Tanınmış vəkilidən Ramil Usubova müraciət - "Polis adından sui-istifadə edib"

Tanınmış vəkil Ceyhun Yusifov daxili işlər naziri Ramil Usubova müraciət edib. O, hüquqlarını müdafiə etdiyi şəxslərdən birinə məxsus dövlət qeydiyyat nişanının polis tərəfindən satışa çıxarıldığını bildirib. Vəkilin müraciətini olduğu kimi dərc edirik:

"Hörmətli Ramil müəllim!

Bizə məlumdur ki, avtonəqliyyat vasitələri satıldıqda üzərində olan dövlət qeydiyyat nişanları Azərbaycan Resbublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) təhvil verilir. Yəni dövlət qeydiyyat nişanları avtomaşınla birlikdə qarşı tərəfə satılmır, dövlət qeydiyyat nişanları alqı-satqı predmeti ola bilməz. Yalnız AR DİN BDYPİ-nin ixtiyarı vardır ki, dövlət qeydiyyat nişanlarını hər hansı şəxsin adına rəsmiləşdirsin. Fiziki şəxslər kimliyindən və vəzifəsindən asılı olmayaraq dövlət qeydiyyat nişanlarının alqı-satqısı ilə məşğul ola bilməzlər.

Lakin bir müddət əvvəl tap.az adlı saytda 10-AA-571 və 10-AS-571 dövlət qeydiyyat nişanlarının 37 000 manata satılması barədə elana rast gəldim. Həmin qeydiyyat nişanlarını satan şəxs 050-779-66-39 mobil nömrəli, Tural adlı şəxs kimi qeyd olunmuşdu.

Bundan sonra biz Tural adlı şəxslə əlaqə yaratdıq. Həmin şəxs tap.az saytının faktiki rəhbəridir. Tural adlı şəxs qeyd olunan qeydiyyat nişanlarının ona satması üçün təklif edən şəxslə bütün danışıqlarını qeydə alıb və bizə təqdim edib. Danışıqlardan və Tural ilə əlaqə saxlayan şəxsin mobil nömrəsindən bizə aydın oldu ki, qeydiyyat nişanlarını satan şəxs Şahmar Əhmədovdur. Tural adlı şəxs bizə bildirdi ki, o, qeydiyyat nişanlarını satmaq istəyən şəxsə öz narahatçılığını ifadə edib. Deyib ki, bu nömrələr AA və AS seriyaları olduğundan satılması problem yarada bilər.

Bu zaman  Şahmar Əhmədov Turala heç bir narahatçılığın olmadığını, özünün polis zabiti olmasını bildirib, hətta polis vəsiqəsini və şəxsiyyət vəsiqəsini də təqdim edib. Satış elanının altında rəy yazanlar da də qeyd ediblər ki, bu tip elanlarla qeydiyyat nişanlarının satışı yolverilməzdir. Bu barədə dəfələrlə AR DİN BDYPİ də xəbərdarlıq edib.

Bundan əlavə, Əhmədov Şahmar “Tuning avtosalon Sumqayıt” saytının rəhbərləri ilə də əlaqə yaradıb və 10-AA-571 və 10-AS-571 dövlət qeydiyyat nişanlarını satmaq təklifi onlara da verilib. Həmin şəxslərlə Şahmar Əhmədov arasında 10-AA-571 qeydiyyat nişanının alqı-satqısı ilə bağlı danışıqlar baş verib. Hətta Sumqayıt şəhər sakinləri olan Hüseynzadə Elxan Kamal oğlu və Həmzəliyev Xalid Ağarıza oğlu ilə Əhmədov Şahmar sonuncunun yaşayış evinin yaxınlığında, yəni Bayılda görüşüblər, o,  öz şəxsiyyət vəsiqəsini və polis vəsiqəsini təqdim edib, polis zabiti olmasını onlara da bildirib.

Adları qeyd olunan şəxslər də Şahmar Əhmədovla olan alqı-satqı ilə bağlı danışıqları qeydə almışlar və onun şəxsiyyət vəsiqəsinin şəklini də çəkmişlər. Bundan sonra, adları qeyd olunan sayt rəhbərlərinin maşınının içərisində Əhmədov Şahmar 500 manat beh alıb.

Ancaq sonradan qeydiyyat nişanının AR DİN BDYPİ-də rəsmiləşdirilməsində problem yaranıb. Buna görə də sayt rəhbərləri olan və adları yuxarıda qeyd olunan şəxslər behi geri tələb edib. Lakin Əhmədov Şahmar onlara hədə-qorxu gəlib və özünün polis zabiti olmasından sui-istifadə edərək, onları AR DİN BMCMİ-nə şikayət edəcəyini bildirib. Yalnız 1 ay yarımdan sonra Əhmədov Şahmar aldığı behi geri qaytarmaq məcburiyyətində qalıb.

Bir məqamı da qeyd edək ki, satılan dövlət qeydiyyat nişanlarının məxsus olduğu avtomobillərdən biri  il yarım əvvəl, biri də 4 ay öncə satılıb. Belə olan halda, həmin qeydiyyat nişanları da AR DİN BDYPİ-nə təhvil verilib. Lakin polis zabiti olan Əhmədov Şahmar özünün vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, gəlir əldə etmək üçün həmin qeydiyyat nişanlarını satmaq fikrinə düşüb. Rəsmiləşdirmənin baş verməyəcəyini bilə-bilə vətəndaşları aldatmaqla beh alıb, pullarını ələ keçirib, hətta, sonradan onlara hədə-qorxu gələrək,  narazıçılığa səbəb olub. Bu isə yekunda polis adına ləkə gətirən bir hərəkətdir. Çünki Əhmədov Şahmar ən başda özünün polis olduğunu qarşı tərəfə bildirir. Onun belə hərəkətlərə yol verməsi isə polis adını hörmətdən salır.

Şahmar Əhmədov Neftçala Rayon Polis Şöbəsində polis zabiti kimi fəaliyyət göstərir. Maraqlıdır ki, etdiyim 30-a yaxın şikayət 6 Daxili Təhqiqat İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi olduğu halda, Neftçala Rayon Polis Şöbəsinin İctimai Təhlüsəzlik şöbəsinə göndərilib. Bu nə dərəcədə düzgündür? Bu şəxsin əməlində açıq ictimai təhlükə mövcuddur. 

Neftçala Rayon Polis Şöbəsinin rəisi Vüsal Şəbəndəyev isə bizə hədə-qorxu gəlir. Polisin özünün mübarizə apardığı əməllə polis əməkdaşı məşğul olur.

Odur ki, yuxarıda qeyd olunanlara əsasən Neftçala Rayon Polis Şöbəsində polis zabiti kimi fəaliyyət göstərən  Şahmar Əhmədovun AA və AS seriyalı dövlət qeydiyyat nişanlarını icazəsi olmadığı halda, ictimai təhlükəli əməli qəsdən törədərək, polis adından sui-istifadə etməklə satmağa cəhd etməsinə dair hərəkətlərinə tam, hərtərəfli araşdırmaqla hüquqi qiymət verilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə vəkil Ceyhun Yusivov".

P.S. Müraciətdə yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar