"PASPORTUMU YANDIRIB, ÖLKƏNİ TƏRK EDƏRƏM..." - Separatçı məmur meydan oxuyur

Qeyri-qanuni rereferendumu dəstəkləyən İcra Hakimiyyətinin separatçı şöbə müdirindən şok açıqlamalar

"Kürdlər referendum keçirdilər. Bunun nəyi pisdir? Xalq "hə” desəydi də, "Yox” desəydi də, münasibətim elə olacaqdı. Çünki bu silah gücünə olmadı. Demokratik sivil yolla olan hər bir seçkini dəstəkləyirəm. Bunu alqışlamaq lazımdır". Bu fikirləri unikal.org-a açıqlamasında Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev deyib.

İraqda kürd separatizminə dəstək verən Laçın rayonu İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev bildirib ki, hansısa fikirlərinə ona təzyiq olunması yanlışdır: "Bütün dünyanın danışdığını mən Azərbaycanda danışıramsa, niyə mənə belə təzyiq olmalıdır?!

Mən nəyəsə görə kürdlüyümü, soyumu, kökümü inkar etməliyəm? Mən qorxmadan, çəkinmədən Kürdüstanın bayrağını belə qaldıraram başımın üstünə. Bu bayraq mənim fəxrimdir. Necə ki, mən Azərbaycanı sevirəm, Azərbaycanın bayrağını dalğalandırır, vətən üçün ölümə gedirəmsə, bir kürd üçün də gedərəm. Dünyanın bu başından o başına kimi yaşayan kürdlərin uğuru uğrumdu, kədəri kədərim. Necə Azərbaycanı sevirəmsə, kürd kimi də kürdlüyümü sevirəm. Hansı dövlət orqanı mənim mövqeyimi araşdırmaq üçün çağırsa, gedəcəm. Kimin nəyinə lazımdır mənim mövqeyim?! Azəbaycanının daxili işi olmayan məsələdə kimsə məni niyə günahlandırmalıdır?".

Mövqeyinə görə vəzifədən kənarlaşdırılma ehtimalına gəlincə, F.Tanrıverdiyev "Sağ olsun dövlətimiz, sağ olsun rəhbərimiz. Bizə ehtimad göstərib, işləyirik. 5 manat qazanıb balamıza aparırıq. Əgər etimadı doğrultmadımsa, o başqa məsələ. Heç nə deyə bilmərəm. Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm" - deyib.

**********

"Əgər mənə desələr ki, çıx, açıqlama ver, görəcəksiniz ki, mən kimsədən qorxmadan, çəkinmədən o açıqlamanı verəcəm"

Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

“Azərbaycanda söz azadlığıdır, hərə ağzına gələni danışır. Mən də olanı danışmışam. Mənim dediklərim separatçılıq deyil, söz azadlığıdır”.

Bunu isə APA-ya açıqlamasında “Facebook” sosial şəbəkəsində Şimali İraq Kürdüstan Muxtariyyətində müstəqilliklə bağlı referenduma, İraqda kürd separatizminə dəstək verən Laçın rayonu İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev deyib.

“Facebook” sosial şəbəkəsindəki səhifəsində Laçın rayon İcra Hakimiyyətində çalışdığını qeyd edən F. Tanirverdiyev rəsmi şəxs kimi Azərbaycanın milli və dövlət maraqlarına zidd olan separatizmə dəstəklə bağlı mövqeyinə aydınlıq gətirməsi barədə ona sual ünvanlayan APA İnformasiya Agentliyini məhkəməyə verməklə də hədələyib: “Mən rəsmi şəxsəm, siz rəsmi dövlət orqanısınız ki, sizə açıqlama verim? Rəsmi orqanlar çağırar, gedib açıqlama verərəm. Siz Dövlət Təhlükəsizliyi Xidmətisiniz, Daxili İşlər Nazirliyisiniz? Əgər mənə desələr ki, çıx, açıqlama ver, görəcəksiniz ki, mən kimsədən qorxmadan, çəkinmədən o açıqlamanı verəcəm. Məni separatçı kimi görürsünüzsə, gedin, məhkəməyə verin. Mən bunu separatizm kimi görmürəm".

Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar