Beynəlxalq Bankda “unique” əməliyyatı

Dərc olunub: 23/09/2017 - 12:42

beynelxalq-bank-binaABŞ-da keçirilən 9.89 dollar olan beynəlxalq lotereya bileti Beynəlxalq Bank müştərisinə 16.67 dollara başa gəlib

Azərbaycanda bank xidmətləri ilə bağlı problemlər zaman-zaman mətbuatın gündəminə çıxarılır və müzakirə olunur. “Yeni Müsavat”a daxil olan növbəti şikayət isə vətəndaşlardan birinin Beynəlxalq Bankdan aldığı “Platinium” VİSA kartı ilə xaricdən alış-veriş zamanı nəzərdə tutulandan daha çox məbləğin çıxılmasıdır.
Şikayətçi redaksiyamıza bildirdi ki, bir müddət öncə kartdakı dollar hesabı ilə ABŞ-da keçirilən beynəlxalq lotereya biletini alıb və onun qarşılığında 9.89 dollar ödəyib. Müştəriyə kartdan 9.89 dollar çıxıldığı barədə bildiriş gəlsə də, təkrar yoxlanma zamanı hesabdan 16.67 dolların əksik olduğu aşkara çıxıb. Halbuki şəkildə göründüyü kimi, SMS bildirişdə müştərinin hesabından məhz 9.89 dollar silindiyi göstərilir. Lakin əvvəlki qalıqla son qalığı müqayisə etdikdə, hesabdan 16.67 dollar çıxıldığı görünür. Xaricdən alınan lotereya bileti üçün ödənişin təxminən ikiqat məbləğə başa gəlməsi müştərini haqlı olaraq narahat edir.
Bəs görəsən, məbləğdən əlavə tutulan vəsait hansı əsasla hesabdan çıxarılıb.

İqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir: “Buna görə də sözügedən ödənişdən yalnız 18% dərəcəsi ilə ƏDV tutula bilər. Hər hansı digər haqq tutula bilməz. Məsələn, burada məzənnə məsələsi yoxdur, çünki hesabdakı vəsait də, ödəniş də ABŞ dollarında ifadə olunub”.
Müştəri isə iddia edir ki, çıxılan vəsait lotereya biletinin qiymətinin 18 faizindən daha çoxdur. Təxminən 60-70 faizinə bərabərdir.
Məsələyə aydınlıq gətirmək üçün Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli ilə əlaqə saxladıq. Konkret fakt əsasında məsələni araşdıran mətbuat katibi bildirdi ki, bu cür mərc oyunlarına görə aparılan əməliyyatlar bank terminologiyasında “unique” əməliyyatları adlanır və bu tipli əməliyyatlar, adətən, qumar saytlarında aparılır: “Bu cür saytların riskli olduğunu nəzərə alaraq həmin növ əməliyyatlara banklar tərəfindən əlavə xidmət haqları tətbiq olunur. Azərbaycan Beynəlxalq Bankının mövcud tariflərinə görə, xaricdə və Azərbaycan ərazisində ”Azərikard” MMC tərəfindən xidmət olunmayan ticarət obyektlərində aparılan “unique” əməliyyatlarına görə ödənilən vəsaitin 1.5%-həcmində (minimum 8.50 AZN) komisyon haqqı tutulur. Bankın ödəniş kartları üzrə tarif cədvəli ilə bu bölmədən ətraflı tanış olmaq mümkündür: https://www.ibar.az/site/assets/files/1824/az-1.pdf

Bu açıqlamadan belə məlum olur ki, 9.89 dollarlıq lotereya biletinin alınması üçün şikayətçinin hesabından 9.89 dollar, üstəgəl 8.5 AZN- yəni 5 dollar komisyon haqqı, üstəgəl 18 faiz ƏDV, yəni 1.78 dollar çıxılıb.
Təəccüb və təəssüf doğuran məqam isə komisyon haqqının hesabdan çıxarılması ilə bağlı müştəriyə hər hansı bildirişin verilməməsidir.
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında isə bildirdi ki, əgər belə bir komisyon haqqı tutulursa, bununla bağlı həm müştərinin özünə öncədən informasiya verilməli, həm də ictimaiyyətin bu haqda məlumatı olmalıdır: “Azərbaycanda son 1 ildə Mərkəzi bank və Maliyyə Bazarların Nəzarət Palatası hərəsi öz oyun qaydalarını tətbiq etməyə , banklara nağdlaşdırma ilə bağlı, xaricə pul köçürmə ilə bağlı yeni qaydalar tətbiq etməyə başladılar. Banklar da bundan istifadə edib öz tariflərini təyin edirlər. Bir çox banklarda tariflər bir-birindən fərqlidir. Vahid bir oyun qaydası yoxdur. Xaricdən alış-veriş edənlər, konvertasiya edənlər həm konvertasiya haqqı, həm də bank xərcləri şəklində vəsait ödəməli olurlar. Həm də bu onların məlumatı olmadan hesablarından silinir. Normalda müştəri öncədən bilməlidir ki, onun əməkdaşlıq etdiyi bank hansı qaydalarla valyuta əməliyyatları aparır, hansı qaydalarla köçürmələr edir. Bütün bunlar haqqında öncədən məlumat verilməlidir. Lakin bununla bağlı vahid mövqe yoxdur”.

İqtisadçı vurğulayır ki, hazırki dövrdə elektron ticarət daha çox təşviq olunmalıdır: “Bu şəffaflığı artıran bir amildir, bank köçürmələrinin, ümumilikdə iqtisadiyyatın gün işığına çıxmasına kömək edən bir amildir. Ancaq bu qaydalarla insanları başqa ölkələrin bank sistemindən istifadə etməyə və ya nağd şəkildə köçürmələr etməyə vadar edirlər. Bu doğru yanaşma deyil. Xarici turistlər də Azərbaycanda öz kartları ilə bankomatlardan çıxarış etdikdə hər dəfə bank 1 manat əlavə vəsait tutur.

Mən mərc oyunları ilə bağlı əlavə komisyon haqqı tutulması ilə bağlı bir qanun xatırlamıram. Bu yəqin ki, həmin qurumun daxili qaydalarıdır. Birincisi, əgər bu tətbiq edilirsə, ictimaiyyət bunu bilməlidir. İkincisi də, insanları bu cür onlayn ödəmələrdən çəkindirmək doğru yanaşma deyil. Əgər belə davam etsə, vətəndaşlar xarici ölkələrin banklarında başqa bir hesab açaraq , bu ödənişləri edəcəklər. Bu da yerli bank sisteminə ziyan vuracaq”.


loading...




Fikrinizi bildirin