CAHANGİR HACIYEV NİYƏ "KARS"a SALINIB? - Aclıq elan etdi

cahangirAzərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınıb.Bu barədə APA-ya onun vəkili Aqil Layıc məlumat verib.

Vəkil bildirib ki, C. Hacıyev iki gündür, cərimə kamerasında saxlanılır. A. Layıc bildirib ki, C. Hacıyev mətbuatda fikirləri yayıldıqdan sonra cəzalandırılıb.

Vəkil müvəkkili ilə görüşə bilmədiklərini, bununla bağlı lazimi qurumlara müraciət etdiklərini deyib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, hər hansı məhkum daxili nizam-intizam qaydalarını pozursa, cərimə kamerasına salına bilər.

M. Sadıqov bu cür məsələlərin xidmət tərəfindən şərh edilmədiyini bildirib.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci ilin dekabr ayının 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, İ.Hüseynov 7 il 23 gün, M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, A.Sultanov 7 il 6 ay və İ.Abdullayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Abdullayev, M.Cahangirov və A.Sultanova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona şərti cəza verilib. İ.Abdullayev məhkəmə zalından azadlığa buraxılıb. A.Cavadov isə məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, C.Hacıyev və digərlərinin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. Bundan başqa, məhkəmə təqsirləndirilən M.Cahangirovdan tutulmalı olan 1 milyon 200 min manat məbləğində mülki iddianı C.Hacıyevdən tutulması ilə bağlı qərar çıxarıb.

C. Hacıyev barəsində olan qərardan kassasiya şikayəti verib.

Həmin şikayətə oktyabrın 12-də Ali Məhkəmədə baxılacaq.

***

cahangirrr"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev 7 gün müddətinə 13 saylı cəzaçəkmə müəssisəsinin cərimə kamerasına (kars) salınıb. Bu barədə vəkil Fəxrəddin Mehdiyev cəzaçəkmə müəssisəsindəki qeyri-rəsmi mənbələrə istinadla bildirib.

Vəkillər cəzaçəkmə müəssisəsinin rəhbərliyindən və Penitensiar Xidmətdən Hacıyevin taleyi haqqında rəsmi məlumat ala bilmir.

Vəkil hesab edir ki, Hacıyev cərimə kamerasına çərşənbə axşamı axşam saatlarında salınmış ola bilər.

Mehdiyev çərşənbə günü cəzaçəkmə müəssisəsində müvəkkili ilə görüşə bilməyib.

"Mənə dedilər ki, cəzaçəkmə müəssisəsinin rəisi işdə deyil, ona görə icazə vərəqəsi imzalana bilməz. Bu gün (sentyabrın 28-də) həmkarım Aqil Layıcov da eyni səbəblə Cahangir Hacıyevlə görüşə bilməyib. Penitensiar Xidmətdən cəzaçəkmə müəssisəsinin rəisinin işdə olmadığını, buna görə icazə vərəqəsi verilmədiyini bildiriblər. Amma bizdə olan məlumata görə cümə axşamı rəis yerində idi", deyə Mehdiyev bildirib.

Vəkil qeyd edib ki, cəzaçəkmə müəssisəsinin daxilindən sızan məlumata görə, Hacıyev 7 günlük cərimə kamerasına salınıb və buna etiraz əlaməti olaraq orada aclıq elan edib.

Mehdiyev bunun səbəblərini birmənalı olaraq söyləməyə çətinlik çəkib.

Amma vəkilin sözlərinə görə, ilk gündən cəzaçəkmə rəhbərliyi tərəfindən Hacıyevə qarşı "qərəzli münasibət var".

Bu, vəkillərin Hacıyevə çatdırdığı qeydlərin diqqətlə yoxlanmasında, müdafiəçilərin özlərinin üzərində axtarış aparılmasında özünü göstərir, deyə Mehdiyev qeyd edib.

Vəkil Hacıyevin cərimə kamerasınasalınmasının səbəbinin yerli saytlardan birinə qiyabi müsahibəsi ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, həmin müsahibədə Hacıyev hökumətin banklara və sahibkarlığa qarşı siyasətini kəskin tənqid edib, xüsusən maliyyə naziri Samir Şərifovun ünvanına kəskin ifadələr işlədib.

Vəkil Hacıyevin "uzun illər rəhbər vəzifələr tutan ziyalı bir insan olaraq cəzaçəkmə müəssisəsinin daxili nizam-intizamını poza biləcəyinə" şübhə ifadə edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkar edilib. ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə bir sıra filialların keçmiş rəhbərləri də həbs cəzalarına məhkum edilib.

Hacıyev istintaq tərəfindən 80 mln. manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunub, bir halda ki, KİV-in məlumatına görə bankın problemli kreditlərinin məbləği 6 mlrd. manata çatırdı ("Amerikanın səsi").

****

Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyev “kars”a salınıb. Məlumatı Ovqat.com-a onun vəkili Fəxrəddin Mehdiyev verib.

Vəkil bildirib ki, 2 gün əvvəl onun özü, dünən isə digər vəkili Aqil Layıcov 13 saylı cəzaçəkmə müəssisəsinə C.Hacıyevlə görüşə gediblər. Lakin nədənsə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi onların görüşünə icazə verməyib. Daha sonra içəridən alınan məlumatla aydınlaşıb ki, sabiq bankir 7 sutkalıq "karsa" salınıb.

Ehtimala görə, C.Hacıyevin cəzalandırılması ötən həftə ovqat.com saytında yayımlanan müsahibəsi ilə bağlıdır. “Kars”a salınan Cahangir Hacıyevin aclıq aksiyasına başladığı da bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar