"PROKURORLARIN UŞAQLARINI TUTDUQ..." - MTN polkovniki

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib.

İlk olaraq çıxışa polkovnik Səlim Məmmədov başlayıb. O deyib ki, ona qarşı düşmənçilik 2008-ci ildən yaranıb: “Həmin vaxt biz bir polis mayorunun oğlu ilə bağlı tədbir keçirdik. Onun ekstaz satması barədə bizdə məlumat var idi. Həmin oğlan və danışdığı şəxslərin telefon nömrələrini dinləməyə qoyduq. Bu xətt zəncirvari olaraq Bakı şəhər prokurorunun oğluna və Əzizbəyov rayonunun keçmiş prokurorunun oğluna gedib çıxdı. Hər şeyi səliqəli şəkildə, qanun çərçivəsində etdik. Axtarışların hamısında şəxsən özüm iştirak etdim. Gəlib gördüm prokurorluq aləmi qatıb bir-birinə ki, sən prokurorların uşaqlarına sataşmısan. Az qalırdı məni xalq düşməni elan etsinlər. Ortada video var idi deyə işi “sındıra” bilmədilər. O uşaqların hərəsinin cibindən 300-350 tabletka çıxdı. Bizim düşmənçiliyimiz də o vaxtdan başladı. Mən də, Akif Çovdarov da, nazirimiz də daim dövlətə xidmət etmişik, bizə qarşı verilən istənilən qərardan asılı olmayaraq dövlətə sadiq qalacağıq. Keçmiş “MTNçi” olmur. Amma bizə qarşı qərəzli davranırlar.

Ermənilərlə işləyib dövlətə xəyanət etməkdə ittiham edilən Rauf Mirqədirovu atasının yasına buraxdılar, amma anam öləndə məni buraxmadılar. Biz sizin uşaqlar üçün çalışıb narkotiklə mübarizə aparırdıq, siz bizimlə nəyin mübarizəsini aparırsız? Biz işləyəndə il ərzində 1 tondan çox narkotik vasitə aşkar edib götürürdük, bizdən sonra isə ilə cəmi 30 kiloqram narkotik tapa biliblər.

Azərbaycan xalqına həqiqət, hakimlərə ədalət, özümə isə bəraət istəyirəm”.

Bundan sonra Orxan Osmanov son söz deməyə başlayıb.

Digər təqsirləndirilən Akif Əliyev də son sözündə günahsız olduğunu deyib. General Çovdarov isə növbəti iclasda son söz deyəcək. Proses oktyabrın 4-də davam etdiriləcək.

***

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Vəkil Şahin Rəfiyevin APA-ya verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Orxan Osmanov və Akif Əliyev son söz deyiblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

A. Çovdarov son söz üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 4-də davam etdiriləcək.

****

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən S.Məmmədov çıxış edib.

O, ittihamları qəbul etmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqsirləndirilən O.Osmanov son sözlə çıxış edir. Həmin şəxs də barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Proses davam etdirilir.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Çovdarovun rütbələrdən, fəxri adlardan məhrum edilməklə 15 il, S. Məmmədovun 12 il, O.Osmanovun 9 il və A.Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı S.Məmmədov, O.Osmanov və A.Əliyevin də rütbələr və fəxri adlardan məhrum olunmasını tələb edib.

Prokuror Dövlət Təhlükəsiliyi Xidmətinin verdiyi mülki iddianın təmin edilməsini istəyib. Bundan başqa, zərəçəkmişlərin mülki iddiasında maddi zərərin vurulmasında məhkəmənin mülahizəsinə buraxmasını bildirib, mənəvi zərərin ödənilməsinin təmin olunmamasını xahiş edib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbs qoyulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar