ÇİN, 5 YÜNGÜL ADAMLA AMERİKANIN QARŞISINA KEÇİR! – Yaponların səhvini təkrarlamayacaqlar...

Amerikanın iqtisadi-ticarət siyasəti əsas etibarıyla polad istehsalı, benzinlə işləyən avtomobillər və kömür üzərində cəmləşdiyi bir vaxtda, çinlilər öz diqqətlərini elekromobil və günəş panelləri ilə işlərə yönəldiblər.

ABŞ prezidenti gözlərini oturduğu avtomobilin araxa güzgüsünə bərk-bərk zilləyərək, sürət qutusundakı ötürücünü arxaya verib, keçmişə yollanmaq istəyir. Həm də ki, o, bununla bərabər ölkənin tökülmüş vəziyyətdəki köhnə körpülərinə və digər infrastruktur obyektlərinin möhkəmləndirilməsinə milyardlar sərf etməyə ümid bəsləyir. Ancaq Çinin rəhbəri “İpək yolu” ideyasını irəli sürməklə, diqqətlə irəliyə doğru baxır. Bu bir trilyon dollar dəyərində olan dünya miqyaslı layihə ”Bir zolaq, bir yol” şüarı altında 2013-cü ildən işə başlayıb. Həmin layihə əsasında böyük limanların, boru kəmərlərinin, dəmir yollarının, sənaye parklarının tikilməsi nəzərdə tutur.

“İpək yolu” layihəsi Çindən Avropaya qədər 65 ölkəni əhatə edəcək. Pekinin başlıca məqsədi ölkə iqtisadiyyatının artan tələbatını ödəmək üçün, həm faydalı qazıntılar almaq, həm də Çin firmalarının əlinin çatmadığı bazarlara daxil olmaqdır. Bundan başqa, Çin özünə dostlar qazanmaq və işgüzar atmosfer yaratmaqla onların siyasətinə təsir göstərməkdən ötrü xeyli pul xərcləyəcək.

Donald Tramp xəstəlik həddindəki özünəvurğunluğu səbəbindən elə fikirləşir ki, Mar-a-Laqodakı (Florida) görüş zamanı Si Çzinpin ona valeh olub və məhz bundan sonra çinlilər amerikalılara imkan verdi ki, onlara bir qədər dondurulmuş ət satsınlar və nəticədə, Çin BMT-də Şimali Koreyaya qarşı sanksiyalara səs verib. Ancaq bu gün Şimali Koreyaya Çindən göndərilən ərzaq məhsullarına heç bir məhdudiyyət yoxdur.

Çindən Şimali Koreyaya bir əvvəlki ilə görə, keçən il göndərilən qarğıdalı 100 dəfə, buğda isə 11 dəfə artmışdı. Si Çizinpin bunu ona görə edib ki, hakim rejim Amerika ərazisinə gedib çata biləcək nüvə silahının və raketlərin hazırlanmasına pul xərclədiyi bir vaxtda, Şimali Koreya xalqı ac qalmasın.

Bazar iqtisadiyyatı ölkələrinin iqtisadçıları artıq çoxdandır ki, lay-lay çalan bir nəzəriyyəyə üstünlük verirlər. Onlar deyirlər ki, daxili ziddiyyətlərin ağırlığı altındakı mərkəzləşdirilmiş iqtisadiyyat gec və ya tez dağılacaq və bunun bariz mümunəsini Sovet İttifaqı nümayiş etdirib.

Lakin bütün bunların əksinə olaraq, Çin sübut edə bilər ki, repressiv rejim mərkəzi planlaşdırmadan, hərbi gücdən və investisiyalardan istifadə etmək yoluyla, indiki dünyamızın ticarət marşrutları üzərində nəzarət qurub, ölkəni dünya iqtisadiyyatının lider mövqeyinə çıxara bilər.

Gəlin, baxaq görək, o, bunu necə edə bilər.

Birincisi - Çin özünün milli iqtisadi gücünü möhkəmləndirilmək vasitəsi kimi valyuta manipulyasıyasından istifadə edə bilər. İxracın stimullaşdırılması üçün, yuanın məzənnəsinin aşağı salınması kifayətdir. Bundan sonra Pekin ölkədən çıxa biləcək kapitalın qarşısını almaqdan ötrü, yuanın məzənnəsini yenidən qaldıra bilər.

İkincisi - Çin köhnə və səmərəsiz dövlət müəssisələrinə subsidiyalar ayırmaqla və ölkə içərisində yerli malların alınması tələbini qoymaqla, onları dəstəkləyə bilər. Bu addımın atılması ölkədə işsizliyin sayının təhlükəli səviyyələrə yüksəlməsinə imkan verməyəcək. Belə halda rejimə təhlükə yarada biləcək vəziyyət ortadan qalxar və həmçinin də, dövlət məmurlarının səssiz itaəti təmin edilmiş olar.

Üçüncüsü - Çin gələcək inkişafa yol açan sahələrdə hökmran mövqe tutmaq məqsədiylə istənilən vəsaiti xərcləyə bilər. Hal-hazırda Çində “Çində istehsal edilib 2025” devizi adı altında kampaniya həyata keçirilir və bu çərçivədə Pekin aviakosmik sənaye, inteqral sxemlər, biofarmakologiya, süni intellekt kimi sahələrə demək olar ki, məhdudiyyətsiz dotasiyalar ayırır. Artıq ucuz idman geyimləri və futbol köynəkləri istehsalının öncüllük etdiyi dövr keçmişdə qalıb.

Dördüncüsü - Çin lazımi texnologiyaya yiyələnmiş xarici şirkətləri imkan daxilində satın ala bilər. Həm də ki, Çin Leninin – “Kapitalistlər öz iplərini sovetlərə satmağa hazırdılar və hansı ki, bu ipdə biz onları asacağıq” məşhur nəsihətinə uyğun hərəkət edəcəkdir. Əgər hər hansı bir xarici firma çinli tərəfdaşlar ilə öz texnologiyasını bölüşməsə, onda onlar Çin bazarına girməyə icazə ala bilməzlər. Və əksər ABŞ firmaları buna getməyə hazırdılar. Əgər bundan da bir şey çıxmazsa, onda Çin özünə gərəkli olan istənilən intellektual mülkiyyəti oğurlaya bilər və bundan sonra onun ibtidai ulduzları qlobal bazarda hakim mövqeyə yiyələnəcəklər.

Beşincisi - Hər hansı bir ölkənin bu planları pozmaması üçün Çin keçmişdə qarşılaşdığı və həm də ki, dərin aşağılanma duyğusu yaşadığı xarici intervensiyaya məruz qaldığı vəziyyətə bənzər hadisələrin qarşısını ala biləcək gücə malik ordu yaradır. Çin Xalq Respublikası okean donanması qurur və bundan əlavə ümumdünya ticarət həcminin 40%-nin keçdiyi Cənubi-Çin dənizini nəzarətdə saxlamağa imkan verəcək süni adalar tikir.

Bütün bu mühüm tədbirləri həyata keçirəndən və hakim mövqedə bərqərar olandan sonra, Çin Yaponiyanın 7 dekabr 1941-ci ildə (Pyorl-Harbora hücum) etdiyi kimi kobud səhvlərə yol verməyəcək. Pekin Birləşmiş Ştatları aktiv fəaliyyətə keçməyə sövq edəcək təxribatlara əl atmayacaq.

koreya-kim

- Pekin Şimalı Koreya probleminin həllində köməklik göstərəcəyinə Donald Trampı inandıracaq və eyni zamanda da, elə edəcək ki, Kim Çen In rejimi dağılmasın.

- Pekin strateji əhəmiyyət daşımayan ticarət məhsullarında ABŞ-a kiçik güzəştlərə gedəcək.

- Əgər Amerikanın hər hansı bir esminesi Çinin Cənubi-Çin dənizində yaratdığı süni adalara yaxınlaşarsa, onda Pekin buna etiraz səsini ucaladacaq, amma atəş açmayacaq.

Çin rəhbərliyi ona üstünlük verəcək ki, ABŞ əlindəki vasitələrdən istifadə etməklə onların planlarını pozmasın. Bu məqsədlə onlar Amerika prezidentini hədsiz sevinclə və təmtəraqla qarşılayacaqlar ki, Tramp bundan elə nəticə çıxarsın ki, dostlar arasındadır və onlar belə bir mühüm qonağın danışıq aparmaq məharətinə heyran qalıblar. Çox təəssüf ki, Tramp özü-özünü ən qüdrətli təsir vasitəsindən məhrum qoyub. Söhbət Transsakit okean əməkdaşlığından gedir. Amma Tramp Si Çzinpinə deyə bilər ki, əgər Çin iki ölkə arasındakı bugünkü ədalətsiz iqtisadi əlaqələrdə dəyişikliklər aparmasa, o aşağıdakıları edəcək:

- ABŞ Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) üzvü Robert Pittenqerin apardığı kampaniya dəstəklənəcək. Onun apardığı kampaniya Çin firmalarına Amerikanın müasir texnologiya şirkətlərini satın almasını əngəlləməyi nəzərdə tutur. Nümunə üçün deyək ki, belə şirkətlərdən biri “Lattice Semiconductor Corp”-dur. Belə ki, ABŞ hökuməti keçən ay bu firmanın alınması ilə əlaqədar Çinin göndərdiyi ərizəni rədd edib.

- Çinin 800 milyard dollarlıq kapitala malik “Milli Rifah Fondu”nun ABŞ-dakı investisiyalarını artırmasına qadağa qoyulacaq. Elə ediləcək ki, Çin öz ölkəsində Amerikan firmalarına qarşı tətbiq etdiyi məhdudiyyətləri və sərt şərtləri qaldırmayana kimi bu qadağa yerində qalsın.

- 1974-cü ildə qəbul edilmiş ticarət haqqında qanunun 301-ci bölümündə qeyd olunduğu kimi, əgər Amerikan ticarət nümayəndəliyinin apardığı təhqiqat nəticəsində Çinin ABŞ mülkiyyət hüququnu pozması, Amerikan biznesi üçün əngəllər törətməsi və digər bu kimi neqativ hallar aşkarlanarsa, onda prezident lazımı tədbirlər görə bilər. Həm də ki, bunun üçün ona Ümumdünya Ticarət Təşkilatının uzun sürən məhkəmə proseduru gərəkli olmayacaq.

Və ya bütün bunların əksinə, şəxsinə edilən xüsusi diqqətə və onunla münasibətdə olmağın mühümlüyü barəsində Çin tərəfinin söylədiyi təşəxxüslü sözlərə görə, Tramp bəsirətini itirə bilər. Belə ki, onu, ticarətdə problemlərin mövcud olmaması kimi söhbətlər yolundan sapdıraraq, çaşdırar. Belə olan halda o, Si Çzinpinin qəhrəmanı Mao Tzedunun nə vaxtsa Amerika barəsində söylədiyi “Yaşıl rəngə böyanmış köhnə xiyar” fikrini təsdiq etmiş olacaq.

Həm də ki, hal-hazırda bu ölkə “parıltılı və daşqaşlı bəzək-düzəkdən” istifadə etmək yoluyla, müşahidəçilərin diqqətini özünün daha dərinliklərdə gizlənmiş zəifliyi və qüsurlarından yayındırmaq istəyir.

(“The Weekly Standard”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar