BAKIDA MƏKTƏBDƏ AKSİYA KEÇİRİLİB - Saxlanılan var (VİDEO)

Polislər direktor müavini Kəmalə Bədəlovanı saxlayıb

Bakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı məktəb) təhsil alan şagirdlərin valideynləri məktəb direktorunun işdən çıxarılmasına etiraz əlaməti olaraq, aksiya keçirirlər.

Valideynlər APA-ya bildiriblər ki, bu gün səhər onlar məktəbin qarşısında toplaşıblar. Onlar təhsil müəssisəsindən Təhsil Nazirliyinədək yürüş edəcəklərini deyiblər.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə APA-ya bildirilib ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır. İdarədən qeyd olunub ki, direktor hazırda fəaliyyətdədir: "Bu şayiələr məqsədli şəkildə yayılır. Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir. Onu hazırda direktorun təlim-tərbiyə işləri üzrə müavini əvəz edir. Məktəbin idarəçiliyində heç bir problem yoxdur, valideynlərin təşvişi əsassızdır”.

Bakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı məktəb) təhsil alan şagirdlərin valideynlərinin aksiyası davam edir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, valideynlər məktəbin qarşısında toplaşıblar.

Valideynlər APA-ya bildiriblər ki, iki gündür ki, kompleksin direktoru Qafar Hüseynovun işdən azad olunmadığı, sadəcə, səhhəti ilə bağlı bülletendə olması barədə yanlış məlumatlar verilir. Əslində Q. Hüseynov səhhəti ilə bağlı hər il müxtəlif zamanlarda bülletendə olub, lakin heç zaman onun yerinə əvəzedici təyin olunmayıb. Bu il isə Q. Hüseynov bülletendə çıxarılıb və onun yerinə Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı əvəzedici təyin olunub. Bu da onu deməyə əsas verir ki, Q. Hüseynov işdən azad olunacaq.

Aksiya iştirakçıları bildiriblər ki, Q. Hüseynov işə qaytarılmasa onlar övladlarını məktəbə buraxmayacaq, başqa məktəblərə keçirəcəklər: “Amma biz istəmirik ki, belə olsun. Təhsil naziri Mikayıl Cabbarov da bu məktəbdə təhsil alıb. Amma iki gündür ki, bizim etirazımıza Təhsil Nazirliyi tərəfindən konkret cavab verilmir”.

Valideynlər onu da bildiriblər ki, kompleksin direktor müavini Kəmalə Bədəlova bu gün əraziyə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Deyilənə görə, direktor müavini aksiyanın təşkilatçısı kimi təqdim olunur.

Bakı Şəhər Təhsil İdarəsinin məktəbə idarəedici kimi təyin olunan əməkdaşı Əfqan İsgəndərov isə deyib ki, iki gündür məktəbdə olan vəziyyətə nəzarət edir. Onun sözlərinə görə, bu günə kimi Q. Hüseynovun vəzifəsindən azad olunması barədə əmr yoxdur, direktor səhhəti ilə bağlı bülletendədir: “Xəstəliklə bağlı bülletenin vaxtı tamam olan kimi direktor yenindən işə qayıdacaq”.

Ə. İsgəndərov məktəbdə davamiyyətin aşağı olması, dərslərin pozulması haqda fikirlərin də düzgün olmadığını açıqlayıb: “Bütün siniflərdə dərs gedir, vəziyyətə nəzarət olunur”.

Hazırda aksiya davam edir. Kompleksin ərazisinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur.

Nərimanov rayon Polis İdarəsindən APA-ya direktor müavini K. Bədəlovanın saxlanması barədə məlumat olmadığını bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar