Lütfi Zadə ilə vida mərasimi başlayır - VİDEO (YENİLƏNİB)

Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayır.

"Report" xəbər verir ki, onun cənazəsi "Heydər" məscidindən AMEA-nın Əsas binasına gətirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edəcək.

Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadə fevral ayının 4-ü 1921-ci ildə Bakıda dünyaya gəlib, sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Onun cənazəsi ötən gecə Bakıya gətirilib.

* * *

Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi Bakıya gətirilib. APA-nın məlumatına görə, alimin cənazəsini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Xəbər verildiyi kimi, cənazə Heydər Məscidinə aparılacaq və cənazə namazı qılınacaq.

Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq, Heydər Məscidində görkəmli alimin yas mərasimi də keçiriləcək.

Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.

O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.

Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.

Dünya şöhrətli alimi sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.

[gallery size="full" columns="5" ids="358039,358040,358041,358043,358044"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar