Azərbaycan Ərbilə uçuşları dayandırdı

Teyyare AZALBərzani administrasiyası izolyasiya ilə üz-üzə

“İndi biz sanksiyalarımızı tətbiq etməyə başladığımız andan etibarən siz onsuz da ortada qalacaqsınız. Bir qapağı bağladığımız anda hər şey sona çatacaq. Bütün gəlir-məlir hər şey ortadan qalxacaq. Yük maşınları Şimali İraqa işləmədiyi anda bunlar yemək, geyim tapa bilməyəcəklər. Belə bir vəziyyətə düşəcəklər. Niyə? Sanksiya tətbiq etməyə məcburuq”. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendumdan sonra müstəqillik elan edən kürd lideri Məsud Bərzaniyə yönəlik bəyanatında belə deyib.

Bunun ardınca məlumat verilib ki, Türkiyə ilə İraq neft ixracı barədə razılıq əldə ediblər. Razılaşmaya əsasən, bundan sonra Türkiyəyə ixrac edilən neftə görə əsas məsuliyyəti Bağdad üzərinə götürəcək. Qeyd edək ki, bundan öncə Türkiyəyə ixrac edilən neftə görə Ankara danışıqları və əməkdaşlığı əsasən İraq Kürd Muxtariyyəti ilə aparırdı.

Şimali İraqda referendumdan sonra orada hansı ölkələrin biznesinin olduğu məsələsi gündəmə gəlib. Bəlli olub ki, birinci yerdə Türkiyə gəlir. Türkiyənin çoxlu sayda şirkətləri orada işləyir. Bəs azərbaycanlıların da Şimali İraqda biznesi, ora ilə biznes əlaqələri varmı? Varsa, onların durumu necə olacaq?

Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov bildirdi ki, İraqın şimalında əsasən türk şirkətləri fəaliyyət göstərir: “Azərbaycan iş adamlarının da İraqın Şimalına yatırımlar qoyması barədə məlumatlar var. Konkret adları barədə məlumatlar olmasa da, azərbaycanlı iş adamlarının Ərbildə və və digər şəhərlərdə inşaat, qida və digər sektorlara yatırım qoyduqları barədə məlumatlar var. Münaqişə zamanı bütün digər müəssisə və təşkilatlar kimi onlar da ciddi itkilərlə barışmalı olacaqlar. Əlaqələr kəsiləcəyi halda isə onların durumu bir qədər də çətinləşəcək”.

Artıq İraq hökumətinin Ərbilə hava uçuşlarını dayandırmaq çağırışına isə ilk olaraq İran dəstək verib və uçuşları dayandırıb. Dünən isə Azərbaycanın da Bağdadın çağırışını yerinə yetirdiyi xəbəri yayılıb. Qeyd edək ki, Bakıdan Ərbilə, Ərbildən isə Bakıya həftədə bir dəfə uçuş həyata keçirilirdi. AFP xəbər agentliyi Şimali İraqın idarəçiliyində olan Ərbil şəhərinə bütün xarici uçuşların cümə günü başa çatacağını bildirib. Ərbil Hava Limanının direktoru Talar Faiq Saleh açıqlama verərək bildirib ki, bütün xarici uçuşlar sentyabrın 29-u axşam 18:00-dan etibarən başa çatacaq. Misirin “Egyptair”, Livanın “MEA”in şirkəti, “PEGASUS”  da Ərbilə həyata keçirdikləri uçuşları bu gündən dayandıracaqlar.

Image result for Deputat Fazil Mustafa

Deputat Fazil Mustafa bildirib ki, Şimali İraqda keçirilən referenduma Milli Məclis də münasibət bildirməlidir. Çünki bu hadisə Azərbaycana da təsir edə bilən bir hadisədir: “Çünki bu hadisə təkcə Kürdüstanın müstəqilliyi məsələsi deyil, bu, Türkiyənin və Azərbaycanın maraqlarına vurulan zərbədir. Odur ki, biz bu məsələdə öz prinsipial mövqeyimizi bildirməliyik. Bu referendumun nəticələrinin gələcəkdə Azərbaycana xüsusən də Qarabağ məsələsinə təsirləri ola bilər. Biz buna qarşı öz mövqeyimizi ifadə eləməliyik. Diqqət edirsinizsə, o referendumun təsiri altında artıq Azərbaycanın bəzi vətəndaşları da separat əhval-ruhiyyəyə kökləndi.

Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhanə edib, Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq".

Image result for Deputat Vahid Əhmədov

Deputat Vahid Əhmədov isə bildirib ki, Kürdüstandakı referendum Azərbaycan dövləti üçün də yaxşı heç nə vəd etmir: “Bizim də Qarabağ problemimiz var. Biz onsuz da separatizmdən əziyyət çəkirik. Ona görə də bu referendum bizim üçün qəbuledilməzdir. İkincisi də Türkiyə bizim üçün ən önəmli dövlətdir, qardaş ölkədir, onun maraqlarına zidd addımlar həm də bizim maraqlarımıza qarşıdır. Həmçinin orada türkmənlər var, onların vəziyyəti necə olacaq? Biz dövlət olaraq bu referendum dəstəkləməməliyik. Milli Məclisin payız sessiyasının ilk iclasında da digər vacib məsələlər kimi, bu məsələyə də münasibət bildiriləcəyini istisna etmirəm”.

Dünyadan Məsud Bərzaninin İraqın şimalında keçirdiyi müstəqillik referendumuna təpkilər davam etdiyi bir vaxtda terrorçu PKK-dan da fərqli münasibət sərgilənib. PKK-nın liderlərindən olan Duran Kalkan bildirib ki, bu cür referendumlarla kürd probleminin həllini əngəlləmək istəyirlər: “Kürdüstanın digər parçaları işin içində deyil. Bu referendum status müəyyənləşməsinə deyil, Bərzaninin partiyasının iqtisadi-siyasi qazanc əldə edərək iqtidarı əldə saxlamasına hesablanıb”.

İraq Kürdüstanındakı hakim Kürdüstan Demokrat Partiyası (KDP) bir həftə ərzində muxtariyyətin başçısı postuna namizədini müəyyən edəcək. Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu muxtariyyət parlamentində partiya fraksiyasının başçısı Omed Xaşnau deyib.

İraq Kürdüstanının müstəqilliyi haqqında sentyabrın 25-də keçirilən referendum ərəfəsində parlamentə yeni seçkilərlə bərabər muxtariyyətin prezidentinin seçkiləri də təyin edilmişdi. Həmin seçkilər 1 noyabrda keçiriləcək və regiona daxili siyasi böhrandan çıxmağa kömək etməlidir. Parlamentin köhnə tərkibinin səlahiyyətləri artıq bitib, həm də son iki il ərzində partiyalar arasındakı ziddiyyətlərə görə yığılmırdı. Kürdüstanın beş parlament partiyasından ikisi referendumun keçirilməsinə qarşı çıxırdı.

Prezident, KDP-nin lideri Məsud Bərzaninin də səlahiyyət müddəti qurtarıb. Referendum ərəfəsində o, söz verib ki, təzə müddətə namizəd olmayacaq.

Omed Xaşnau həmçinin izah edib ki, partiyalar prezident postuna öz namizədlərini hələ ona görə irəli sürməyiblər ki, siyasi rəqabət yaradıb, seçicilərin diqqətini əsas məsələdən-referendumdan yayındırmaq istəmirdilər.

Onun fikrincə, indi, referendumdan sonra ümid etmək olar ki, bu məsələ həll olunacaq, çünki əsas məqsədə nail olunub və referendum keçirilib.

Bununla belə, fraksiya başçısı bildirib ki, partiyadan kimin namizəd olacağı hələlik məlum deyil(musavat.com).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar