DEPUTATIN OĞLU ADAM VURDU – TƏFƏRRÜAT

Dərc olunub: 04/10/2017 - 12:56

fezail-ibrahimli3Bakının Nəsimi rayonu ərazisində deputat oğlunun piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

“Report” xəbər verir ki, deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Fəzail İbrahimlinin oğlu 1987-ci təvəllüdlü Tural İbrahimli “Jeep Wrangler” markalı “90-BJ-555” dövlət nömrə nişanlı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurullayev Qərib Şakir oğlunu vurub.

Tibb Universitetinin qarşısında baş vermiş hadisə zamanı piyada xəsarət alıb. O, sürücünün köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) çatdırılıb.
Xəstəxananın həkimləri yaralının vəziyyətini ilkin olaraq orta-ağır kimi qiymətləndirib.

Xəsarət almış tələbənin atası Şakir Nurullayev “Report”un əməkdaşı ilə söhbətində oğlu Qərib Nurullayevin orta-ağır dərəcəli xəsarət aldığını təsdiqləyib: “Lakin hadisə piyadanın vurulması ilə olmayıb. Deputat Fəzail İbrahimlinin oğlu Tural İbrahimli yolda yıxılaraq xəsarət almış oğlumu xəstəxanaya çatdırmaqda kömək edib”.

Deputat Fəzail İbrahimli isə “Report”a açıqlamasında oğlunun heç kimi maşınla vurmadığını deyib. O, “Oktyabrın 2-də oğlunuz Tural İbrahimli xəsarət almış tələbəyə yardım edərək onu xəstəxanaya aparıbmı” sualına isə belə cavab verib: “Vurmaq ayrı şeydir, kömək etmək ayrı. Qısa və aydın şəkildə deyirəm ki, mənim oğlu heç bir qəza törətməyib”.
Qeyd edək ki, T.İbrahimli nazirliklərdən birində çalışır.

Xatırladaq ki, ötən gün xəbər hazırlanarkən deputat Fəzail İbrahimli əvəzinə, onun həmkarı Fəzail Ağamalının adı hallandırılıb. “Report” mənbənin verdiyi yanlış informasiyanı dərc etdiyinə görə Ağamalı ailəsindən üzr istəyir.

* * *

Bakının Nəsimi rayonu ərazisində gecə saatlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsində avtomobili Yalçın Fəzail oğlu Ağamalı idarə edib. Bu sözləri axar.az-a Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən bildiriblər. Polis İdarəsindən qəzanı törədən şəxsin millət vəkili Fəzail Ağamalının oğlu olub-olmaması barədə hər hansı bilgiyə malik olmadıqları da qeyd edilib.

1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) isə Axar.az-a bildirilib ki, yaralı Nurullayev Qərib Şakir oğlu hazırda palatadadır və vəziyyəti yaxşıdır: “Onun sağlamlığı üçün heç bir təhlükə yoxdur, müalicəsi davam etdirilir”.

Qeyd edək ki, Nəsimi rayonu ərazisində baş vermiş qəza hadisəsi zamanı 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi “Cip” markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub. Report-un məlumatına görə, qəzanı törədən şəxs millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının oğludur. Ana Vətən Partiyasının mətbuat xidməti isə F.Ağamalının oğlu Yalçının artıq 15 gündür Türkiyədə olduğunu bildirib və məlumatı təkzib edib.

****
36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu “Jeep” markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.Tibb Universitetinin qarşısında baş verən hadisə zamanı piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar.
Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur. /”Report”

“Qardaşımın yolu keçən piyadanı vurması barədə yayılan xəbərlər kökündən yanlışdır. Qardaşım 15 gündən çoxdur ki, ölkədə yoxdur. Ölkədə olmayan biri necə adam vura bilər ki!”.
Bunu Modern.az-a açıqlamasında deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalıyev qardaşı Yalçın Ağamalıyevin piyadanı vurması xəbərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, yalan xəbər yayanlar barədə ölçü götürüləcək.
“Bu cür informasiyanı yayanların kimliyini araşdıracağıq. Nəsimi Rayon Polis bölməsi ilə də əlaqə saxlayacağıq. Yuxarı dairələrdən də yalan xəbər yayılması barədə açıqlama istəyəcəyik”.


loading...




Fikrinizi bildirin