QƏBUL İMTAHANLARINDA HANSI YENİLİKLƏR OLACAQ? -  Abbaszadə açıqladı

İki ildən sonra buraxılış imtahanları verən XI sinif məzunları yeni növ imtahanlarda iştirak edəcək.APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanları 3 fəndən - Ana dili, Riyaziyyat və Xarici dildən (ingilis, fransız, alman dili) olacaq.

Onun sözlərinə görə, bununla bağlı dünyada olan təcrübələr öyrənilir: “Son 20 il ərzində kütləvi imtahanlarda yalnız qapalı testdən istifadə edilirdi. Son 10 ildə hər bir fənn blokunda 1-2 açıq tipli sualdan başlayaraq, bu il hər bir fəndən 5 olmaqla açıq tipli test suallarından istifadə edilib. Yeni imtahanlarda belə sualların sayı daha da çox olacaq.

Bu suallarla yanaşı, imtahanlarda təkcə açıq tipli suallar yox, müxtəlif yazı işləri, müxtəlif növ tapşırıqlar da tətbiq ediləcək. Amma bunu tətbiq edəndə Azərbaycanın reallığını, təhsil sistemində bunun mümkünlüyünü və praktik olaraq imtahanın təhlükəsizliyinin necə qorumaq lazım olduğunu düşünməliyik.

Yeni tip tapşırıqların tətbiqi ölkədə təhsil sistemində 9 il əvvəl kurrikulum sisteminə keçid, yeni standartların tətbiqi ilə əlaqədardır. Buna əsasən imtahanlar da yeni tapşırıqlara, yeni sistemə əsasən aparılacaq”.

İki ildən sonra ali məktəblərə qəbul imtahanları 2 hissədən ibarət olacaq.  Məleykə Abbaszadə bildirib ki, birinci mərhələdə buraxılış imtahanında aparılan qiymətləndirmə nəticəsində şagirdlərin topladığı ballar ikinci mərhələdə olan fənlərin üzərinə əlavə ediləcək.

Onun sözlərinə görə, ümumi qəbul birinci və ikinci hissənin ümumi nəticələrinə əsasən aparılacaq: “Buraxılış imtahanlarında tətbiq edilən imtahan fənləri elan edilib. Qəbul imtahanlarında fənlərin sayı isə Təhsil Nazirliyi ilə birgə müzakirə edilib və ümumi razılığa gəlinib. Bununla bağlı tam model hazırdır. Sabah Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının iclası keçiriləcək və bu məsələyə baxacaq. Bu iclasda yekun razılıq əldə olunandan sonra ictimaiyyətə təqdim ediləcək”.

Ali məktəblərə qəbul zamanı 700 ballıq sistem saxlanılacaq. Məleykə Abbaszadə bildirib ki, 2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanın birgə nəticəsi götürülsə də, abituriyentlərin qiymətləndirilməsində yekun nəticə 700 bal olacaq.

M. Abbaszadə qeyd edib ki, buraxılış imtahanları və qəbul imtahanlarının vaxtı ilə bağlı indidən fikir söyləmək olmaz: “Hər ilin əvvəlində qəbul imtahanlarının vaxtı ilə bağlı elan verilir. 2 ildən sonra tətbiq ediləcək yeni imtahanların keçiriləcəyi vaxt da 2018-2019-cu tədris ilinin əvvəlində elan ediləcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar