Bu sübutu ortalığa qoymayıblar. Göstərməyiblər ki, sən vergidən bu qədər yayınmısan. Necə olur ki, mənim vergidən yayındığımı deyirlər, amma bu 3 il müddətlə bağlı ortaya bir sübut da qoya bilmirlər? Bu, normaldır? Vəziyyət anormaldır. Ona görə də belə bir vəziyyətdə agentliyin yenidən fəaliyyəti barədə nəsə demək mümkünsüzdür.

- Həbsdən çıxandan sonra hansısa hökumət yetkilisi ilə danışığınız olubmu?

- Xeyr, olmayıb.

- O halda öncə sizin qarşınıza qoyulan, sonra aradan qaldırılan, ardınca yenidən qoyulan əngəllər... nəyin göstəricisidir? Məqsəd sizi azadlığa buraxsalar da, “Turan”ı heç bir formada dirçəlməyə qoymamaqdır?

- İnanın ki, mən də bilmirəm. Mənim də çoxlu sayda suallarım var. Əslində bu, faktdır. Fakt da budur ki, biz fəaliyyət göstərə bilmirik.

- Deyirsiz ki, həbsdən çıxandan sonra zəng edib sizdən vergi borcunuzu ödəməyi tələb ediblər...

- Tələb ediblər e... Amma ortaya fakt qoymurlar. Mənim qabağıma bir-bir arqumentlər, faktlar qoymalıdılar, mən də onlara bir-bir cavab verməliyəm. Boşluq yarananda da soruşmalıdılar ki, burda boşluq var, bunun izahatı necədir? Axı bizdə bu prosedur yox idi. Hər zaman sualları olub, biz də ona cavab vermişik. Qayda budur. Sualın cavabı qane etməyəndə isə təkrar araşdırma aparılıb. Amma bu dəfə bu, bizim aramızda olmayıb. Bu ilin may ayında 2016-cı il üçün bizə 3 min manat vergi cəriməsi yazdılar. Biz də onlara dedik ki, sənədimiz var, borcumuz yoxdur. Bizə dedilər ki, onlara baxmağa vaxtımız yoxdur. Nazirə məktub yazdıq. Başqa bir departament yenidən araşdırdı və məlum oldu ki, bizim 3 min-5 min, heç bir borcumuz yoxdur. İndi yenidən götürüb 9 min manat borc yazırlar. Kimsə başa düşə bilərmi ki, nə baş verir?

- Mehman bəy, bəlkə sizinlə bağlı “yuxarı”da konkret qərar verilməyib? Yəni azadlığa çıxmanız barədə qərar verilib, amma bundan sonrakı fəaliyyətiniz...

- Bilmirəm, bu, onların problemidir. Kim nə qərar verir, vermir. İstəyirlər, gedim təzədən türmədə oturum. Mənim üçün problem deyil, başa düşürsüz? Onlar özləri üçün aydınlaşdırsınlar ki, nə istəyirlər. Zəhmət olmasa, bunu da cəmiyyətə açıqlasınlar, hamı da bilsin.

- Bu arada kollektiviniz nə edir? Dağılıblar, yeni iş yeri tapıblar, ya “Turan”ın açılacağı günü gözləyirlər?

- Dağılmayıb. Amma onlar da nə baş verdiyini bilmirlər. Oturub gözləyirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar