YAXIN ŞƏRQDƏKİ ALYANSLAR - Səudiyyə Rusiyanın tərəfinə keçir?

Yaxın şərq regionundakı fikir ayrılıqları, təsvir edilənin əksinə olaraq, o dərəcədə də güclü deyil. Məsələyə geosiyasi nöqteyi-nəzərdən baxsaq, onda deyə bilərik ki, Yaxın Şərq və Şimali Afrika müxtəlif düşərgələrə ayrılmış qüvvələrin bir-biriylə mübarizə apardığı region kimi ad çıxarıb.

Hal-hazırda əksər siyasi oyunçular müxtəlif ölkələrlə münasibətlərın qurulması ilə hansısa bir dövlətə hədsiz bağlılıqdan qurtulmaq arasında ehtiyat variant axtarmağa üstünlük verirlər. Səudiyyə Ərəbistanı kralının Moskvaya səfərinə də, məhz bu qəbildən yanaşmaq lazımdır.

Bunun iki başlca səbəbi var. Birincisi, region hədsiz parçalanmış vəziyyətdədir. “Şər oxu”ndan başlamış, “şiə hilalı” kimi ikiyə bölünmələr haqqında yazmayan qalmayıb: sünnülər və şiələr, ərəblər və qeyr-ərəblər, islamçılar və dünyəvi dünya görüşünə malik olanlar, Qərbpərəstlər və anti-Qərbçilər. Bəzi regional dövlətlər öz mənfəətləri naminə bu kartlardan daima istifadə ediblər.

Nə vaxt ki, söhbət konkret məsələlərdən gedir, onda regional liderlərin ümumi maraqlarının və ya düşmənlərinin də olduğunu unutmamaq lazımdır. Amma buna baxmayaraq, hökumətlər və siyasi qruplar müntəzəm şəkildə müvəqqəti əməkdaşlıqlara da üstünlük verirlər.

Belə ki, Türkiyə müxalifət qruplarını dəstəkləməkdən ötrü, ABŞ-la birgə işləyir və eyni zamanda da, amerikanların kürdlərə yardım etməsindən İran kimi dərin narahatlıq duyrur. İsrail özünün bəzi addımlarını İranla və “Müsəlman qardaşları” ilə qarşılıqlı gərgin münasibətlərdə olan ərəb ölkələri ilə razılaşdıraraq atır.

Səudiyyə Ərəbistanın KİV-ləri dinlərarası düşmənçilik bəlağətinə baş vuraraq, İranı istənilən qədər tənqid edə bilər. Lakin sünnü-sələfi ölkəsi sayılan Qətər ilə mübarizə aparan Ər-Riyad, bu il İraqın şiə liderləri ilə əlaqə qurmağa çalışıb. Bəlağət dərin dini ideoloji yönlərə və siyasi özünəməxsusluğa söykənə bilər, ancaq hər halda siyasət daha praqmatik addımların atılmasını tələb edir.

Bu günkü kontekstdə ikinci daha aktual səbəb isə, ABŞ-ın regiondakı gələcək rolunun qeyri-müəyyənliyi üzündən Səudiyyə Ərəbistanı kimi ölkələrin öz alyanslarının əhatə dairəsini genişləndirməyə səy göstərməsidir. Artıq çoxdandır ki, Fars körfəzində belə bir fikir dolaşır ki, Amerikan təhlükəsizlik güclərinin regiondakı iştirakı əvvəl-axır sona çatacaq. Hadisələrin bu cür inkişaf edəcəyi barəsində yayılan fikirlər bəlkə də, vaxtından əvvəl meydana gəlmiş və müəyyən mənada da şişirdilmiş ideyadır, ancaq bunun əsaslı zəmini də var.

Amma belə görünür ki, heç bir dövlət Birləşmiş Ştatları tamamilə əvəzləyə bilməz. İqtisadi cəhətdən mühüm dövlətlər olan Çin və Hindistan da regionda böyük rol oynaya bilər, lakin təhlükəsizlik sferasında onların ABŞ kimi üstünlük əldə etməsi müşkül məsələdir. Çox böyük ehtimalla, region dövlətləri yeganə xarici müttəfiqlə həyata keçirilən iri miqyaslı investisiya strategiyasını, konkret məsələlərin həllinə yönələn əməkdaşlıq münasibətləri ilə əvəzləyəcəklər.

Belə bir vəziyyət onların danışıqlardakı mövqelərini gücləndirir. Əgər hətta, ABŞ regiondakı öz hərbi kontingentini faktiki azaltmaq niyyətində deyilsə, onda müxtəlif məsələlər üzrə daha çox beynəlxalq tərəfdaşlarla iş görmək və ya onlardan öz rəqibləri ilə mübarizədə istifadə etmək, regional dövlətlər üçün məntiqli gediş sayılmalıdır. Bu, özünə dost ölkələrdəki insan haqlarının pozulmasını çox nadir hallarda tənqid edən Rusiya kimi tərəfdaşa da aiddir. Fars körfəzi ölkələri Rusiyanın bu cür davranışlarını ABŞ-a göstərməyi çox sevirlər.

Yeni əlaqələrin tapılması yolundakı bu cür taktiki gedişlər artıq çoxdandır ki, işə salınıb. Putin on il bundan əvvəl Səudiyyə Ərəbistanına səfər edən ilk Rusiya prezidenti olub. Putinin həmin səfərindən bir il öncə, o vaxtkı Səudiiyə kralı Abdulla kral qismində ilk xarici səfərini ABŞ və ya Böyük Britaniyaya deyil, Çin və Hindistana etmişdi. Bununla da o, daha çox inkişaf etməkdə ölan ölkələr arasındakı ticarət və enerji axınının dəyişən xüsusiyyətini göstərirdi.

Səudiyyəlilərin hazırkı gedişləri heç də, o demək deyil ki, Səudiyyə Ərəbistanı rəqib tərəfə keçir. Səudiyyə Ərəbistanı Rusiya ilə energetika və müştərək investisiya layihələri üzrə əməkdaşlıq etməyə hazırlaşır. Bundan başqa, onlar bir sıra silah tədarükü ilə bağlı müqavilələrin imzalanmasını da istisna etmirlər. Hər iki tərəf Suriya ilə bağlı məsələdə fikir ayrılığının yoluna qoyulmasına çalışırlar. Səudiyyə Ərəbistanı ümid edir ki, Rusiyanın Suriya rejimi ilə olan ittifaqı Əsədə İrandan (Səudiyyənin düşməni) tamamilə asılı olmağa imkan vermir. Lakin Səudiyyə Ərəbistanı İranla və ya Qətərlə qarşıdurmada Rusiya hökumətini onun tərəfini tutmağa inandırmağa çəhd göstərməyəcək.

Hər necə olsa da, münasibətlərdəki gərginliyin azalması hər iki tərəfə xeyir verə bilər. Onların hər ikisi müxtəlif səbəblər üzündən Vaşınqtona onun heç də yeganə nüfuzlu oyunçu olmadığını anlatmağa çalışırlar.

(“Chatham House” Beynəlxalq əlaqələr üzrə Kral İnstitutu - Böyük Britaniyanın analitik mərkəzi)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar