ASLAN İSMAYILOVA CİNAYƏT İŞİ AÇILDI! - Polisdə ifadə verib (Yeniləndi)

Aslan-ISMHüquqşünas Aslan İsmayılova cinayət işi açılıb. "AzPolitika"nın məlumatına görə, bu barədə A.İsmayılov "Facebook"da açıqlama paylaşıb. Bildirib ki, ona Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi açılıb:

"Bu dəqiqələrdə Binəqədi rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam”.

Qeyd edək ki, "AzPolitika.info" A.İsmayılov barəsində cinayət işinin açılması haqda hələ 2 həftə öncə məlumat vermişdi. Saytımızın əldə etdiyi məlumatda bildirilirdi ki, Aslan İsmayılov Hafiz Hacıyevə qarşı qaldırdığı iddianın məhkəmə prosesində hakimi təhqir edib. Həmin xəbərdə bildirilirdi: "Vəkil Aslan İsmayılovun Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiasının baxışı zamanı, dünən Binəqədi Rayon Məhkəməsində ciddi insident yaşanıb. “AzPolitika”nın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin icraatında olan bu işlə bağlı dünən qərar elan olunub. Hakim Aslan İsmayılovun iddiasını rədd edib. Elə insident də bundan sonra yaşanıb.

Məlumata görə, hakim Rəşad Əliyev qərarı elan etdikdən sonra A.İsmayılov əsəblərinə hakim ola bilməyib və onu təhqir edib. Hakim ona əhəmiyyət verməyərək zalı tərk etmək istəyən zaman A.İsmayılov onu paltarından tutaraq dartıb. Bu zaman Hafiz Hacıyevin nümayəndəsi araya girib və A.İsmayılovla bir-birini təhqir etməyə başlayıblar. Bundan sonra A.İsmayılov məhkəmə binasını tərk edib.

Lakin axşam 21:00 radələrində hakimin şikayəti əsasında polis Aslan İsmayılovun evinə gəlib və onu Binəqədi Rayon Polis İdarəsinə aparıblar. Gecə gec saatlaradək A.İsmayılovun ifadəsi alınıb. İstisna deyil ki, faktla bağlı cinayət işi açılıb. A.İsmayılovun bu gün də Binəqədi polisinə aparıldığı bildirilir".

Ancaq bir gün sonra A.İsmayılov "Facebook" səhifəsində yazdığı statusunda özünəməxsus həyasızlıqla bu məlumatı təkzib etmiş,  "bəzi reket saytların" onun barəsində “qara piar” apardığını, həkimi təhqir etmədiyini, məhkəmədə heç bir insident yaşanmadığını bildirmişdi. Sitat:

"İşə baxış saat 9.00-a təyin olunmuşdu. Saat 9.25-də hakimin İlkin adlı köməkçisi zala daxil olub bizim gəldiyimizi, qarşı tərəfdən isə heç kimin olmadığını gördükdə şəxsən mənə "indi hakimə deyəcəm, gələcək" deyib çıxdı. Təxminən 20 dəqiqədən sonra hakimin katibi, Teymur adlı birisi gəlib bildirdi ki, artıq işə baxılıb və prosesə gəlmədiyimizdən ərizəm rədd edilib. Nə qədər tələb etsəm də hakim zala gəlib izah vermədi. Məhkəməni bazara çevirmiş sədr də məni qəbul etməkdən imtina etdi. Ondan sonra isə işə, oradan da evə gəlmişəm. Bu vaxta qədər də heç kim məni narahat etməyib" - deyən Asalan İsmayılov, sonda hətta hədələr də yağdırmışdı: "Əminəm ki, baş verən murdarlıqlara görə hamı cavab verəcək". Bu gün isə özü haqqında cinayət işi başlanıldığını, dəfələrlə polis idarəsində olduğunu etiraf edib.

***

Aslan İsmayılov Binəqədi rayon Polis İdarəsində ifadə verib. O, müstəntiqə ifadəsinin fotosurətini "Facebook"da paylaşıb. Hüquqşünas məhkəmədə heç bir xuliqanlıq əməlinə yol vermədiyini yazıb və barəsində cinayət işinin açılmasına görə ədliyyə naziri Fikrət Məmmədovu ittiham edib.

***

Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

"AzPolitika" A.İsmayılova cinayət işinin açılması ilə bağlı Binəqədi rayon prokurorunun qərarının sürətini əldə edib. Onu təqdim edirik:

R.Əliyev

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar