YENİ QƏBUL MODELİNİN BƏZİ ŞƏRTLƏRİ AÇIQLANDI - 4 fəndən maksimum 400 bal...

2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq. APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.

M. Abbaszadə qeyd edib ki, abituriyentlər qəbul imtahanında 4 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.

Yeni imtahan modelinə əsasən abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcək. Lakin iki ildən sonra keçiriləcək buraxılış və qəbul imtahanlarının cədvəllərini indidən açıqlamaq mümkün deyil”- Məleykə Abbaszadə deyib.

O bildirib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək.

M. Abbaszadə qeyd edib ki, imtahan cədvəlin 2 ildən sonra necə olacağına indidən demək çətindir: “2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanı cədvəllərini ilin əvvəlində elan edəcəyik".

“Hazırda Dövlət İmtahan Mərkəzində bütün fənlər üzrə elmi-metodiki seminarlar keçirilir. Həmin seminarlarda keçirilmiş imtahanların nəticələri, gələcəkdə qəbul və buraxılış imtahanları ilə bağlı yeni modellə bağlı elmi-metodiki müzakirələr aparılır”- Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, yeni imtahan modeli ilə bağlı Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin yaratdığı müvafiq işçi qruplar mütəmadi birgə iclaslar keçirir.

M. Abbaszadə qeyd edib ki, bu həftənin üçüncü günü ilk belə iclas keçirilib: “Gələn həftə ekspertlər səviyyəsində müxtəlif belə iclaslar aparılacaq. Bu il X sinifdə oxuyan şagirdlər üçün sınaq imtahanlarının keçirilməsi də nəzərdə tutulub. Onlar üçün  sınaq imtahanları yalnız X sinfin proqramı çərçivəsində hazırlanacaq. Yeni imtahan modellərin tətbiqindən əvvəl bir neçə dəfə sınaq və monitorinq imtahanı keçirəcəyik ki, indi X sinifdə oxuyanların hansı səviyyədə olduğunu, onlardan XI sinifdə nəyi soruşa biləcəyimizi və bu suallara hansı səviyyədə hazırlaşdıqlarını müəyyənləşdirək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar