Məhkəmə vitse-admiralın işi ilə bağlı qərarı elan edib

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin barəsində olan hökmdən Hərbi Prokurorluğun apellyasiya protestinin verilməsinin müddətinin bərpası ilə bağlı vəsatətə baxılıb.

"Report"un əldə etdiyi məlumata görə, məhkəmə vəsatəti təmin edib.

Bakı Apellyasiya Məhkəməsində həm təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə, həm də Hərbi Prokurorluğun apellyasiya protestinə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ş.Sultanov və digər şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Nəsimi rayon Məhkəməsinin inzibati binasında, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Bundan başqa, Kazım Əsgərova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qalib Hacıyev 2 il sınaq müddəti təyin etməklə 5 il şərti cəza verilib.

Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırovun barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxslərə də şərti cəza verilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində, hakim Elşad Şamayevin sədrliyi ilə keçirlən prosesdə Bakı Hərbi Məhkəmədən müraciət daxil olduğu elan olunub. Hakim bildirib ki, Hərbi Prokurorluq birinci instansiya məhkəməsinin çıxardığı hökmdən apellyasiya protesti verib və müddətin bərpası üçün işin yenidən birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib. Qərara əsasən, iş yenidən Bakı Hərbi məhkəməsinə qaytarılıb. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar