HƏYATINIZLA RİSK ETMƏYİN! - 64 saylı marşrutun avtobuslarına minməyin

Rəhmətlik Cəfər Cabbarlı bir vaxt ilk yazısını belə adlandırmışdı: «Mövzu özü məni tapdı». Gerçəkdən, bu mövzu da məni «tapdı»...

Ümumiyyətlə, mənim fikrimcə, Bakı şəhərində ən «yöndəmsiz», keyfiyyətsiz, səbatsız-səliqəsiz və «yaramaz-anarxist» marşrut 64 saylısıdır. Hələ lap çoxdan bu marşrutun «xidmət nihilizmi» barədə yazmaq istəmişəm, amma hər dəfə «qələmə tüpürmək» anında özümə «səbr elə» deyib, geri çəkilmişəm. Nədən ki, bu marşrutun «Qarabağ əlilləri» cəmiyyətinə məxsus olduğunu - buradan bir qrup əlilin-veteranın çörək qazandığını eşitmişdim...

Dünən səbr kasam dolub-daşdı - daha dözə bilmədim və bu sətirləri sapa düzmək qərarına gəldim...

Cümə günü (dünən - sentyabrın 22-də) saat 14:35 radələrində Yeni Günəşlidə avtobus dayanacağına gəldim - «Neftçilər» metrostansiyası yaxınlığındakı aptekdən dərman almaq üçün getmək istəyirdim. Dayanacağa enərkən, 64 saylı marşrut üzrə iş başında olan 90 HM 188 dövlət nömrə nişanlı avtobusun dayandığını gördüm. Salona daxil olmaq üçün ayağımı avtobusun pilləkanına qoymuşdum ki, sürücü maşını qəflətən yerindən «tərpətdi». Özümü birtəhər içəri salarkən, o, əyləci elə basdı ki, ətalət üzrə döşəməyə sərildim və təxminən, 1,5-2,0 metr «uçdum», başım-ciynim oturacaqlardan birinin arxasına çırpıldı...

Birtəhər qalxdım və sürücüyə tərəf «Ay zırrama, səni sükan arxasına kim oturdub, sən sürücü yox, çobansan!» - səsləndim! Sürücü kabinəsinə yaxınlaşada nə görsəm yaxşıdır? Sükan arxasında pəzəvəngin biri oturub, əynində nə xüsusi forma, nə də üstünda «kimlik kartı» yoxdur. Elə bil, divara-daşa deyirsən - pəzəvəngdən səs çıxmırdı. Oturacağa «sərilmiş» bu zırramanın görkəmi elə təsəvvür yaradırdı ki, sanki o, ətrafda baş verənlərə reaksiya hissini tamamilə itirib - adətən, narkomanlar, əyyaşlar, bir də psixi xəstələr belə «səbatsız» görkəm alarlar. Bu zırpı məxluq maşını yerindən tərpətməzdən əvvəl qapıları bağlamağı ağlına belə, gətirməmişdi...

«Ayə, düş aşağı, görüm məni niyə öldürürsən?» - deyib, maşından düşdüm və fikirləşdim ki, o da düşəcək. Heyhat, mən maşının qapısından çıxan kimi, zırrama «ayağını qaza qoyub», sürətlə uzaqlaşdı...

Digər avtobusla 64-ün «Neftçilər»-dəki sonuncu dayanacağına gəldim və pəzəvəng «sürücü»nü gözlədim - gəldi, «poza verdi» ki, şəklini çəkim, çəkdim. Onun səbatsız «hırıltısı» hələ də qulaqlarımdan getməyib...

İndi, bu sətirləri yazarkən, fikirləşirəm - ayə, bu pəzəvəngi hansı ağılla avtobusa sürücü götürüblər? Onun avtobus sürmək səlahiyyəti varmı? Ümumiyyətlə, onun sürücülük vəsiqəsi və 64 saylı marşrutda işləmək barədə əmri varmı? Nə üçün onun əynində xüsusi geyim forması və kimlik kartı yoxdur? O, narkoman və ya psix (hətta şizik!) deyil ki? Suallar çoxur, amma elə sadaladıqlarım da kifayət edər ki, araşdırılarkən, pəzəvəngin kimliyi məlum olsun...

Ona görə də yuxarıdakı sualları 64 saylı marşrutun rəhbərliyinə, Bakı Nəqliyyat Agentliyinə və Bakı şəhər Dövlət Yol Polisinə ünvanlayıram - qoy, araşdırsınlar, yoxsa ki, belə pəzəvənglər vəziyyətdən xəbərsiz günahsız insanların başına müsibətlər gətirəcəklər!

İş elə gətirib ki, 64 saylı marşrut hərəkət etdiyi istqamət üzrə inhisarçıdır, istehlakçılara seçim yeri qoymur - heç nəyə məhəl qoymadan, bildiklərini-istədiklərini istehlakçılara diqtə edir. Marşrut üzrə isə gerçək bir «xidmət nihilizmi» hökm sürür...

Bütün bunları nəzərə alaraq, Yeni Günəşliyə getmək istəyən insanlara buradan müraciət edirəm: Həyatınızla risk etməyin - çalışın, 64 saylı marşrutun avtobuslarına minməyin - bu marşrutu boykot edin!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar