"BU ŞƏXSLƏR MÜSTƏQİL KÜRD DÖVLƏTİNİN YARADILMASINI TƏBLİĞ EDİBLƏR" - Zakir Qaralov

"Bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək erməni qəsbkarları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağa səfər edib. Bununla bağlı məlumat alan Baş Prokurorluq dərhal cinayət işi qaldırıb".

APA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.

Onun sözlərinə görə, həmin şəxslər beynəlxalq axtarışa verilib: "Bu şəxslərin hərəkətləri Türkiyə dövlətinin mövqeyini ifadə etmir. Bu şəxslər əvvəllər də ermənipərəst mövqeləri ilə tanınıb, PKK terror təşkilatını, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edib. Onların içərisində sabiq millət vəkili, yazıçı, teleaparıcı da var. Kim ərazi bütövlüyümüzə hörmətsizlik edəcəksə, barəsində cinayət işi başlanacaq".

Qeyd edək ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar