Arif Qaraşovun oğlunun avtomobili piyada vurdu - Qaraşovdan açıqlma (Yenilənib)

Oktyabrın 17-də saat 11:25 radələrində Bakıda daha bir piyada vurulub. Avtosfer.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil yolu keçən piyadanı vurub. Hadisə piyada keçidinin üstündə baş verib.

Bu gün Bakıda yolu keçən piyadanı vuran "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobilin sahibi məlum olub. "AA 707" seriyası Qaraşovlar ailəsinə məxsusdur.

Söhbət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun özünün və ailə üzvlərinin avtomobillərindən gedir. Konkret qəzanı törədən nömrə A. Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur.

Bu şirkət nar istehsalı ilə məşğuldur. Şirkətin ümumi sahəsi 407 hektardan ibarət ilk nar bağı 2009-cu ildə Kürdəmir rayonunun Karrar kəndində salınıb. Şirkətin baş ofisi Bakı şəhər Yasamal rayonunda yerləşdiyindən hadisə elə sözügedən ərazidə baş verib.

Qəza zamanı sükan arxasında olan sürücünün kimliyi isə hələ ki, açıqlanmayıb.

Arif Qaraşov "Qafqazinfo” ya açıqlamasında hadisəyə aydınlıq gətirib.

Bildirib ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub: "Hadisə baş verən səhər saatlarında mən oğlumla Azərbaycan-Belarus biznes forumunda iştirak etmişik. Sözügedən seriyalı maşın həmişə sürücüdə olub. Qəza anı müşahidə kameralarında əks olunub. Və hazırda həmin görüntülər hüquq-mühafizə orqanlarındadır. İşlə bağlı Yasamal RPİ-də tədqiqqat aparılır, araşdırma davam edir”.

Qaraşov deyib ki, qəzanı törədən sürücü qanunla cəzasını alacaq: "Xoşbəxtlikdən ölüm hadisəsi baş verməyib. Piyada gənc xanımdır. O, tibbi yardım alıb, evlərindədir. Allaha şükür heç bir problemi yoxdur. Qəzadan heç kəs sığortalanmayıb. Baş verən hadisəyə görə çox təəssüf edirəm. Sürücünün səhvi üzündən bizə məxsus olan avtomobilin belə qəza törətməsi xoş deyil”.

Yada salaq ki, təkcə bu ilin iyun-avqust aylarında məmur övladları və ya onların yaxın qohumları bir neçə belə qəza törədib.

Qeyd edək ki, Qaraşovun oğlu bir müddət əvvəl "Kapital Bank"ın Nəsimi filialının rəhbəri vəzifəsindən azad olunub, hətta onun ardınca filialın bütün əməkdaşları işdən çıxarılmışdı. Keçmiş məmurun oğlu hazırda öz şəxsi bizneslərini idarə edir. Yeni fəaliyyət növü kimi nar satışı ilə də məşğul olurlar.

Adı dəfələrlə mətbuatda hallanan F.Qaraşov avtomobil həvəskarı kimi tanınır. Onun avtomobil kolleksiyasında xeyli bahalı maşınlar, o cümlədən "Bentley" "Rolls-Royce" və digər markalar yer tutur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar