Lapşinin növbəti yaramazlığı: Azərbaycanı Avropa Məhkəməsinə verir

Dərc olunub: 23/09/2017 - 16:17

83b1e13c67c638c45c3984dda6f05e44Elşən Mustafayev: “O, məhkəməyə şikayət etmək əvəzinə Azərbaycana təşəkkür etməlidir”

Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora getdiyi, sonradan Azərbaycanın ərazi bütövlüyünə qarşı təbliğat apardığı, dövlət sərhədini qanunsuz keçdiyi üçün həbs edilib 3 il azadlıqdan məhrum edilən və sentyabrın 11-də Azərbaycan prezidenti tərəfindən əfv olunan blogger Aleksandr Lapşin Avropa Məhkəməsinə şikayət hazırladığını açıqlayıb.
O, iki gün öncə müsahibəsində bildirib ki, hazırda sənəd toplayır və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək: “Həbsxana mühafizəçiləri mənimlə çox korrekt davranırdı. Adamı tək kamerada 7 ay saxlamaq isə ayrı məsələdir. Bu, qanunsuz və qəddardır. Qanunla bir adamı tək kamerada 21 gündən çox saxlamaq olmaz. Həbsxana rəhbərliyi izah edirdi ki, məni məmurlarla və generallarla bir kameraya salmaq olmaz, çünki çıxanda bundan yaza bilərəm. Quldurlarla isə məni bir kameraya salmaq, ümumiyyətlə, olmaz. Hazırda sənəd toplayıram və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm”.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Lapşinin şikayətini cəfəngiyyat adlandırıb. Deyib ki, həbsdə olduğu müddətdə Lapşini həyat yoldaşı, anası, vətəndaşı olduğu ölkənin səfirliklərinin nümayəndələri bir neçə dəfə ziyarət edib: “Hətta onların istəyi ilə Lapşinin müayinəsinə kənardan həkimin gətirilməsinə də razılıq verilib. Və bu müddət ərzində onunla görüşən heç kəs bloggerin saxlanma şəraitindən, ona qarşı zoakılığın, işgəncənin olmasından bir kəlmə belə danışmayıb”.

Aleksandr Lapşinin açıqlamasından belə məlum olur ki, narazılığı 7 ay təkadamlıq kamerada saxlanmasındandır, buna görə şikayət edəcək. Bəs onun Avropa Məhkəməsinə şikayətinin təmin olunması ölkəmizə hansı zərərləri vura bilər? Azərbaycan bəri başdan hansısa önləyici tədbirlər görməlidirmi?

Image result for Elşən Mustafayev:

Siyasi ekspert Elşən Mustafayev bildirdi ki, Lapşinin Avropa Məhkəməsinə müraciətinin ölkəmiz üçün heç bir təhlükəsi yoxdur. Hətta ortada ciddi, tutarlı faktlar olmasa onun müraciəti Avropa Məhkəməsi tərəfindən qəbul olunmaya bilər: “Onun şikayət üçün göstərdiyi fakt 7 ay təkadamlıq kamerada saxlanmasıdırsa, bu fakt deyil və şikayət üçün hüquqi əsas ola bilməz. Lapşinin Azərbaycanın ərazi bütövlüyünə, Qarabağ konfliktinə münasibətini eyni zamanda həbs olunduğu maddənin spesifikliyini nəzərə alsaq onun təhlükəsizliyi üçün ən uğurlu seçim tək adamlıq kamerada saxlanması olmalı idi. Buna görə Lapşin məhkəməyə şikayət etmək əvəzinə beynəlxalq təşkilatlarda Azərbaycana təşəkkür etməlidir. Beynəlxalq qurumlar da Lapşinin salamat saxlanmasını müsbət qiymətləndirməlidir. Lapşin deyəsən hələ tam anlamayıb ki, onu başqa məhbuslarla eyni kamerada saxlasaydılar nələr ola bilərdi. O, gərək Azərbaycanın müvafiq rəsmi qurumlarına minnətdar olsun, tək saxlanmasaydı başına gələnləri özü də təxmin edə bilməzdi. Əgər onun başına içəridə bir hadisə gəlsəydi o zaman Azərbaycan üçün cavab vermək çətin olardı və problemlər yaranardı. Azərbaycan hökuməti də bunu nəzərə alıb onun salamat saxlanmasının ən optimal yolunu seçmişdi. Odur ki, Lapşinin məhkəməyə müraciətindən narahat olmağa dəyməz, müraciət etsə belə, perspektivi yoxdur”.

E.Mustafayevin vurğuladı ki, əgər Lapşin həqiqətən də Avropa Məhkəməsinə şikayət etsə, orta səviyyəli bir vəkil onun haqsız olduğunu sübut edə bilər. Xüsusi önləyici tədbirlərə lüzum yoxdur. Ekspertin fikrincə, Lapşinin Avropa Məhkəməsinə şikayəti yox, onun sosial şəbəkələr, bloqlar vasitəsilə Azərbaycana qarşı mütəmadi bəyanatlar verməsi təhlükəli ola bilər. Ona görə də bu bəyanatlar mütəmadi izlənməli və bildirilməlidir ki, əgər onun fəaliyyətində Azərbaycanın təhlükəsizliyinə, ərazi bütövlüyünə xələl gətirən, fəaliyyət və ya ifadələr olacaqsa istər Azərbaycanın qanunlarına, istərsə də hamı tərəfindən qəbul olunmuş beynəlxalq normalara görə onunla bağlı müvafiq hüquqi addımlar atıla bilər. Onun bir dəfə belə fəaliyyətə görə həbs olunması ona kifayət qədər dərs olmalı idi.


loading...




Fikrinizi bildirin