PROKUROR VİTSE - ADMİRALIN HƏBSİNİ TƏLƏB EDİR -  "Məhkəmə Şahin Sultanovun əməlinə düzgün qiymət verməyib” 

Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin apellyasiya şikayəti və prokurorun protesti əsasında məhkəmənin baxış iclası fasilədən sonra davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə çıxış edən Şahin Sultanov deyib ki, ona qarşı irəli sürülən ittihamlarla bağlı heç bir sübut yoxdur: "Burada sırf qisas söhbəti gedir. Məhkəmədə də sübut olundu ki, yazılanlar yalandır. Məhkəmə ədalətli qərar qəbul edib. Yalan yazmaq olar, ancaq arxasında durmaq lazımdır. Absurd şeylər yazıblar. Gördülər ki, gəmi ilə bağlı deyilənlər sübut olunmur, yanacaq məsələsini ortaya atdılar. Burada da bir sübut yoxdur. Mən məhkəmənin ədalətinə inanıram".

Ş. Sultanovun vəkili Emil Bədəlov isə deyib ki, indiyə kimi ilk dəfədir prokurorun 4 ay sonra protest verməsinin şahidi olur. O bildirib ki, ekspertlər ekspertiza keçirməyiblər, yalnız onlara verilən arayış əsasında rəy veriblər.

Proses oktyabrın 26-da davam etdiriləcək.

***

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin apellyasiya şikayəti və prokurorun protesti əsasında məhkəmənin baxış iclası başlayıb.

APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı Anar Məmmədov çıxış edib. Prokuror bildirib ki, birinci instansiya məhkəməsi Şahin Sultanovun əməlinə düzgün qiymət verməyib, ədalətsiz və yüngül cəza təyin edib. Məhkəmənin gəldiyi nəticəni əsassız adlandıran prokuror deyib ki, onun cinayət əməli sübuta yetirilib.

Prokuror bildirib ki, şərti cəza təyin edilməsi cinayətə görə cəzasız qalmağı göstərir, hərbiçilər arasında intizamsızlığa səbəb ola, digərlərini cinayətdən çəkindirməyə bilər. O, Ş. Sultanov barədə olan hökmün ləğvini, ona həbs cəzasının verilməsini, vitse-admiral ali rütbəsinin alınmasını, dəymiş ziyanın onun əmlakına yönəldilməsini istəyib.

Prosesdə fasilə elan edilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub.

Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərova da şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.

Ş. Sultanov apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Prokurorluq isə hökmdən apellyasiya protesti verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar