RUSİYANIN SİRLİ RAKET SINAQLARI - “Qarşılarına məqsəd qoyublar ki, RƏM-i yarıb keçsinlər”

26 sentyabrda Rusiyanın strateji təyinatlı ordusu Qitələrarası Ballistik PC-12M “Topol” raketini sınaqdan keçirib. Raketin buraxılışı “Kapustin Yar” poliqonunda həyata keçirilib. Bu raket “Sarı-Şaqan” adlanan sınaq poliqonundakı hədəfi vurub.

Rusiya müdafiə nazirliyi bildirib ki, raketin buraxılışı perspektiv döyüş təchizatının yoxlanılması üçün həyata keçirilib. Buraxılan həmin raket Raket Əleyhinə Müdafiənin (RƏM) yarıb keçilməsi üçün nəzərdə tutulub. Eksperimentin gedişi zamanı əldə olunan nəticələrdən yeni ballistik texnologiyaların işlənib hazırlanmasında istifadə ediləcək.

Lakin rusların hansı sistemi sınaqdan keçirdikləri bəlli deyil. Moskva “Ali İqtisadiyyat Məktəbi” nəzdindəki “Avropa və beynəlxalq araşdırmalar mərkəzi”nin aparıcı elmi əməkdaşı Vasili Kaşin “The Nasional İnterest”-ə söyləyib: ”Bu hansısa yeni tip döyüş başlıqlarıdır, amma bununla bağlı hər hansı təfərrüat yoxdur. Onlar qarşılarına məqsəd qoyublar ki, yaxın gələcəkdə yarana biləcək istənilən Raket Əleyhinə Müdafiəni yarıb keçsinlər”.

“Rusiya nüvə silahları” layihəsinin direktoru Pavel Podviq “The Nationa İnterest”-ə deyib: ”Biz nələrin baş verdiyi barəsində kifayət qədər məlumatlı deyilik və biz “Topol”un hansı məqsədlər üçün sınaqdan çıxarılmasını deyə bilmərik. Mən raketin başlıq hissəsinin manevr edilməsinin sınaqdan çıxarılması versiyasına şübhəylə yanaşıram. Çox güman ki, bu Raket Əleyhinə Müdafiə və digər vasitələrin yarılıb keçilməsi sınağı olub. Bundan əvvəl keçirilən “Yars” raketləri sınağının nə üçün nəzərdə tutulmasını söyləmək isə, çətindir”.

Kaliforniyadakı “Monterrey beynəlxalq araşdırmalar institutu”nun aparıcı elmi əməkdaşı Nikolay Sokov məsələ ilə əlaqədar söyləyib: “Bəli, bu buraxılış raketin başlıq hissəsinin manevr etdirilməsinin sınağı idi. Amma deməzdim ki, bu hər hansı bir cəhddir. Artıq uzun müddətdir ki, bu istiqamətdə iş aparılır. Raketin baş hissəsinin manevr etdirilməsinin sınaqdan çıxarılması 2004-cü ildə də həyata keçirilib. Mənə qısaca olaraq o bəllidir ki, bu proqram 1980-ci illərin ortasında “Ulduz müharibələri”nə cavab olaraq başlamışdı. Təcrübə nümunələri 1990-1991-ci ildə yaradılmışdı. Bu iş sonradan dayandırıldı. 1997 və ya 1998-ci ildə proqram yenidən bərpa edildi. Döyüş təchizatlı ilk beş sınaq 2004-cü ildə keçirildi və mənə elə gəlir ki, həmin vaxt təcrübə nümunələri əhəmiyyətli dərəcədə yenilənmişdi. Kapustin Yardan Sarı-Şaqan poliqonuna göndərilən sınaq buraxılışıları Raket Əleyhinə Müdafiə komlekslərinin sınağı üçün tipik yerdir. Çünki burada RƏM–lə əlaqədar olan lazımı avadanlıqlar var”.

Podviq deyib: “Mən hesab edirəm ki, bunlar “Yars” üçün nəzərdə tutulmuş döyüş başlıqlarıdır. İlk əvvəl bunlar “Topol M” adlananan raketlər üçün nəzərdə tutulurdu. ”Yars” isə onun sonrakı inkişaf etmiş versiyasıdır. Mən bu başlıq hissəsinin “Topol”, ”Topol M” və “Yars”-da sınaqdan çıxarılması barəsində məlumatlar oxudum. Amma əgər biz indiki halda hazırlanma mərhələsində olan bu başlıqları, gələcəkdə ağır maye yanacaqla işləyən Qitələrarası Ballistik Raketdə görsək, mən buna təəccüblənmərəm”.

Əvvəlki sınaqlar deyəndə Podviq “Yars” raketinin şaxtada bazalaşmış qurğudan 12 sentyabr tarixində həyata keçirilən buraxılışını nəzərdə tutur. Rusların sözlərinə görə, bu buraxılış zamanı “Yars” raketi eksperimental döyüş hissəsi ilə təchiz edilmişdi.

Rusiya müdafiə nazirliyindən “TASS” informasiya agentliyinə bildiriblər: ”Sınaq buraxılışının başlıca məqsədi bir sinifdən olan raket partiyasının etibarlılığını təsdiq etməkdir. Eksperimental başlıq hissələri Kamçatka yarımadasındakı Kura poliqonunda göstərilən rayona çatıb. Hədəflər vurulub və qarşıya qoyulmuş tapşırıq tamamilə yerinə yetirilib”.

Amma burada hansı yeni eksperimental başlıq hissələrindən söhbət getdiyi aydın deyil. Analitiklər yeni başlıq hissələrinın hipersəs uçan aparatları olduğuna əmindirlər. Onlar RƏM üçün nəzərdə tutulan manevr edən başlıq hissələri deyil.

Podviq bu barədə yazıb: ”Biz bunun nə olduğunu bilmirik, lakin əminliklə onu demək olar ki, bunlar manevr edən başlıq hissələri deyillər. Digər tərəfdən isə, əgər bunlar yeni tipli adi başlıq hissələri olsaydı, onda raket buraxılışının eksperimental xarakterli olduğu barəsində məlumat verməzdilər. Beləliklə, bu bizim üçün hələlik müəmmadır”.

Rusiyanın yeni tipli başlıq hissələri ilə eksperiment aparmasında təəccüblü bir şey yoxdur. Kreml hesab edir ki, Rusiyanın önləyici tədbir ala biləcək strateji nüvə gücləri ölkə suverenliyinin təminatçısıdır.

Birləşmiş Ştatlar öz raket əleyhinə müdafiə sistemini təkmilləşdirdiyi bir vaxtda, Moskva istənilən təhlükəyə qarşılıq vermək üçün özünün strateji nüvə güclərinin imkanlarını artırır. Bu isə Rusiyanın ABŞ-la bərabər vəziyyətdə olduğu bir sahədir.

(“The National İnterest”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar